AZ

Xarizmatik şəxsiyyət, fenomenal siyasətçi

Azərbaycançılıq ideyasının təbliği: 


Heydər Əliyev irsi bir məktəbdir, bu irsin daim öyrənilməsi və gələcək nəsillərə çatdırılması bütün dövrlərin çağırışıdır

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 21 il ötdü. Dekabrın 12-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər. Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoyub və Dövlət Himni səsləndirilib. Ümummilli Liderimiz Heydər Əliyev həqiqətən çox böyük şəxsiyyət idi. Siyasi karyerası erkən başlayan, gənc yaşlarından mühüm dövlət vəzifələrində çalışan Ulu Öndər Heydər Əliyev topladığı zəngin təcrübə ilə mükəmməl bir idarəçi kimi yetişmişdi. Yüksək pozitiv keyfiyyətləri sayəsində daha mötəbər mövqelərə yüksəlmiş, Azərbaycana rəhbərlikdən sonra böyük Sovetlər İttifaqının rəhbərlərindən biri olmuşdu. Azərbaycana rəhbərlik etdiyi birinci mərhələdə - 1969-cu il və ondan sonrakı illərdə Heydər Əliyev qurucu lider kimi tanınmağa başladı. Sovet İttifaqında mühüm vəzifə postuna qalxarkən Azərbaycanın fəxri, qüruru oldu. Ona görə ki, bir azərbaycanlının nəhəng dövlətdə mühüm vəzifə sahibinə çevrilməsi elə-belə məsələ deyildi. Heydər Əliyev bu etimadı özünün yüksək bacarığı, mükəmməl bioqrafiyası ilə qazanmışdı. Üstəlik, bizim üçün qürurlu idi ona görə ki, Heydər Əliyev burada ölkəsinin mənafeyini hər zaman qorudu. Ölkədə sənayenin, kənd təsərrüfatının inkişafı üçün nəhəng işlərə imza atdı. Ədəbiyyat, sənət, mədəniyyət sahəsi inkişaf etdi. Qarabağ münaqişəsinin Kremlin siyasi mətbəxində hazırlanması prosesinin qarşısının alınmasında o, cəsarəti ilə, vətənpərvərliyi ilə özünü Azərbaycan üçün sipər etdi. Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edəndə doğma xalqının ürəyində özünə əbədi taxt qurdu. Ən böyük gücü dərin, universal biliyində, qətiyyətində, işgüzarlığında, qeyri-adi yaddaşında, tükənməz səbrində, müsahibini təmkinlə dinləmək bacarığında, uzaqgörənliyində, qarşısına qoyduğu məsələni həyata keçirmək qabiliyyətində, müdrikliyində, siyasətçi keyfiyyətlərində, mahir diplomat olmasında, həmsöhbətinə təsir etmək gücünə malik olmasında idi. Dünya tarixi sübut edib ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Belə olmasaydı, xarizmatik şəxsiyyət, fenomenal siyasətçi olan Heydər Əliyev Azərbaycan müstəqilliyini itirmək, daxildən parçalanmaq təhlükəsi yaşayanda, onu siyasi böhrandan, xarici təhlükələrdən xilas edə bilməzdi. Heydər Əliyev Azərbaycanın başı üzərindəki qara buludları dağıtdı. Ölkəni parçalamaq istəyən xarici qüvvələrə yerini göstərdi. Azərbaycanı dəhşətli faciələrdən qorudu və adını tarixin səhifələrinə xilaskar, əsl lider kimi yazdırdı. İnam və etimad onu Azərbaycanın rəhbəri kürsüsünə yenidən qaldırdı. 1993-cü ildə böyük səs çoxluğu ilə Prezident seçildi. Heydər Əliyev ölkədə ilk növbədə ictimai-siyasi sabitliyi bərpa etdi, qeyri-qanuni silahlı dəstələri zərərsizləşdirdi. Separatçı meyillərə son qoyuldu. Təcavüzkar Ermənistanla atəşkəs elan olundu. Sırada Azərbaycanın sosial-iqtisadi inkişafı üçün vacib işlər gəlirdi və təbii ki, bu yöndə də təxirəsalınmadan addımlar atıldı. Heydər Əliyev təkcə daxili siyasətin mahir bilicisi deyildi, Azərbaycanın xarici siyasətinin problemlərini həll etməyi, bu siyasəti necə balanslaşdırmağı da bacarırdı. Ona görə də beynəlxalq təşkilatlar, xarici dövlətlər onun rəhbərliyi dövründə Azərbaycanla daha sıx işləməyə başladılar. Ulu Öndər Heydər Əliyevin siyasi rəhbərliyi dövründə milli maraqlar hər zaman öndə dayandı. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilişi məhz bu böyük insanın iradəsi və qətiyyətli mövqeyinin, uzaqgörənliyinin nəticəsi kimi reallığa çevrildi. "Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirdi. Qısa müddətdə ölkəyə investisiya axınını stimullaşdıran müasir innovativ inkişaf modeli quruldu. Bu model özəl mülkiyyətçiliyə, sahibkarlığa, sərbəst rəqabətə yol açan, liberallığı özündə ehtiva edən və sosialyönümlü mahiyyət daşıyan iqtisadiyyat modeli idi. Sözsüz ki, bazar iqtisadiyyatının, sahibkarlığın inkişafı mütləq şərt idi və bu proses sürətlə start götürdü. Ulu Öndərin dərin məntiqli nitqi, natiqlik məharəti, söz seçmək bacarığı, auditoriya ilə ünsiyyət qurmaq səriştəsi onu dinləyənləri həmişə məftun edirdi. Nitqi dərin və konkret idi, müzakirə olunan məsələni milli mənafe, dövlətçilik mövqeyindən təhlil etməyi ustalıqla bacarırdı. Xalqın iradəsini əks etdirən siyasi kursdan kənara çıxmırdı. 
Heydər Əliyevin milli-mənəvi taleyimiz, gələcəyə doğru inkişafımız üçün yadigar qoyduğu sərvətlərdən biri də azərbaycançılıq ideologiyası idi. Heydər Əliyev müstəqillik dövrünün dövlət ideologiyasını formalaşdırarkən XX əsr ziyalılarının əsərlərində milli ideya kimi türkçülüklə paralel olan azərbaycançılığı yeni tarixi şəraitdə milli dövlətçilik ideologiyası kimi sistemə saldı, ümummilli ideya, dünya azərbaycanlılarının ideologiyası, milli birlik təlimi kimi əsaslandırdı. 

Ulu Öndər Heydər Əliyevin, eyni zamanda milli birlik və sosial sabitliyin təmin olunması üçün də əhəmiyyətli işlər gördüyünü deyən deputat qeyd edib:
 “Ölkədə milli birliyin qorunması və sosial sabitliyin təmin edilməsi məqsədilə atılan bu addımlar olduqca əhəmiyyətlidir. Ümummilli Lider etnik və dini müxtəlifliyi bir arada yaşamağa, milli və dini tolerantlığı qorumağa yönələn sərəncamlar imzalayıb. Azərbaycanın müxtəlif etnik və dini qruplarının birgə yaşayışı, ümumi inkişafı və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərməsi üçün müvafiq tədbirlər həyata keçirilib. Bu tədbirlər ölkədə sülhün və sabitliyin qorunmasına böyük təsir göstərib. Beləliklə, Heydər Əliyevin rəhbərliyik etdiyi Azərbaycan regionun güclü dövlətinə çevrildi. Dahi Liderin Azərbaycanın siyasi və ictimai həyatında təsiri hələ də özünü göstərir, onun irsi Azərbaycanın siyasi və mədəni kimliyində mərkəzi rol oynamaqda davam edir. 

Millət vəkili, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib ki, müstəqilliyimizin dönməz xarakter alması Ulu Öndərin yorulmaz fəaliyyətinin, qətiyyətinin, zəngin idarəçilik təcrübəsinin, ən əsası Azərbaycan dövlətinə, xalqına bağlılığının nəticəsidir. Onun sözlərinə görə, dahi şəxsiyyət Azərbaycanın ən çətin günlərində, 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdığı ilk günlərdə bu əminliyi ifadə etmişdi ki, Azərbaycanın dövlət müstəqilliyi əbədi, sarsılmaz, dönməz olacaq: 
"Ümummilli Lider düşünülmüş və gələcəyə hesablanmış siyasəti nəticəsində müstəqilliyinin bərpasının ilk illərində böyük faciələrlə, təhlükələrlə üz-üzə qalan Azərbaycanı xaosdan, anarxiyadan, iqtisadi böhrandan xilas edərək inkişaf, tərəqqi yoluna çıxardı. Torpaqlarımızın işğalının qarşısı alındı. 1994-cü il mayın 12-də Ermənistanla atəşkəsin əldə edilməsi bütün sahələrdə dayanıqlı inkişafın təmin edilməsində əhəmiyyətli rol oynadı. Həmin il sentyabrın 20-də isə çağdaş tariximizə “Əsrin müqaviləsi” kimi daxil olan neft sazişi imzalandı. Bu saziş Azərbaycanın sabitlik diyarı kimi mövqeyinin möhkəmlənməsində, iqtisadi və siyasi müstəqilliyinin təmin edilməsində əhəmiyyətli rol oynadı. Azərbaycanın qısa müddətdə sabitlik diyarı kimi nüfuz qazanması ölkəmizlə iqtisadi əməkdaşlıqda maraqlı olan dövlətlərin sayının artmasını şərtləndirdi. Bu reallıq daim önə çəkilir ki, müstəqilliyimizin bərpasının ilk illərində ictimai-siyasi durumun gərginliyi Azərbaycanın zəngin iqtisadi potensiala malik olmasına baxmayaraq, ölkəmizlə əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olan dövlətlərin tərəddüdlərinə səbəb olmuşdu. Onlar yatıracaqları investisiyaların təhlükəsizliyinə tam əmin deyildilər. Lakin Ulu Öndər xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra xilaskarlıq missiyasını uğurla yerinə yetirərək Azərbaycanda sabitliyin təmin edilməsini prioritet məsələ kimi qarşıya qoydu. Artıq xarici investorlar yatıracaqları investisiyaların təhlükəsizliyinə tam əmin idilər. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” bunun təsdiqi oldu". 

Parlament üzvü bildirib ki, 44 günlük Vətən müharibəsində qazanılan Zəfər, ötən ilin sentyabrında bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpası Azərbaycanın 1993-cü ildən bu günədək keçdiyi inkişaf yolunun ümumiləşdirilmiş ifadəsi, Ümummilli Liderin İlham Əliyevə etimadının özünü doğrultmasının nümayişidir:
 "Bu gün azad Qarabağda və Şərqi Zəngəzurda aparılan möhtəşəm bərpa və quruculuq işlərinin əsasında Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti, praqmatik strategiyası, milli dövlətçilik konsepsiyası dayanır. Xalqımız Ulu Öndərin xilaskarlıq və quruculuq missiyasını unutmur və bundan sonra da heç zaman unutmayacaq. Azərbaycan var olduqca Ulu Öndər Heydər Əliyevin ideyaları əbədi yaşayacaq. Azərbaycana bu gün hansı tərəfdən baxsaq Ulu Öndər Heydər Əliyevin xidmətlərinin miqyasının genişliyini, zənginliyini görərik. Onun fəaliyyətinin hər bir dövrü, hər bir sahəsi tədqiqat mövzusudur. Ümummilli Liderin xidmətləri ilə bağlı çoxlu sayda kitablar yazılıb və yazılmaqdadır. Ərsəyə gələn hər bir yeni nəşr, eyni zamanda məqalə bu xidmətlərə müxtəlif yanaşmaları ortaya qoysa da, ümumi fikir budur ki, Azərbaycanın bugünkü gerçəklikləri, dünyaya səs salan zəfərləri Heydər Əliyev siyasətinin təntənəsidir. Heydər Əliyev irsi bir məktəbdir, bu irsin daim öyrənilməsi və gələcək nəsillərə çatdırılması bütün dövrlərin tələbi, çağırışıdır".

Seçilən
13
sherg.az

1Mənbələr