Azərbaycan Türkiyə və Avropa İttifaqı ölkələrinə qaz nəqlini artırıb
2024-cü ilin yanvar-noyabr ayları üzrə respublikamızda 26,5 milyon ton neft, 45,8 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 12,1 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”, 25,3 milyard kubmetri “Şahdəniz”, 1,4 milyard kubmetri “Abşeron” yatağı, 7 milyard kubmetri isə SOCAR üzrə hasil olunub. Qaz hasilatı ötən ilin müvafiq dövrünə nisbətən 1,8 milyard kubmetr artıb. Hesabat dövründə xaricə qaz satışı 22,9 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz çoxdur. Mavi yanacağın 11,7 milyard kubmetri Avropaya, 9 milyard kubmetri Türkiyəyə, 2,2 milyard kubmetri isə Gürcüstana nəql edilib. Türkiyəyə TANAP-la bu müddətdə 5,1 milyard kubmetr qaz nəql olunub. Ümumilikdə, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarından indiyədək 167,6 milyard kubmetr qaz ixrac edilib.
12 ölkənin təminatçısı
2024-cü ilin yekununda Azərbaycanın illik qaz ixracının cəmin həcmi 25 milyard kubmetr proqnozlaşdırılır ki, onun da 13 milyard kub.metrinin Avropa İttifaqı (Aİ) ölkələrinə nəql ediləcək. Qeyd edək ki, Azərbaycan dekabrın 1-dən etibarən Avropa İttifaqının (Aİ) daha bir ölkəsinə - Slovakiyaya qazın nəqlinə başlayıb. Belə ki, Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Slovakiyanın ən böyük dövlət enerji təchizatçısı olan “SPP” şirkətinə qaz təchizatına start verilib. Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya, Şimali Makedoniyadan sonra respublikamızın müəllifi olduğu qaz alyansına Slovakiya da qoşulub. Bununla da, enerji tədarükü siyasətini şaxələndirən Azərbaycanın maye yanacaqla təchiz etdiyi ölkələrin sayı 12-yə çatıb.
“Abşeron” yatağı güclü mənbəyə çevrilir
Azərbaycanda qaz hasilatında əsas mənbə olan “Şahdəniz -2” layihəsi üzrə hasilat hər il artır və təkcə bu mənbədən hazırda illik 16 milyard kubmetr qaz istehsal edilir. “Şahdəniz”in əlavə ehtiyatlarından başqa Xəzərdə kəşf edilmiş “Abşeron” və “Ümid” yataqları, “Azəri-Çıraq-Günəşli” yataqlar blokundakı dərin qaz ehtiyatları, olduqca perspektivli “Şəfəq-Asiman”, “Babək”, “Zəfər-Məşəl” və başqa strukturlar da ölkəmizin potensialının artmasında mühüm rol oynamaqdadır. Əsas perspektivli yataqlardan biri olan “Abşeron” yatağında da hasilatın həcmində əhəmiyyətli artımlar müşahidə edilməkdədir. 2024-cü ilin 11 ayında bu yataqdan 1,4 milyard kubmetr qaz hasil edilib ki, bu, əvvəlki illə nisbətdə 2 dəfəyə yaxın artım deməkdir. Bu yataqda 350-360 milyard kubmetr qaz ehtiyatları ehtimal edilir. Digər qiymətləndirmələr bu yatağın ehtiyatlarının 400 milyard kubmetrdən də çox olduğunu deməyə əsas verir. Bu isə təkcə, “Abşeron”un Aİ-yə ən azı 20-25 qaz nəqlində perspektiv mənbə olacağını təsdiqləyir. Yeri gəlmişkən, dünyanın ən nüfuzlu iqtisadi institutlarından biri olan “Fitch Ratings” bir müddət əvvək açıqladığı hesabatda “Abşeron” qaz-kondensat yatağının “Şahdəniz-2”dən sonra Azərbaycanın ən böyük qaz mədəni olduğunu bildirib. Ümumilikdə, “Abşeron” və digər yataqlarda da daxil olmaqla, Azərbaycanın təsdiqlənən qaz ehtiyatları 2,6 trilyon kubmetr fərz edilir.
Türk dövlətlərinin Cənub Qaz Dəhlizinə qoşulması
Hazırda illik 25 milyard kubmetr qaz nəql edən Azərbaycanın yaxın 5 il ərzində hasilatı və ixracı 20 faiz artıraraq ixracın həcmini 30-31 milyard kubmetrə qədər çatdırması proqnozlaşdırılır. Həmin qazın 20 milyard kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu nikbin proqnozlar Qaz İxrac Edən Ölkələrin Forumunun (GECF) bir neçə ay əvvəl açıqladığı hesabatda da öz əksini tapıb. Həmin pronozlara əsasən, Avropanın etibarlı və uzunömürlü qaz təminatı strategiyasında Azərbaycanın rolu daha da artacaq və 2025-2027-ci illərdə ölkəmizin qaz istehsalı və nəqli 40 faiz çoxalacaq. Nəticədə Avropaya qaz nəql edən TAP kəmərinin illik gücü 20 milyard. kubmetri də ötmüş olacaq. Həmçinin, Avropa İttifaqı ölkələrinə Azərbaycanın enerji resursları ilə yanaşı, digər Xəzəryanı ölkələrin də yanacaq ehtiyatlarının cəlb olunmasını nəzərdə tutulur. Hazırda Aİ-nin enerji məsələləri üzrə nümayəndə heyəti ilə digər türk dövlətlərinin - Türkmənistan, Özbəkistan və Qazaxıstanla yanacağın Cənub Qaz Dəhlizinə ötürürülməsi istiqamətində aktiv danışıqlar aparılmaqdadır. Bu isə Cənub Qaz Dəhlizinin daha da genişlənməsini təmin edəcək.
Beləliklə, mövcud istehsal dinamikası və perspektiv yataqlardakı hasilat işlərinin irəliləməsi tamamilə imkan verir ki, Azərbaycan Avropa Komissiyası ilə 2022-ci ildə imzaladığı anlaşmada nəzərdə tutulduğu həcmdə - qazın 2027-ci ilə qədər iki dəfə artırılaraq 20 milyard kubmetrə çatdırılması öhdəliyini təmin edəcək.
E.CƏFƏRLİ