AZ

AİB-nin ölkəmizlə bağlı proqnozları yenə nikbindir

Asiya İnkişaf Bankı (AİB) Qafqaz və Mərkəzi Asiya regionu üçün ÜDM-in artım proqnozunu 2024-cü ildə 0,2 faiz bəndi, 2025-ci ildə isə 0,1 faiz bəndi artırıb. Bu barədə ADB-nin region üzrə proqnozunda bildirilib.

Bank sentyabr proqnozu ilə müqayisədə regionun iqtisadi artım proqnozunu bu il üzrə 4,7 faizdən 4,9 faizə, 2025-ci il üzrə isə 5,2 faizdən 5,3 faizə yüksəldib. Qurum iqtisadi artım proqnozunun yaxşılaşdırılmasını Azərbaycan, Gürcüstan, Tacikistan və Özbəkistanda 2024-cü ilin sentyabrında gözləniləndən yüksək olan güclü iqtisadi artımla əlaqələndirib.

Hesabatda bildirilib ki, qeyri-neft-qaz sektoru hesabına dövlət investisiyaları ilə dəstəklənən sektorlar Azərbaycan iqtisadiyyatının ilin ötən 3 rübündə 4,7 faiz genişlənməsinə imkan yaradıb: “Eyni dövrdə Gürcüstanda ÜDM artımı kredit və əmək haqqı artımı ilə dəstəklənən güclü istehlak, habelə infrastruktura dövlət xərcləri hesabına 9,8 faizə çatıb. Güclü pul köçürmələri və qızıl ixracı ilə Tacikistan iqtisadiyyatı 8,4 faiz böyüyüb. Sabit investisiya artımı ilə Özbəkistan 2024-cü ilin 9 ayında 6,6 faiz artım qeydə alınıb. Ermənistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistan üçün artım proqnozu dəyişməz olaraq qalır”.

Asiya İnkişaf Bankının Qafqaz və Mərkəzi Asiya subregionu üzrə inflyasiya proqozu da nikbindir. Belə ki, qurum 2024-cü il üçün inflyasiya proqnozunu sentyabr proqnozu ilə müqayisədə 6,9 faizdən 6,8 faizə endirib. Bank regionun 2025-ci il üçün inflyasiya proqnozunu isə 6,2 faiz olaraq dəyişməz saxlayıb. Qeyd edilib ki, inflyasiya proqnozunun azaldılması Ermənistan, Gürcüstan, Qırğızıstan və Tacikistanda aşağı inflyasiyanı əks etdirir. Bununla yanaşı, qurum Azərbaycan, Qazaxıstan, Türkmənistan və Özbəkistan üçün inflyasiya proqnozlarında hər hansı dəyişikliyin olmadığını bəyan edib.

Xatırladaq ki, Asiya İnkişaf Bankı cari ilin sentyabr ayında Azərbaycanda orta illik inflyasiya tempini 2024-cü il üçün 2,1 faiz, 2025-ci il üçün isə 3,8 faiz səviyyəsində proqnozlaşdırıb.

 

 

phrase_var_article.chosen
34
xalqqazeti.az

1phrase_var_article.sources