“Vizasız rejimi dayandırmaqla əslində Gürcüstan vətəndaşlarını təhdid edir, onlara qarşı müəyyən tədbirlər görə biləcəkləri ilə qorxudurlar. Bu da müəyyən mənada Avropa İttifaqının siyasətinin alətləşdirilməsidir. Mən 100 faiz əminəm ki, Avropa İttifaqında heç kim oxşar yanaşmanı bölüşməyəcək və Gürcüstan əhalisinin hər hansı formada cəzalandırılması baş verməyəcək”.
Hafta.az-ın yazdığına görə, bu haqda Gürcüstanın xarici işlər naziri Maka Bocorişvili bildirib.
Nazirin qeyd etdiyi kimi, dekabrın 16-da Avropa İttifaqına üzv ölkələr arasında Gürcüstanla bağlı müzakirələr olacaq. Onun izahatına əsasən, qərarların ikitərəfli münasibətlərə ziyan vuracaq formada olacağına dair gözləntisi yoxdur.
“Dekabrın 16-dakı müzakirələri gözləyək. Bilirik ki, bəzi üzv dövlətlər açıq şəkildə kifayət qədər aqressiv mövqelərə malikdirlər və Gürcüstana münasibətdə hətta bunu dilə gətirirlər. Lakin onu da bilirik ki, Avropa İttifaqına üzv ölkələrin böyük hissəsi bu mövqeləri bölüşmür. Odur ki, hadisələrin önünə keçməyək. Avropa İttifaqına üzv ölkələr arasındakı müzakirələri, Brüsseldən eşidəcəyimiz və onun çərçivəsində Brüssellə işləmək məcburiyyətində qalacağımız mesajları gözləyək. Avropa İttifaqına üzv ölkələr arasında fərqli düşünən ölkələr var ki, onlar Gürcüstan hakimiyyətinə münasibətdə daha çox tənqidi mövqe tuturlar. Hərçənd, İttifaqda 27 ölkə var və məsələn, söhbət sanksiya və ya digər cəza tədbirlərindən düşəndə qərarlar yekdilliklə qəbul edilir”, – Maka Bocorişvili deyib.