“Müəllimlərin və bütün pedaqoji peşə sahiblərinin maaşı artırılmalıdır”
Bu sözləri AzEdu.az-a açıqlamasında Əməkdar müəllim, sabiq deputat Sona Əliyeva deyib.
“Durmadan bahalaşma varsa, pedaqoji heyətin bütün sosial çatışmazlıqları aradan qaldırılmalıdır. Müəllimlər ən hörmətli peşə sahibləridirlər. Onlar işdən sonra fəhləlik etməməli, kartof, soğan əkməməlidirlər. Əgər müəllimin maaşı yaxşıdırsa, bu təhsilin keyfiyyətinə də birbaşa öz təsirini göstərəcək. Müəllim öz ehtiyacını qarşılaya bilmədiyi üçün dərsdən sonrakı vaxtını evinə, ailəsinə həsr etmək əvəzinə repetitorluqla məşğul olur.
Doğrudur, dövlət müəllimlərin maaşı, onların sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı mütəmadı addımlar atır. Amma görünür, bu yetərli deyil. Ona görə də "tükənmişlik sindromunun" yaşanması normal haldır. Dövlət, Milli Məclis müəllimlərin sosial durumunun yaxşılaşdırılması ilə bağlı əlavə qanunlar hazırlamalı və qəbul etməlidir. Düşünürəm ki, biz təhsilə ən azı orduya ayrılacaq qədər vəsait ayırmalıyıq. Bizim savadlı insan kapitalına yaxın onilliklərdə daha çox ehtiyacımız olacaq”.