AZ

Dünya siyasətində iz qoymuş şəxsiyyət

Tarixin hər anı öz şəxsiyyətləri və onların fəaliyyətləri ilə yadda qalır. Bir sıra hallarda dahi şəxsiyyətlər öz cahanşümul fəaliyyətləri ilə cərəyan edən proseslərə, ictimai-siyasi hadisələrə təsir göstərərək, tarixin gedişatını dəyişdirməyə belə müvəffəq olurlar. İstər demokratik cəmiyyətlərdə, istərsə də totalitar mahiyyət daşıyan sistemlərdə məhz dahi şəxsiyyətlər öz liderlik keyfiyyətləri ilə önə çıxaraq, zəmanəsinin çətin anlarında xalqın tale yükünü öz çiyinlərinə alır və fədakar fəaliyyətləri sayəsində cəmiyyəti ağır sınaqlardan çıxararaq onu tərəqqiyə doğru aparırlar.

Azərbaycan xalqının bəxti onda gətirib ki, Tanrı onun qismətinə dünyanın ən güclü şəxsiyyətlərindən və dövlət xadimlərindən biri olan Heydər Əliyevi bəxş edib. Heydər Əliyev istər totalitar sovet rejiminin sərt qadağaları çərçivəsində, istərsə də müstəqil Azərbaycan dövlətinin ağır sınaqlarla üzləşdiyi bir şəraitdə millətin lideri kimi ona rəhbərlik yükünü öz üzərinə götürərək, ümummilli lider statusuna və adına layiq olduğunu təsdiq etmiş və xalqın yaddaşında əbədi qalmaq hüququ qazanmışdı.

Hələ sovet Azərbaycanına rəhbərlik etdiyi zaman bir çox xarici tarixçilər, siyasətçilər, analitiklər onun başqa sovet rəhbərlərindən fərqli mübarizliyi, kreativliyi, rejimin mahiyyətindən irəli gələn məhdudiyyətləri dəf edərək qarşıya qoyduğu məqsədlərə necə nail olmağın strategiya və taktikasına malik bir lider olduğunu sezmişlər. Düzdür, o zamanlar hansısa liderin qeyri-adi idarəçilik keyfiyyətləri haqqında açıq danışmaq qəbul edilməsə də, siyasi kuluarlarda onun gələcəyin əsas fiqurlarından biri olacağı haqqında söhbətlər gedirdi. Bir sovet respublikası çərçivəsində xalqın sosial-iqtisadi problemlərini uğurla həll etməsi, korrupsiya, rüşvətxorluq, tayfabazlıq və bu kimi digər qanunsuz əməllərə qarşı mübarizə aparması qısa müddət ərzində öz respublikasını sovet respublikaları arasında öncüllər sırasına çıxarması onun liderlik keyfiyyətlərinin heç də tam olmayan təzahürü idi. Bəziləri Heydər Əliyevin əldə etdiyi müvəffəqiyyətləri sovet rəhbərliyi, xüsusən Brejnev və Andropovla şəxsi yaxınlığı ilə izah etməyə çalışsalar da, əslində, onun liderliyini dolayı yolla da olsa etiraf etməyə məcbur idilər. Yüksək natiqlik qabiliyyəti, siyasi opponentlərlə dil tapmaq bacarığı, hamı ilə söhbətə körpü salmaq məharəti onu bir siyasətçi kimi başqalarından fərqləndirirdi. Heydər Əliyevin Meksikaya, Suriyaya, Vyetnama sovet nümayəndə heyətinin rəhbəri kimi səfərləri, keçirdiyi çoxsaylı görüşləri bu gün də bir çoxlarının yaddaşında silinməz izlər buraxmışdır.

Sovet rəhbərləri arasında o, təkcə tükənməz enerjisi, işgüzarlığı və iş görmək bacarığı ilə deyil, həm də müasir siyasətçilər üçün mühüm əhəmiyyət kəsb edən səliqəli geyimi, təbəssümü, dinləmək və öz fikrini lakonik formada çatdırmaq qabiliyyəti ilə də fərqlənirdi.

1982-ci ildə Heydər Əliyevin Sov.İKP MK Siyasi Bürosunun üzvü seçilməsini bir çox xarici kütləvi informasiya vasitələri və analitikləri, əslində, çox təbii və qanunauyğun bir hadisə kimi qarşıladılar. Dünya siyasi fikrində Brejnev, Andropov və Çernenko kimi qoca və əldən düşmüş liderlər fonunda Heydər Əliyev, doğrudan da, Sovet dövlətinin gələcək rəhbəri kimi nəzərdən keçirilirdi. Lakin sovet sisteminin yazılmamış qanunlarını da onlar yaxşı bilirdilər. Heydər Əliyev kimi bir müsəlman türkünün rəhbərliyə gətirilməsi bu yazılmamış qanunlara meydan oxumaq demək idi. Biz bunu M.Qorbaçov, M.Rıjkov, E.Liqaçov, P.Romanov, M.Qrişin kimi o dövrün ehkamçı liderlərinin Heydər Əliyevə münasibətlərində sezirik. Lakin belə bir ziddiyətli və mürəkkəb siyasi şəraitin yaratdığı məhrumiyyətlərə baxmayaraq Heydər Əliyev yeni vəzifəsində də qeyri-adi keyfiyyətlərini göstərə bilmiş, o vaxt sovet sistemi daxilində ayrı-ayrı sahələrdə həyata keçirilmiş, islahatların təşəbbüskarı və icraçısı olmuşdur. O, təhsil, mədəniyyət, tibb, nəqliyyat və digər sahələrdə mövcud olmuş problemləri açıq şəkildə dilə gətirərək planlı iqtisadiyyatın prinsiplərinə uyğun olaraq bu məsələlərin həllinin konkret yollarını müəyyənləşdirmişdir.

Həmin dövrdə bir sıra dünya kütləvi informasiya vasitələrində Heydər Əliyevin fəaliyyəti təqdir edilir və o, sovet sisteminin ən bacarıqlı rəhbərindən biri kimi qiymətləndirilirdi. Bu isə təbii ki, köhnə təfəkkürlü sovet rəhbərləri arasında çox qısqanclıqla qarşılanırdı.

Heydər Əliyevin sovet rəhbəri kimi fəaliyyətinin müəyyən mərhələsi (1985-1987) M.Qorbaçovun elan etdiyi “yenidənqurma” illərinə təsadüf edir. Heydər Əliyev dəfələrlə özünün də etiraf etdiyi kimi M.Qorbaçovun sovet rəhbərliyinə gətirilməsini, onun yeni siyasi xəttini dəstəkləmiş, müdafiə etmişdir. Yenidənqurmanın ilk illərində Heydər Əliyev bütün bilik və bacarığını “Yeni siyasi təfəkkürün və aşkarlığın” gerçəkləşdirilməsinə sərf etmiş, lakin tezliklə irəli sürülən kursun avantürist mahiyyət kəsb etdiyini, ölkədə və cəmiyyətdə ciddi böhrana gətirib çıxardığını dərk edərək bu siyasətin yanlışlığını açıq ifadə etmişdi. Əvəzində M.Qorbaçov və onun tərəfdarları Heydər Əliyevin bu prinsipial mövqeyini “köhnələrin müqaviməti” kimi cəmiyyətə və dünya ictimaiyyətinə sırıyaraq, onların yeniliklərə qarşı çıxdıqlarını bəhanə gətirərək onu rəhbərlikdən uzaqlaşdırmağa nail oldular.

Yeri gəlmişkən bu işdə, heç şübhəsiz, dünya erməni lobbisi də az rol oynamadı. Məhz Fransada və digər ölkələrdə yaşayan nüfuzlu ermənilər Raisa Qorbaçovanın vasitəsilə M.Qorbaçova təsir göstərərək, Heydər Əliyevi siyasi rəhbərlikdən uzaqlaşdırmağa müvəffəq oldular.

1987-ci ilin oktyabrında Heydər Əliyev istefaya göndərildikdən sonra dünya erməni lobbisinin və sovet rəhbərliyində təmsil olunan ermənilərin əl-qolu açıldı və onlar dərhal Dağlıq Qarabağı Azərbaycandan ayırmaq üçün açıq fəaliyyətə başladılar. Eyni zamanda, dünya ermənilərinin təsiri altında olan M.Qorbaçov və onun ətrafı Heydər Əliyevə qarşı müxtəlif təzyiqlər göstərir, onun fiziki məhvinə çalışırdılar. Belə çətin şəraitdə Heydər Əliyevi labüd ölüm təhlükəsindən onun öz xalqına sevgisi və xalqın rəhbərə olan etimadı xilas etdi.

1991-1992-ci illərdə müstəqillik əldə etmiş Azərbaycanda bəlkə də ən ağır vəziyyət Naxçıvan Muxtar Respublikasında yaranmışdır. Bu qədim türk diyarı Ermənistanın işğalı və real məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir ağır şəraitdə Naxçıvan bölgəsini Heydər Əliyev dühası, dünya səviyyəsində etiraf olunan diplomatik və siyasi qabiliyyəti xilas etdi. Muxtar respublikanın ağır günlərində ona rəhbərliyi öz üzərinə götürmüş Heydər Əliyevin dünya liderləri ilə təmasları, istər Naxçıvanda, istər Bakıda xarici ölkələrin diplomatları ilə keçirdiyi çoxsaylı görüşlər, qonşu Türkiyə Cümhuriyyəti, İran İslam Respublikası ilə yaratdığı qarşılıqlı əlaqələr Ulu öndərin yüksək diplomatik qabiliyyətini üzə çıxardı.

Naxçıvan MR-ə rəhbərlik etdiyi qısa müddət ərzində (təqribən 22 ay) bütün siyasi, diplomatik imkan və vasitələrdən istifadə edərək yerli və xarici müxbirlərə verdiyi çoxsaylı müsahibələrində Azərbaycanın bu kiçik torpağının yaşadığı problemləri bütün dünya ictimaiyyətinə məharətlə çatdırmağa nail olmuşdu. O, Ermənistan rəhbərliyini Naxçıvana təcavüzün elə Ermənistan üçün ağır nəticələrə gətirib çıxaracağını müdrikcəsinə anlatmağa nail olmuşdur.

Beləliklə, Heydər Əliyevin yüksək siyasi, diplomatik keyfiyyətləri bu müqəddəs diyarı real işğal təhlükəsindən xilas etmişdi. Yeri gəlmişkən 1991-1993-cü illərdə nəinki Rusiya, Türkiyə və İranın eləcə də, başqa ölkələrin kütləvi informasiya vasitələrində Heydər Əliyevin Naxçıvana məharətlə rəhbərlik etdiyini , onun çoxşaxəli fəaliyyətinin bu kiçik diyara sığmadığını etiraf edirdilər. Ölkədə baş verən sonrakı proseslər bu fikrin həqiqiliyini bir daha sübuta yetirdi.

1993-cü ilin yayında Azərbaycanda yaranmış siyasi böhran müstəqil dövlətçiliyin süqutu təhlükəsini yaratmışdır. Yenə də bu şəraitdə Azərbaycan xalqı öz dahi xilaskarına müraciət edərək onu köməyə çağırdı. Məhz belə ağır şəraitdə xalqın təkidi ilə hakimiyyətə qayıdan Heydər Əliyev qısa müddət ərzində Azərbaycanda sabitliyi təmin etməyə nail oldu, ölkəmiz qarşısında duran taleyüklü dövlət quruculuğu məsələlərini uğurla həyata keçirdi.

Ümumiyyətlə, 1993-cü ildən sonra Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə göstərdiyi çoxşaxəli fəaliyyət, müstəqil dövlətin xilası üçün atdığı addımlar dünya siyasətşünaslığının mühüm səhifəsini təşkil edir. Heç bir siyasi və hərbi qüvvəyə malik olmayan Heydər Əliyev yalnız və yalnız diplomatik və siyasi istedadı, qeyri-adi rəhbərlik qabiliyyəti, təcrübəsi və müdrikliyi sayəsində öz ölkəsini onu gözləyən təhlükələrdən xilas etdi. Respublikaya rəhbərliyi dövründə Heydər Əliyev dünya siyasətinin və beynəlxalq münasibətlərin ən nüfuzlu nümayəndələrindən birinə çevrildi. O, öz nüfuzu sayəsində dünyanın iri dövlətləri və güc mərkəzlərinin maraqlarını öz ölkəsinin maraqları ilə uzlaşdırmağa müvəffəq oldu, dünya birliyində Azərbaycanla bağlı mövcud olmuş yanlışlıqları aradan qaldıraraq, Azərbaycanı dünyaya tanıtdı. Buna birinci növbədə Heydər Əliyevin dünya siyasətini və beynəlxalq münasibətləri yaxından bilməsi, “dünyanın üzünü” yaxşı tanıması, eyni zamanda dünya liderləri ilə ünsiyyət qurmaq bacarığı sayəsində nail olmuşdu. Təsadüfi deyil ki, 90-cı illərdə dünyanın aparıcı dövlətlərinə rəhbərlik etmiş C.Buş, F.Mitteran, J.Şirak, S.Dəmirəl, Ə.Rəfsəncani və başqaları Ulu öndər haqqında xoş sözlər danışır, onunla tanışlıqdan, söhbət etməkdən məmnun olduqlarını etiraf edirdilər.

Dünyanın aparıcı dövlət rəhbərləri ilə çoxsaylı görüşləri, BMT, ATƏT, AŞ, MDB, İKT və sair beynəlxalq təşkilatların tribunalarından çıxışları zamanı Heydər Əliyev Azərbaycanın başlıca problemi olan Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti və tarixindən bəhs edərək dünya ictimaiyyətini münaqişənin dinc yolla, beynəlxalq hüquq normaları əsasında həllinə çağırırdı. Məhz Heydər Əliyevin dünya miqyaslı fəaliyyəti nəticəsində Azərbaycan həqiqətlərini, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərini dünya ictimaiyyəti daha dərindən dərk etməyə başlamış, bir çox beynəlxalq və regional təşkilatlar ölkəmizin ərazi bütövlüyünü təsdiqləyən bəyanat və sənədlər qəbul etmişlər.

Ulu öndər öz siyasi bacarığı ilə dünyanın ermənipərəst mövqeyini heç zaman gizlətməyən bir sıra liderlərinin mövqelərini dəyişdirməyə, onları Azərbaycanı tam dəstəkləməsələr də Dağlıq Qarabağ münaqişəsində, heç olmasa, neytral mövqe tutmağa vadar etmişdir.

Bu gün Azərbaycanın Qarabağ münaqişəsini birdəfəlik həll etməsi, öz ərazi bütövlüyünü təmin etməsini Heydər Əliyevin həmin illərdə beynəlxalq səviyyədə apardığı gərgin fəaliyyətin nəticəsi kimi də qəbul etmək olar. Hazırda bu dahi insanın öz zəmanəsinin böyük siyasətçisi və diplomatı olması hamı tərəfindən qəbul edilən aksiomdur. Bu baxımdan, zənnimizcə, Heydər Əliyev bəşər tarixinin görkəmli simaları sırasında ön yerlərdən birini tutmağa layiqdir.

2020-ci ildə Azərbaycanın Qarabağ müharibəsində qazandığı hərbi zəfər sonrakı illərdə siyasi və diplomatiya sahəsində əldə etdiyi uğurlar, eyni zamanda, Heydər Əliyevin vaxtında hərbi və müdafiə sahəsində atdığı addımların müdrikliyinin və uzaqgörənliyinin təzahürüdür. Bu həm də onun simasında siyasi liderliyin, diplomatiyanın və sərkərdəliyin sintezinin təcəssümü kimi qeyd oluna bilər. Əslində, dünya tarixi üç keyfiyyəti özündə birləşdirən tək-tək lideri və xadimi bizə nümunə göstərə bilər.

Doğrudur, dünya tarixində Makedoniyalı İskəndər, Əmir Teymur, Çingiz xan və ölkələr fəth etmiş digər sərkərdələr, hökmdarlar da iz qoymuşlar. Amma onların mütləq əksəriyyəti öz uğurlarına silah gücünə, böyük ordular yaratmaqla nail olmuşlar. Heydər Əliyevin fenomenliyi isə ondadır ki, o Azərbaycanı üzləşdiyi bəlalardan yalnız öz siyasi müdrikliyi və diplomatik məharəti sayəsində xilas etmişdir.

Heydər Əliyev dünyanın ən müxtəlif kürsülərindən sülhü və əmin-amanlığı təmin etmək, münaqişələri dinc yolla nizamlamaq haqqında çağırışlar etmiş, bu zaman böyüklüyündən və kiçikliyindən, hərbi gücündən və iqtisadi qüdrətindən asılı olmayaraq, bütün ölkələrin hüquqlarına hörmət edilməsini beynəlxalq gündəliyin əsas vəzifəsi kimi dəfələrlə vurğulamışdır. Bu mənada onun yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciətini təkcə öz xalqına deyil, bütün dünyaya ünvanlanmış qlobal manifest kimi də dəyərləndirmək olar.

Heydər Əliyev dünya şöhrətli siyasətçi kimi təkcə qlobal problemlərlə bağlı çağırışlar etməklə kifayətlənməyərək, bu problemlərin əməli həlli istiqamətində konkret təşəbbüslərlə də çıxış etmişdir. Bu baxımdan dahi liderin “Ümumqafqaz evi”nin yaradılması Qərb və Şərq arasında mədəniyyətlər və sivilizasiyalararası dialoq təşəbbüsləri türk birliyi ideyası və s. bu gün də əhəmiyyətini saxlamaqdadır.

Dünyamiqyaslı siyasətçi bəşəri problemlərin həllini xalqlar arasında təmasların genişlənməsində görür, öz fəaliyyəti ilə bu missiyanı gerçəkləşməsinə çalışırdı. Bu baxımdan onun Azərbaycanın unikal geosiyasi və tarixi mənəvi mövqeyi haqqında mülahizələri ümumbəşəri əhəmiyyət kəsb edir. O, daim Azərbaycanın mədəni və mənəvi dəyərlərinin dünyada tanıdılmasına, eyni zamanda, ümumbəşəri dəyərlərin Azərbaycan xalqı tərəfindən əxz edilməsinə mühüm vəzifə kimi baxırdı. Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə ölkəmizdə keçirilmiş çoxsaylı beynəlxalq tədbirlər məhz bu məramın gerçəkləşməsinə xidmət edirdi. Bu gün ölkə prezidenti İlham Əliyevin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanda keçirilən beynəlxalq səviyyəli müxtəlif mədəni və humanitar forumlar, o cümlədən “Bakı forumu” ölkəmizin bu missiyanı ləyaqətlə yerinə yetirdiyini bir daha təsdiq edir.

Heydər Əliyevi dünya siyasətçisi kimi səciyyələndirən digər mühüm amil onun beynəlxalq iqtisadi münasibətlər sisteminin inkişafı istiqamətində atdığı addımlardır. O, prezidentliyinin ilk günlərindən başlayaraq qarşılıqlı iqtisadi münasibətlərin inkişaf etdirilməsi, dünyanın aparıcı dövlətləri, transmilli şirkətləri ilə əlaqələrin yaradılması, Azərbaycana xarici investisiyaların cəlb edilməsi ilə bağlı genişmiqyaslı təşəbbüs və layihələrin icrasına nail olmuşdur. Bu baxımdan onun ölkəmizin enerji ehtiyatlarının Azərbaycan xalqının mənafeyi naminə istifadə edilməsi üçün gördüyü işlər – “Əsrin müqaviləsi”nin imzalanması, Bakı – Tbilisi – Ceyhan neft kəmərinin çəkilməsi, Azərbaycan neft-qazının dünya bazarına çıxarılması üçün konsorsiumların yaradılması öz mahiyyəti etibarilə milli sərhədləri aşan dünyamiqyaslı beynəlxalq iqtisadi layihələr idi. Əslində, Azərbaycan bu layihələri əməli şəkildə həyata keçirməklə nəinki öz iqtisadi problemlərinin həllinə nail olmuş və iqtisadi təhlükəsizliyini təmin etmiş, həm də özünün əsas problemi olan Dağlıq Qarabağ probleminin həllinin zəminini yaratmışdır.

Ulu öndərin rəhbərliyi altında həyata keçirilmiş bu iqtisadi lahiyələr, eyni zamanda, regional və beynəlxalq təhlükəsizliyin, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm amil olmuşdur. Bunu, bu gün Rusiya – Ukrayna müharibəsi fonunda Avropa liderlərinin Azərbaycanın qitənin enerji təhlükəsizliyində böyük rol oynaması ilə bağlı etirafları təsdiq edir.

Bütün bunlar Heydər Əliyevin ümumdünya iqtisadi fikrinin ən parlaq simalarından biri olmasının təcəssümüdür. Artıq hər kəsə bəllidir ki, bu gün Cənubi Qafqaz bölgəsində heç bir qlobal problem Azərbaycanın iştirakı olmadan öz həllini tapa bilməz.

Azərbaycanın nüfuzu, getdikcə artan iqtisadi və siyasi gücü hamı tərəfindən etiraf olunur. Artıq Azərbaycan bir çox dünya və beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi edir, həm də bu layihələrin həyata keçirilməsinə öz töhfələrini verir. Bu il Azərbaycan dünyanın ən böyük və mühüm tədbirlərindən biri olan COP29-a ev sahibliyi etdi və bu tədbir uğurla reallaşdırıldı. Bu, Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Konfransda qəbul edilmiş qərarlar bəşəriyyətin gələcəyi üçün müstəsna əhəmiyyət daşımaqla yanaşı, Azərbaycanın liderlik qabiliyyətini və beynəlxalq nüfuzunu bir daha dünyaya göstərdi. Eyni zamanda, son vaxtlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavab oldu.

Bütün bunlar Heydər Əliyev siyasi irsinə sadiqliyin, onun siyasi strategiyasının uğurla həyata keçirilməsinin bariz nümunəsidir. Artıq bu strategiya öz əhəmiyyəti və miqyası etibarilə milli çərçivələri aşaraq, ümumbəşəri qlobal mahiyyət daşıyır.

Ədalət QASIMOV,
AMEA Tarix və Etnologiya İnstitutunun Əliyevşünaslıq şöbəsinin müdiri, tarix elmləri doktoru

Seçilən
34
xalqqazeti.az

1Mənbələr