Kanadanın ən böyük əyaləti Ontario şəhərinin meri Duq Ford ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın bütün Kanada mallarına 25 faizlik gömrük rüsumunun tətbiqi planına cavab olaraq ABŞ-a enerji ixracını dayandırmağı düşündüyünü açıqlayıb. Ford digər ştat liderlərini bu təhdidlərə qarşı mübarizəyə hazır olmağa çağırıb.
“İki sahil”in “Haber Global”a istinadən verdiyi məlumatına görə, Ford, baş nazir Castin Trüdo və digər əyalət liderləri ilə görüşdən sonra Tramp administrasiyasının həyata keçirməyə söz verdiyi bu vergilərə qarşı müxtəlif tədbirləri qiymətləndirdiklərini söyləyib.
"Bunun nə qədər uzağa getməsindən asılı olaraq, biz Miçiqan, Nyu York və Viskonsin ştatlarının elektrik enerjisini kəsə bilərik. Mən bunu etmək istəmirəm, amma mənim əsas vəzifəm Ontario, Ontario və ümumilikdə Kanadalıları qorumaqdır", - Ford deyib.
ABŞ-a ixrac edilən Kanada məhsullarının 85-faizinin Ontariodan təmin edildiyinə diqqət çəkən Ford, Trampın planlarının Ontario iqtisadiyyatına dağıdıcı təsir göstərəcəyini ifadə edib.
Başda avtomobil hissələri olmaqla milyardlarla dollarlıq ixracatın təsirlənəcəyini bildirən Ford, “Bu mübarizəyə hazır olmalıyıq. Bu mübarizə mütləq yanvarın 20-də başlayacaq" - deyib.
O, Şimali Amerika iqtisadiyyatlarını inteqrasiya etmək üçün ABŞ ştatlarının qubernatorlarına təzyiq göstərməyin zəruriliyini vurğulayıb.
Fordun enerji ixracını azaltmaq təhlükəsinin nə dərəcədə mümkün olduğu aydın deyil; çünki enerji siyasətləri milli səviyyədə müəyyən edilir.
ABŞ-ın neft idxalının 60 faizini və elektrik enerjisi idxalının böyük hissəsi Kanadanın payına düşür. 2022-ci ildə Kanadanın ABŞ-a elektrik enerjisi ixracından əldə etdiyi gəlir 5,8 milyard Kanada dolları ilə rekord qırdı.
Ontario 13,9 milyon meqavat-saat həcmi ilə Kvebekdən sonra ABŞ-a ikinci ən böyük elektrik enerjisi ixracatçısıdır.
Ford deyib ki, bütün vasitələrdən istifadə edəcəklər: "Biz əlimizdə olan hər vasitədən istifadə edəcəyik. Biz ölkə olaraq susmayacağıq və təslim olmayacağıq. Bu, həqiqətən də kədərlidir; Biz ən yaxın dostlarımız və müttəfiqlərimizlə belə bir vəziyyəti yaşayırıq”.
Xatırladaq ki, ötən ay Donald Tramp Kanada və Meksikadan gələn bütün mal və xidmətlərə 25% rüsum tətbiq edəcəyini və bu vergilərin ABŞ-a qeyri-qanuni giriş və narkotik ticarəti dayandırılana qədər qüvvədə qalacağını açıqlamışdı.
Məhərrəm Ağalaroğlu, “İki sahil”