AZ

Milli varlığımızın misilsiz himayədarı

Müsahibimiz Borçalının tanınmış ziyalısı, filoloq-alim Mahmud Kamaloğludur

Onunla Tbilisidə soydaşlarımızın sıx məskunlaşdığı məhəllədə Ümummilli lider Heydər Əliyevin büstü qoyulmuş parkda görüşdük. Mahmud müəllim bildirdi ki, Ulu öndərin özü kimi, adı və xatirə ünvanlı büstü də bu gün azərbaycanlıları eyni məramda birləşdirir:

– Hər gün yolum buradan keçir və hər dəfə Heydər Əliyevin büstü onünə qoyulan tər gülləri görəndə bu ehtiramın xalqımızın Azərbaycan sevgisi qədər əbədi olacağına bir daha inanıram. Bura Tiflisdə soydaşlarımızın əsrlər boyu məskunlaşdığı tarixi məkandır. Ulu öndərin büstünün burada qoyulması da bu baxımdan rəmzi məna daşıyır və ərazi Heydər Əliyev parkı kimi tanınır. Burada başını qaldırıb hansı səmtə baxsan, ötən tariximizin silinməyən izlərinə şahid olursan. Qafqazın ən qaynar ticarət mərkəzi olmuş “Şeytanbazar”, “Göy məscid”in qalıqları, “Narınqala” səmtində “Cümə məscidi”, 150 illik tarixi olan Tiflis Azərbaycan Teatrı bu ərazidədir. “Nəbatat bağı”nda isə azərbaycanlıların qədim məzarlığı təkcə dünənimiz deyil, həm də şərəf duyduğumuz bir tarixin yadigarlarıdır.

Ulu öndər Heydər Əliyevin Gürcüstandakı zəngin tarixi irsimizə diqqət və qayğısı olmasaydı, bunlar da unudulub məhv edilərdi. Hələ sovet zamanı Moskvadakı və regiondakı nüfuzu ilə Ümummilli lider bu dağıdıcı prosesin qarşısını almışdı. Bu tarixi zənginliyin bu günümüzə gəlib çatması Ulu öndərin keçmişimizə sayğı-sevgisi ilə bağlıdır. Heydər Əliyev sovet rəhbərliyindən gedəndən sonra, Azərbaycanda 2-ci dəfə hakimiyyətə gələnədək Tbilisidə millətçi ünsürlər bir sıra milli abidələrimizi məhv etmişdilər.

– Elə buna görə də dünyada yaşayan soydaşlarımış bu böyük insanı Ümummilli lider kimi qəbul ediblər.

– 50 milyonluq xalqımızın qədim tarixi və sonrakı taleyi həmişə Ulu öndəri ciddi narahat edib. Bu tarixi yadigarların qorunub saxlanılması, eləcə də tanıdılmasının tarixi önəmi var və Ulu öndər bunu və bu dəyərlərə sahib çıxmağın yollarını hamıdan yaxşı bilirdi. Vaxtilə dahi ədiblərimizin əsərlərində, tarixçilərin qeydlərində bu abidələr barədə bizə əhatəli məlumat çatıb. Amma bu zəngin irsin lazımi səviyyədə qorunması mümkün olmayıb. Ötən əsrin 50-ci illərində Metex qalası önündəki karvansaralar, Qafqazın ən gözəl camelərindən olan “Şah Abbas məscidi” Lavrenti Beriyanın əmri ilə dağıdılanda bunun qarşısını almaq mümkün olmayıb.

Tiflisdə salamat qalmış yeganə müsəlman ibadətgahı “Cümə məscidi” XVIII əsrin əvvəllərində osmanlılar dövründə inşa edilib, 3 əsr fəaliyyət göstərib, sonradan dağıdılıb. Şəhərin “Narınqala” səmtində qırmızı kərpicdən tikilmiş məscid iki mehrabı və 2 minbəri olan memarlıq abidəsidir. 1864-cü ildə Hacı Zeynalabdin Tağıyevin təmir etdirdiyi məscid son dəfə Ulu öndərin göstərişi ilə 1998-ci ildə bərpa olunub.

“Şeytanbazar” məhəlləsində əsrlər boyu Azərbaycan mədəni mühiti formalaşmışdır. A.Bakıxanov, M.F.Axundov, M.Ş.Vazeh, F.Köçərli, C.Məmmədquluzadə, Ə.Haqverdiyev, Ü.Hacıbəyli, H.Cavid, A.Şaiq, M.Kirmanşahlı, Ə.Salahlı, M.Mərdanov, Z.Hacıbəyov, M.Şahtaxtlı, İ.İsfahanlı kimi onlarca görkəmli şəxsiyyətin, H.Ərəblinski, S.Ruhulla, E.Sultanov, Ü.Rəcəb, Ö.F.Nemanzadə, H.Minasazov kimi qeyrətli soydaşdaşlarımız bu mühiti sivil axarda zənginləşdirmişlər.

Bu mühitin milli mətbuatımızın və təhsilimizin formalaşmasında və inkişafında da xüsusi yeri olmuşdur. “Ziya”, “Ziyayi Qafqaziyyə”, “Kəşkül”, “Şərqi-Rus”, “Molla Nəsrəddin” milli mətbuatımızın dəyərli nümunələri olmaqla, həm də Tiflis mühitinin yetişdirmələri idi. Milli tariximizi dərindən bilən Heydər Əliyev bütün bunlara yüksək dəyər verir və bu mühitin yadigarlarının qazanıb saxlanmasına çalışırdı. Bu missiya Heydər Əliyevin müstəqil Azərbaycanın Prezidenti olduğu illərdə də yenidən gündəmə gətirildi və dövlət siyasəti səviyəsində həyata keçirildi.

– Ulu öndərin Gürcüstan azərbaycanlıları qarşısında xidmətləri onun həyat və mübarizəsinin taleyüklü yönüdür.

– Əlbəttə, bu işlər o qədər ardıcıl və böyük olub ki, onları görməmək və dəyərləndirməmək mümkün deyil. Heydər Əliyevin bu missiyası da xalqın məhəbbəti oldu. Ulu öndərin Gürcüstan azərbaycanlıları qarşısında xidmətləri unudulası tarix deyil. Bu onun hakimiyyətinin həm 1-ci, həm də 2-ci dövründə özünü birmənalı təsdiqləyib. Hələ sovetlər dövründə Azərbaycan KP MK-nın 1-ci katibi olanda Heydər Əliyev Gürcüstanda yaşayan azərbaycanlılar haqqında daim düşünüb, onlara hər cür diqqət və qayğı göstərib, onların milli haqlarından istifadə etmələri, vəzifə pilləsində irəli çəkilmələri, əmin-amanlıqla yaşamaları üçün daim dəstəyini verib.

Təbii ki, o dövrdə Moskvanın icazəsi olmadan nələrisə həyata keçirmək, milli ruhu oyatmaq nə qədər çətin olsa da, Ulu öndər həm qonşuluq, həm də Gürcüstanın rəhbərləri ilə dostluq münasibətlərindən istifadə edərək azərbaycanlılara qayğı göstərirdi. Şəxsi həyatımda olan bir faktı yada salmaq istərdim. Mən elmi işimi 1989-cu ildə AMEA-nın Nəsimi adına Dilçilik İnistitunda müdafiə etmişəm. Elmi işim toponimlərlə əlaqəli olduğundan AMEA-nın Coğrafiya İnstitutunda da tez-tez olurdum. Rəhmətlik Budaq Budaqovun vasitəsi ilə akademik Həsən Əliyevlə də tanış olmuşdum və hər dəfə akademiyaya gələndə onlarla da görüşürdüm. Bu dəyərli alimlər saatlarla Gürcüstanda yaşayan azərbaycanlıların problemləri ilə maraqlanırdılar. Ümumiyyətlə, münasibətim olan Azərbaycan ziyalılarının hər birində belə milli təəssübkeşlik görünürdü. Sonralar gördüm ki, bu, ilk növbədə, Heydər Əliyevin kənarda yaşayan azərbaycanlılarla bağlı apardığı milli siyasətin və tələbin bəhrəsi idi.

Tarixdən bilirik ki, Stalin diktaturasından sonra tariximizə, milli ənənələrə, digər maddi və mənəvi dəyərlərə sahib çıxmağın yolları axtarılmışdı. Hətta vaxtı ilə bir qrup ziyalımız Azərbaycan SSR Konstitusiyasına "Azərbaycan dili Azərbaycan SSR-in dövlət dilidir" bəndinin əlavə edilməsi təklifi ilə "Kommunist" qəzetində (“Xalq qəzeti”-red) "Azərbaycan dili dövlət idarələrində" adlı məqalə ilə çıxış edərək respublikada dövlət dilinin Azərbaycan dili olmasını, dövlət idarələrində ana dilinin işlədilməsi təklifi ilə çıxış etmişdilər. Amma bu ideya təklif olmaqdan yuxarı qalxa bilməmişdi və bu təşəbbüsü qaldıranlar cəzalandırılmışdı. Sonralar Heydər Əliyev bu məsələni elə məharətlə qaldırdı ki, müsbət nəticəsi olsun. O, tədricən və təmkinlə, sovetlər birliyinin tərkibində olan Azərbaycanın siyasi və iqtisadi mövqeyini gücləndirməklə bu milli hədəfi uğurla həyata keçirdi. Heydər Əliyevin siyasi uzaqgörənliyi ilə 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasına belə bir bənd maneəsiz əlavə edildi.

– Həqiqi milli lider Heydər Əliyevin siyasi fəaliyyətində Azərbaycanın milli varlığı, azərbaycanlıların taleyi xüsusi önəm daşıyıb.

– Tariximizin Heydər Əliyev dövründə azərbaycanlıların nüfuz və yüksəlişi Gürcüstanda, Ermənistanda, eləcə də SSRİ məkanında açıq-aşkar görünürdü. Erməni daşnaqları da Qarabağ iddialarını Heydər Əliyev hakimiyyətdən gedəndən sonra qaldırdılar. Onlar yaxşı bilirdilər ki, Heydər Əliyev onların fitnə-fəsadlarına imkan verməyəcək. Ulu öndərin yaxın dostlarından olan Eduard Şevardnadze deyirdi ki, XX əsrin ikinci yarısında Azərbaycanın varlığı, Azərbaycan xalqının həyatı, başlıca uğurları və mühüm nailiyyətləri Heydər Əliyevin adı ilə qırılmaz surətdə bağlıdır. Əslində, bu fikrin mahiyyətində Heydər Əliyevin təkcə Azərbaycan Respublikasının yox, bütün azərbaycanlıların Prezidenti olması mahiyəti dayanır.

Ümummilli liderin 2-ci dəfə hakimiyyətə qayıdışı isə deyilənlərin bir daha təsdiqi oldu. O cümlədən Gürcüstandakı azərbaycanlıların doğma yurd-yuvalarından didərgin salınmasının qarşısı alındı. Gürcüstanda tarixi dəyərlərimiz yenidən özümüzə qaytarıldı. Mədəniyyət abidələrinin kütləvi şəkildə dağıdılmasının qarşısı alındı. Azərbaycan dövlətinin mənəvi və maddi dəstəyi ilə bu zəngin irsə sahib çıxıldı. Ən önəmlisi, bu ənənə Heydər Əliyevdən gələn möhtəşəm bir missiya olaraq son illərdə uğurla davam etdirilməkdədir.

– Ulu öndərlə bağlı iştirakçısı olduğunuz hansısa hadisə və ya görüşü illər sonra necə xatırlayırnız?

– Heydər Əliyevin Azərbaycanın və Gürcüstanın müstəqilliyini möhkəmləndirmək üçün gördüyü tarixi işlərin şahidiyəm. Sevimli rəhbərin Gürcüstana səfər və görüşlərində yaxından iştirak etmişəm. Düzdür, bu böyük şəxsiyyətlə şəxsən görüşməsəm də, onun Gürcüstan azərbaycanlılarının həyatında, onların problemlərinin həllində fəaliyyəti misilsiz bir xidmətdir. Burada yaşayan hər bir azərbaycanlı onun əhatəli himayəsinin siyasi və iqtisadi bəhrəsini gördü və görməkdədir. Ən önəmlisi odur ki, Ulu öndər Gürcüstandan başlanan köçün qarşısını ağıllı siyasəti ilə aldı. Heydər Əliyev Gürcüstana ilk rəsmi səfərində (8–10 mart 1996-cı il) Tbilisi Nəbatət bağında Fətəli Xan Xoyskinin abidəsinin açılış mərasimində iştirak etdi, Mirzə Fətəli Axundzadə və Mirzə Şəfi Vazehin məzarlarını ziyarət etməklə bu torpaqdakı tariximizə və milli haqlarımıza sahib çıxdı.

O, Tbilisi Cümə məscidində mömin azərbaycanlılarla, Z.Paliaşvili adına Dövlət Akademik Opera və Balet Teatrında azərbaycanlıların nümayəndələri ilə görüşdü. Prezident Heydər Əliyev Gürcüstan Televiziyasına azərbaycanlıların problemlərinin həlli yollarını göstərən müsahibə verdi. Gürcüstan parlamentinin xüsusi iclasındakı çıxışında isə o, Azərbaycan və Gürcüstan əlaqələrinin tarixindən, müstəqillik dövründə üzləşdikləri çətinlikdən, separatizmə qarşı mübarizəsindən, münasibətlərin perspektivindən ətraflı bəhs etdi.

Yəqin, onun bu səfərdə söylədiyi məşhur deyim hər kəsin yadındadır: “Gürcüstanda yaşayan azərbaycanlılar diaspor deyil. Onlar aborigen xalqdır. Ona görə də onları diaspor adlandırmaq düzgün deyil. Onlar bizim soydaşlarımızdırlar”.

– Özü də Azərbaycan Prezidenti Heydər Əliyev bu sözləri Gürcüstan Prezidenti Şeverdnadzenin natamam məzmunlu ifadəsini gücləndirərək demişdi...

– Söhbət belə olmuşdu. Z.Paliaşvili adına Gürcüstan Akademik Dövlət Dram Teatrında Prezident Heydər Əliyevlə soydaşlarımızın görüşü təşkil edilmişdi. Gürcüstan prezidenti Şeverdnadze də iştirak edirdi və girış sözü ilə çıxış etdi, Azərbaycanlıların Gürcüstan cəmiyyətindəki fəaliyyətlərindən də ətraflı danışdı. Gürcüstan Prezidenti Edurd Şevardnadze çıxışı zamanı bu ölkədə yaşayan azərbaycanlıları diaspor adlandırdı.

Ulu öndər isə həmişə olduğu kimi, azərbaycanlıların həyat və fəaliyyətindən, onların Gürcüstan cəmiyyətinə verdiyi töhfələrdən geniş danışmaqla, çox böyük bir məharət və diplomatik məharətlə azərbaycanlıların dispor yox, aboregen xalq olduğunu söylədi. Heydər Əliyevdən sonra söz alan E.Şevardnadze diaspor ifadəsini, sadəcə olaraq dilinə yaxşı yatdığı üçün işlətdiyini bildirdi. O, bununla Ulu öndərlə razılaşdığını ifadə etdi. Heydər Əliyev elə böyük siyasi xadim idi ki, onun hər bir sözü siyasi gerçəkliyə çevrilirdi.

– Buna görə də Gürcüstan azərbaycanlıları da Heydər Əliyevi özlərinin milli lideri sayaraq onunla öyünürlər.

– Butün Dünya azərbaycanlıları Heydər Əliyevi milli lider kimi sevirlər. Xalqımız çox xoşbəxtdir, 30 illik işğala son qoyduğu tarixi qələbəsi ilə, qazandığı süverenliyi ilə! Onun Heydər Əliyev kimi Ulu öndəri, fövqəl bir dünya görüşlü tarixi şəxsiyyəti, indi də bu tarixi şəxsiyyətin siyasi məktəbini uğurla davam etdirən praqmatik Prezidenti var.

Heydər Əliyev soydaşlarımıza müraciətlərində deyirdi: “Gürcüstanda yaşayan azərbaycanlılar! Sizin ulu babalarınız, Azərbaycan və gürcü xalqları yadellilərə qarşı birgə mübarizə aparıblar. Öz torpaqlarını müdafiə ediblər. Bu dostluq bu gün də davam edir. Ona görə də əziz bacılar, qardaşlar, bu, sizin doğma vətəninizdir, bu, sizin doğma torpaqlarınızdır. Siz öz doğma vətəninizdə, torpaqlarınızda yaşayırsınız”.

Ulu öndərin bu mövqeyinə Azərbaycan dövlətinin Gürcüstana verdiyi iqtisadi dəstək azərbaycanlıların Gürcüstanda milli haqlarına qovuşmasına, Qafqazın bu qədim ölkəsində möhkəmlənməsinə imkan verdi. Bu gün Azərbaycanla Gürcüstan arasında daim genişlənən dostluq əlaqələri var. Tbilisinin mərkəzində və Rustavi şəhərində Heydər Əliyev parkının salınması, paytaxtın tarixi yerində Ulu öndərin büstünün ucaldılması ölkələrimiz arasındakı möhkəm və sarsılmaz dostluğun bariz nümunəsidir. Paytaxt Tbilisidə M.F.Axundzadənin, Nəriman Nərimanovun, eləcə də Cəlil Məmmədquluzadənin ev muzeyləri fəaliyyət göstərir. Tbilisidəki küçələrin birinə Bakı, digər küçələrə isə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adları verilib.

Tarixi qələbədən sonra suverenliyinə nail olan Azərbaycan uzun illərdən bəri arzu edilən sülhün Cənubi Qafqazda bərqərar olmasına çalışır. Azərbaycan Prezidenti İlham Əliyev keçən il Tbilisidə səfərdə olarkən mətbuata bəyanatında dedi: “Cənubi Qafqazda sülhün bərqərar olmasının vaxtı çatıb”. Təbii ki, 2-ci Qarabağ savaşında işğalçı Ermənistana ərazisindən silah daşınmasına imkan verməyən Gürcüstan dövləti də bu amallara xidmət edir. Son günlərdə Gürcüstanda baş verən hadisələrdən ən çox narahatlıq keçirən də Azərbaycan xalqıdır. Azərbaycanın Gürcüstankla dostluğu regionda sülhün və tərəqqinin qarantıdır.

– Maraqlı müsahibəyə görə təşəkkür edirik.

Söhbəti hazırladı:
Namiq QƏDİMOĞLU
XQ

Seçilən
23
xalqqazeti.az

1Mənbələr