AZ

Müdriklik və sadəliyin ali timsalı

Unudulmaz dahi şəxsiyyət Heydər Əliyevin dostluq etdiyi insanlardan olan lerikli fermer Xanış Şahəyev xatırlananda istər-istəməz çöhrələrə təbəssüm qonur. Onun Ulu öndərlə görüşləri göz önündə canlanır və şirin talış ləhcəsində, bir qədər də məzəli şəkildə söylədikləri yada düşür. Dünya şöhrətli azman siyasətçi ilə dostluğuna görə ölkənin ən məşhur simalarından birinə çevrilmişdi sadə zəhmət adamı.

O, ilk dəfə 23 dekabr 1994-cü ildə kənd təsərrüfatında iqtisadi islahatlara həsr olunmuş respublika müşavirəsində təkidlə söz alıb danışmışdı:

– Atam İkinci Dünya müharibəsində, bir oğlum sovet ordusunda xidmət zamanı həlak olub, ömrüm boyu təsərrüfatda çalışmışam. 22 uşağım var – 18-i oğlandır, 4-ü qız (alqışlar). İki oğlum şəhid olub. Çoxlu qoyun-quzum, meşə sahəm var. Hər şey qabarlı əllərimin bəhrəsidir. Heç bir şeydən ehtiyacım yoxdur. Şəxsən sənin məhəbbətin məni gətirib bura çıxarıb. Səni hər dəfə televiziyada görəndə təskinlik tapırıq. Sənin bu xalq qarşısında xidmətlərinə heyran qalıram. Əgər çoban dostun yoxdursa, bloknota yaz ki, Lerikdə çoban Şahıyev Xanış mənim dostumdur.

Onun ərkyana çıxışı, Ulu öndərlə səmimi dialoqu məclisdə xüsusi bir ab-hava yaratdı. Sonra neçə dəfə görüşdülər. İlk dəfə o, Lerikdən Bakıya Qurban payı gətirəndə Heydər Əliyevin “Çox sağ ol, əziyyət çəkmisən” – sözünə gülərək belə cavab verdi: “Kişi gərək kişinin yolunda əziyyət çəksin də”. Daha sonra dedi ki, dünyada tanınmış, bəyənilmiş siyasətçi, ağsaqqal lidersən. Xalq yolunda əziyyət, zillət çəkirsən. Hamı sənə dua edir. Sənin işlərin bir bayatını yada salır: Tikmədim özüm qalam, tikdim ki, izim qala. Allah mənə qismət eləsin, sənin 100 yaşında da Prezident Aparatının qarşısına qurbanlar gətirim!..

Növbəti illərdə də sözünün üstündə duran Xanış kişi hər Qurban bayramında Lerikdən Bakıya maşın dolu xırdabuynuzlu heyvanlar gətirir, birini Prezidentin ayağının altında kəsir, sonra qaçqın ailələrinə pay verirdi. O, Heydər Əliyevin həm səmimi dostu, həm də qızğın dəstəkçisi idi.

Mehriban görüşləri zamanı Xanış kişinin əsl xalq diplomatiyası nümunəsi kimi dediyi sözlər yadımızdadır:

– Allah səni Azərbaycan xalqına çox görməsin. Hörmətli Prezident, sənin haqqında min dəfə də danışsam, elə bilirəm ki, birinci dəfədir, danışıram. Çünki sən sözə yaraşırsan, söz də sənə yaraşır. Sən həmişə daşıdığın vəzifələri hörmətə mindirmisən, yüksək səviyyədə aparmısan.

Ulu öndər təşəkkür edərək dedi: “Xanış kişi, mən həmişə səninlə söhbət edəndə çox təəccüblənirəm ki, sən nə qədər müdrik xalq kəlamı, atalar sözü bilirsən və nitq imkanların nə qədər böyükdür. O qədər gözəl danışırsan ki, bir dənə söz o birini təkrar etmir... Xoş sözlərə görə sağ ol. Bilirəm, çox istədiyindən deyirsən. Məni xalq seçib, mən də xalqın etimadı ilə də bu vəzifəni aparıram”.

Çoban xanış Ulu öndərlə görüşlərin birinə həyat yoldaşı Səmərqənd xanımı da gətirmişdi. O, Ümummilli liderlə görüşüb-öpüşəndə Xanış kişi yenə zarafata salaraq xanımına dedi: “Heydər Əliyevi öpmək hər kəsə qismət olmur, ha”...

Dövlət televiziyasının jurnalisti kimi, mən də bu görüşlərin bəzisində şəxsən iştirak etdiyim və reportajlar hazırladığım üçün Xanış Şahıyevin paytaxta hər güzarının necə şən əhval-ruhiyyə, səmimi aura yaratdığının canlı şahidi olmuşam. Xatırlayıram ki, Birinci Qarabağ savaşında oğlu Camal Şahıyevin şəhadətə ucaldığı dəyanətli Xanış kişi Ulu öndərlə görüşündə: “Mən şəhid atasıyam, – demişdi. – Lazım gəlsə, Vətən yolunda o biri oğullarımı da qurban verərəm”. Dediyi kimi də oldu. Nəvələri Elgün və Altay İkinci Qarabağ müharibəsində Xanış babanın həmin sözünü öz şəhidlikləri ilə urvatlandırdılar.

Bir dəfə Lerikdə görüşümüz zamanı ağsaqqalın dediklərini olduğu kimi xatırlayıram: “Prezidentlə ona görə dostam ki, ürəyimdə 3 dağ var – ata dağı və 2 bala dağı. Əgər hörmətli Prezident müharibəni dayandırmasaydı, minlərlə insan, millət şəhid olacaqdı. Cavanlarımız öləcəkdi. İndi isə atəşkəs yaranıb və bizim düşmənə layiqli cavab verə biləcək nizami ordu yaratmaq imkanımız var. Bir də ki, Heydər Əliyev əliqabarlı insanlara hörmət və qayğı ilə yanaşan böyük şəxsiyyətdir.

O da yadımdadır ki, Xanış kişi Ulu öndərin 1996-cı ildə son dərəcə qətiyyətli çıxışının tarixə düşdüyü və Azərbaycanın xeyrinə qərar qəbul ediməsi ilə nəticələnmiş məlum Lissabon sammitindən sonrakı gəlişində düz Prezident Administrasiyasının qarşısında bu şərəfə gətirdiyi qurbanlardan birini kəsmək üçün yük maşınına qalxmaq istədi. Heydər Əliyev onun qolundan tutub mehriban təbəssümlə dedi: “Xanış kişi, dayan, zəhmət çəkmə. Gedək, oturub bir qədər söhbət edək, qurbanları isə tapşıracağam, aparıb qaçqınlara paylasınlar. Səxavətinə görə çox sağ ol! Bilirsən, Ukraynanın Prezidenti Leonid Kuçma Bakıya səfərə gəlib, onu qarşılamalıyıq”.

Təəssüf ki, bəzi ağzıgöyçək siyasətpərdazlar Xanış Şahıyevin heç də çoban deyil, dilli-dilavər bir musiqiçi olduğunu deməklə ölkə rəhbərinin onunla dostluğuna kölgə salmaq istəyirdilər. Belələrinə əsl həqiqəti anlatmaq üçün bir gün teleoperatorumla Lerikə gedib çoban Xanışın qonağı oldum. Rayon mərkəzindən bir qədər aralıda “Velaçola” adlanan düzənlikdə qoyun sürüsünü otaran ağsaqqalla oradaca söhbət elədik. O, qoltuq cibindən çoban tütəyini çıxarıb çaldı və biz bu kadrları da efirə verərək, hər kəsə anlatdıq ki, çobanın tütək çalması heç də onun musiqiçi olması demək deyil...

Ulu öndər haqq dünyasına qovuşanda onunla vida və dəfn mərasiminə ilk gələnlərdən biri də məhz sadə əməkçi dostu Xanış Şahıyev idi. Elə hey ağlayır, dayanmayan göz yaşlarını əlindəki dəsmalla silirdi. 70 yaşında olmasına baxmayaraq, rəsmilərlə bərabər izdihamın önündə düz Fəxri xiyabana qədər getdi, kədərli səslə unudulmaz dahi insana dönə-dönə Allahdan rəhmət dilədi...

Tanınmış fermerlə səmimi dostluq ənənəsini Ulu öndərdən sonra Prezident İlham Əliyev həvəslə davam etdirdi. Lerikə hər səfərində mütləq onunla görüşdü, hal-əhval tutdu. Xanış kişiyə Ulu öndərlə görüşlərinə aid foto-albom bağışlayanda ağsaqqalın kövrəldiyi anlar isə heç yaddan çıxmır. O dedi ki, bu albom mənim üçün ən böyük hədiyyədir. Göz bəbəyim kimi qoruyacağam.

Heydər Əliyevlə dostluğu dastan olan Xanış Şahıyev 2009-cu ildə 77 yaşında vəfat edib, indi də adı çəkiləndə ilk olaraq “Heydər Əliyevin sadiq dostu” ifadəsi işlənir...

İllər keçsə də, bu dostluq ehtiramla yad olunur. Bu il oktyabrın sonunda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Lerikə səfəri zamanı babasının şəxsi dostunun – mərhum fermerin ailəsinə baş çəkib. Söhbət zamanı ümummilli lider Heydər Əliyevlə Xanış Şahıyev arasındakı səmimi dostluq, Prezident İlham Əliyevlə olan görüşlər xatırlanıb. Heydər Əliyevlə çoban Xanışın dostluğunu əks etdirən, müxtəlif görüşlərdən xatirə olan fotoalboma baxılıb. Ailənin şəhid övladlarının Vətən uğrundakı döyüşləri də xatırlanıb.

Bəli, böyük siyasi xadimin – Azərbaycan xalqının Ümummilli liderinin adi bir çobanla dostluğu, bax, beləcə, nəsillərə nümunə kimi yaddaşlarda yaşamaqdadır.

Əli NƏCƏFXANLI
XQ

Seçilən
28
xalqqazeti.az

1Mənbələr