Azərbayan Milli Xalça Muzeyində Ümummilli lider Heydər Əliyevə həsr olunmuş “Dövlətin memarı. Bir ömrün ensiklopediyası” adlı triptix-xalça sərgilənib.
Əvvəlcə ulu öndərə həsr olunmuş videoçarx nümayiş olunub. Sonra muzeyin direktoru Əminə Məlikova bildirib ki, qədim xalçaçılıq sənəti Heydər Əliyevin hər zaman qayğı göstərdiyi və yüksək qiymətləndirdiyi bir sahə kimi müstəqillik illərində daha da inkişaf edib. Məhz onun hakimiyyətə qayıdışından sonra mədəniyyətin digər sahələrində olduğu kimi, xalça sənətində də böyük dirçəliş baş verib. “Dövlətin memarı. Bir ömrün ensiklopediyası” xalçası haqqında məlumat verən direktor hər naxışının, hər elementinin altında bir məna, hikmət olan bu əsərin daim dəyərli eksponat kimi saxlanıb, tədqiq ediləcəyinə inamını ifadə edib.
Mədəniyyət naziri Adil Kərimli deyib: “Bu sənətin inkişafı və dünyaya çatdırılmasında Ulu öndərin təşəbbüsü və səyləri danılmazdır. Müasir Azərbaycanın memarı Heydər Əliyev mədəniyyətimizi dünyada təbliğ etmək üçün misilsiz addımlar atıb. Bu əsər Ulu öndərin zəngin irsinin öyrənilməsində yeni mənbədir. Fikrimcə, əsərin zənginliyinin göstəricilərindən biri də xalçaya hər dəfə baxdıqda müəyyən yenilikləri görməyimizdir”.
“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Emin Məmmədov nümayiş olunan unikal əsərin mənəvi dəyərinə görə toxunan ən qiymətli xalça olduğunu qeyd edib. Əməkdar rəssam Rəşad Ələkbərov xalçanın İsmayıllı emalatxanasında çalışan 11 toxucunun bir ilə yaxın müddətə ərsəyə gətirdiyini diqqətə çatdırıb. Üç hissədən ibarət olan əsərdə Ulu öndərin həyat fəlsəfəsi, daim diqqətdə saxladığı məsələlər, önəm verdiyi dəyərlər ilk dəfə xalça dilində tamaşaçıya çatdırılıb.
Xalq rəssamı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Ömər Eldarov qədim sənətin özünəməxsus xüsusiyyətlərindən danışıb: “Azərbaycanda xalçaçılıq hər zaman inkişaf edib və bu sənətə aid müxtəlif məktəblər fəaliyyət göstərib. Ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə olduğu kimi, yenə də Azərbaycanda bu sənət növünə xüsusi diqqət yetirilir”.
Çıxışlardan sonra Əməkdar artist Ramil Qasımov pianoçu, Əməkdar müəllim Zülfiyyə Sadıqovanın müşayiəti ilə Ulu öndərin çox sevdiyi nəğmələrdən ikisini - Cahangir Cahangirovun “Alagöz” mahnısını və “Küçələrə su səpmişəm” xalq mahnısını ifa edib.
Sonra qonaqlar “Dövlətin memarı. Bir ömrün ensiklopediyası” xalçası ilə tanış olublar.
XQ