AZ

Moskvada Ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb - FOTO

Moskvada Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım gecəsi keçirilib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin, Rusiyanın tanınmış siyasi və ictimai xadimləri, xarici ölkələrin Moskvada akkreditə olunmuş səfirliklərinin, Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.


Gecənin qonaqları Heydər Əliyevə həsr olunmuş fotosərgi ilə tanış olublar. Fotosərgidə ulu öndərin həyat və çoxşaxəli fəaliyyətinin müxtəlif mərhələlərinə həsr olunmuş fotoşəkillər nümayiş etdirilib.


Gecəni Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev açaraq qeyd edib ki, Azərbaycan dövlətçiliyinin qorunub saxlanması və dirçəlişi Heydər Əliyevin adı ilə bağlıdır. Diplomat Heydər Əliyevin Azərbaycan SSR-in rəhbəri kimi uğurlarından danışıb, bu illəri respublikanın intibah dövrü kimi səciyyələndirib.
Rəhman Mustafayev vurğulayıb ki, Heydər Əliyevin Moskvaya çağırılması və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin olunması, ölkənin sosial, iqtisadi və ideoloji inkişafının ən ciddi sahələrinə rəhbərlik etməsinə böyük ölçüdə məhz bu uğurlar səbəb olub: “Heydər Əliyevin Moskva beşilliyi, onun Moskvada işlədiyi illər də parlaq, nailiyyətlərlə dolu olub”, - deyə R.Mustafayev bildirib.


Səfir 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışının Azərbaycan tarixinin ən çətin və məsuliyyətli dövrünə təsadüf etdiyini vurğulayıb.


“Ölkəmiz müstəqilliyini itirməsi və süqut etməsi üçün bir addım qalmışdı. Heydər Əliyev qısa müddət ərzində ölkədə vəziyyəti bərpa edə, iqtisadiyyatı və sosial sahəni sabitləşdirə bildi. Heydər Əliyev Qarabağın işğaldan azad edilməsini görmədi. Amma onun tarixi missiyası o idi ki, bizim qələbəmiz üçün zəmin yaratdı. Ölkənin hazırkı prezidenti İlham Əliyev də bu təmələ söykənərək qələbə strategiyasını yaradıb və onu uğurla həyata keçirib”, - deyə diplomat qeyd edib.


Mixail Qaluzin isə çıxışında Heydər Əliyevin xatirəsinin Rusiyada yaşadığını söyləyib: “Biz onu hər zaman görkəmli dövlət xadimi, Azərbaycan xalqının görkəmli oğlu, Azərbaycan xalqının ümummilli lideri və əlbəttə ki, şanlı ortaq tariximizi simvolizə edən şəxsiyyət kimi xatırlayırıq”.


Qaluzin Heydər Əliyevin Sovet İttifaqının inkişafındakı xidmətlərindən danışıb: “Sovet Azərbaycanının rəhbəri kimi Heydər Əliyev onun mütərəqqi inkişafına böyük töhfə verib. Onun SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi yüksək vəzifəyə təyin olunmasına məhz Sovet Azərbaycanının rəhbəri kimi xidmətləri səbəb oldu. Bu vəzifədə, əlbəttə ki, Heydər Əliyev Sovet İttifaqının mütərəqqi sosial-iqtisadi inkişafında çox böyük rol oynamışdır”.


Rusiya XİN başçısının müavini qeyd edib ki, Heydər Əliyev bütün ölkə üçün Baykal-Amur magistral xəttini yaradıb: “Biz Baykal-Amur magistral abidəsini xatırlayırıq. O, təbii ki, BAM-ı özü üçün deyil, bütün ölkə üçün yaradıb və bu gün Rusiyanın, MDB-nin, Avrasiyanın və bütün dünyanın ən mühüm nəqliyyat arteriyasıdır”.


Qaluzin Rusiya və Azərbaycan beynəlxalq Şimal-Cənub dəhlizinin qərb qolunun yaradılması üzərində işləyini, bu dəhlizin Rusiya Arktikasını Azərbaycan ərazisi vasitəsilə Hind okeanının İran sahilləri ilə birləşdirdiyini söyləyib: “Heydər Əliyevin qurduğu BAM-ın ruhu bu gün bizim əməkdaşlığımızda da yaşayır. Moskva ilə Bakı arasında münasibətlər Cənubi Qafqazda, Xəzər dənizində və MDB məkanında mühüm sabitlik faktoruna çevrilir”.


Qaluzin vurğulayıb ki, Heydər Əliyev tərəfindən qoyulmuş möhkəm təməldə Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin müttəfiqlik qarşılıqlı fəaliyyət haqqında Bəyannaməni imzalamaqla Rusiya-Azərbaycan münasibətlərinə yeni keyfiyyət verib və onun sözlərinə görə, bu, Azərbaycan və Rusiya xalqlarının maraqlarına etibarlı şəkildə xidmət edir.


“BAM-çılar birliyi” Ümumrusiya ictimai təşkilatının prezidenti, Baykal-Amur Dəmir Yolunun Tikintisi Baş İdarəsinin rəisi, Rusiya İnşaatçılar İttifaqının İdarə Heyətinin üzvü Yefim Basin isə çıxışında Heydər Əliyevi özünün müəllimi və ustadı adlandırıb, Azərbaycan xalqının ümummilli lideri ilə bağlı xatirələrini bölüşüb.

Moskvada Moskvada Moskvada Moskvada Moskvada Moskvada Moskvada Moskvada Moskvada Moskvada
Seçilən
8
1
apa.az

2Mənbələr