ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp İranın nüvə proqramına qarşı mübarizə variantlarını, o cümlədən bu ölkəyə “önləyici hava zərbələri” endirmək imkanlarını nəzərdən keçirir. Bu barədə "The Wall Street Journal" məlumat yayıb. Nəşr öz mənbələrinə istinad edib.
Mənbələr nəşrə bildiriblər ki, Trampın komandası hazırda İrana maksimum təzyiq strategiyası üzərində işləyir. Onların fikrincə, hazırlanmaqda olan strategiya iqtisadi sanksiyaların sərtləşdirilməsi ilə müşayiət olunan bir sıra hərbi tədbirlərə əsaslana bilər.
Məqalə müəllifinin fikrincə Tramp İrandakıı nüvə prosesləri ilə bağlı "sıçrayışlardan” çox narahatdır.
"ABŞ-nin yeni seçilmiş prezidenti bu barədə İsrailin baş naziri Benyamin Netanyahuya şəxsi söhbətində də məlumat verib", -məqalədə qeyd edilib.
Xatırladaq ki, Tramp “Time” jurnalına müsahibəsində İranla müharibəyə başlaya biləcəyini istisna etmədiyini etiraf etmişdi. Bununla bağlı müvafiq sualı cavablandıran siyasətçi qeyd edib ki, vəziyyət olduqca qeyri-sabit olduğundan indi hər şey mümkündür.
Tural