Dünya şöhrətli ictimai-siyasi xadim, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Anım Günü bölgələrdə böyük ehtiramla qeyd olunub. Mərasimlərdə həmişəyaşar Ulu öndərin xalq qarşısında misilsiz xidmətləri qədirbilənliklə xatırlanıb.
Naxçıvan
Dekabrın 12-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət nümayəndələri, deputatlar müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət ediblər.
Ulu öndərin abidəsi önünə güllər qoyulub, əziz xatirəsi dərin ehtiramla yad olunub.
Gəncə
Qədim Gəncədə ümummilli lider Heydər Əliyevin xatirəsi ehtiramla anılıb. Unudulmaz dahi insanın şəhərin mərkəzi meydanındakı əzəmətli abidəsi ziyarət olunub. Şəhər icra hakimiyyətinin rəhbərliyi, buradakı diplomatik nümayəndələr, hüquq-mühafizə orqanlarının rəhbərləri abidə önünə tər çiçəklər düzüb, ölməz ruhu qarşısında baş əyiblər.
Şəhər ictimaiyyətinin çoxsaylı nümayəndələri də mərkəzi meydanda və Heydər Əliyev Park-Kompleksində Ulu öndərə ucaldılan abidələri gün ərzində ziyarət ediblər. Həmin gün şəhərdə ehsan süfrəsi də açılıb. Mərasimlərdə çıxış edənlər Ulu öndərin həyatı və fəaliyyəti ilə bağlı maraqlı məqamlara toxunublar.
Sumqayıt
Anım mərasimində gənclik şəhərinin rəsmiləri, millət vəkilləri, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyət nümayəndələri ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda Ulu öndərin abidəsini ziyarət edərək, önünə güllər düzüb, ruhuna hörmət və ehtiramlarını bildiriblər.
Çıxışlarda vurğulanıb ki, ötən əsrin 70-80-ci illərində ölkəyə rəhbərlik edən Ulu öndərin başlatdığı islahatlar, inkişaf strategiyası nəticəsində Azərbaycanın bütün şəhərləri kimi, Sumqayıt da dinamik inkişaf yoluna qədəm qoyub. Müstəqillik dövründə də Heydər Əliyev Sumqayıta davamlı olaraq xüsusi diqqət və qayğı göstərib. Azərbaycana rəhbərliyi dövründə Heydər Əliyev 16 dəfə Sumqayıta səfər edib ki, bu da onun gənclik şəhərinə olan xüsusi diqqət və qayğısının göstəricisidir.
Mingəçevir
“Nur şəhəri”ndə icra hakimiyyəti və YAP Mingəçevir şəhər təşkilatı Heydər Əliyevin Anım Gününə həsr olunmuş “Əbədiyaşar Lider” mövzusunda birgə dəyirmi masa keçiriblər.
Əvvəlcə “Heydər Əliyev: Vətənə, xalqa həsr edilən ömür” adlı sənədli film nümayiş olunub. Sonra şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov geniş məruzə ilə çıxış edərək bildirib ki, xalqın təkidli tələbləri ilə yenidən hakimiyyətə gələn Ulu öndərin böyük dövlətçilik təcrübəsi sayəsində ölkənin iqtisadi vəziyyəti yaxşılaşdı, daxili və xarici siyasət sahəsində uğurlar əldə olundu. Ordu quruculuğuna başlandı. Cəbhədə atəşkəs elan olundu. Ulu öndər müstəqilliyimizi qoruyub saxladı və bugünkü inkişaf etmiş Azərbaycanımızın əsasını qoydu. Heydər Əliyev şəxsiyyəti Azərbaycanımızı dünyaya tanıtdı. Odur ki, Azərbaycan xalqı bu böyük övladı ilə haqlı olaraq fəxr edir.
Digər natiqlər dahi şəxsiyyətin hakimiyyətinin hər iki dövründə ölkənin tərəqqi etdiyini, Qarabağ Zəfərinin bünövrəsinin qoyulduğunu konkret faktlarla əsaslandırıblar.
Xankəndi
Böyük siyasi xadim Heydər Əliyevin əziz xatirəsi respublikamızın hər yerində olduğu kimi, Xankəndidə də anılıb. Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Qarabağ Universitetinin əməkdaşları, Xankəndi şəhəri Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin, idarə və təşkilatların rəhbərləri, Xankəndi və Xocalı sakinləri iştirak ediblər.
Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov Xankəndidə Azərbaycan Bayrağının ucaldılmasını həm Heydər Əliyevin 100 illiyinə, həm də xalqımıza ən böyük töhfə adlandırıb. O, diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin sərkərdəlik məharəti ilə bu gün Qarabağ və Şərqi Zəngəzurun azadlığına qovuşması, ərazi suverenliyimizin tam bərpası məhz Heydər Əliyev siyasətinin təntənəsidir.
Laçın
Azadlığına qovuşmuş dağlar diyarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin təşkilatçılığı ilə anım günü keçirilib. Mərasimdə xüsusi nümayəndəliyin, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Laçın şəhər, Zabux və Sus kənd tam orta məktəblərinin pedaqoji heyəti, tibb işçiləri, şəhid ailələri, qazilər iştirak ediblər.
Ulu öndərin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib. Sonra Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov çıxış edərək bildirib ki, unudulmaz dahi şəxsiyyətin irsi və ideyaları bizim üçün bir mayakdır. Ümummilli liderin siyasi kursu uğurla davam edir və bu əsasda Azərbaycan Qarabağın işğaldan azad edilməsi kimi tarixi Zəfəri gerçəkləşdirilib.
Məktəblilər dahi şəxsiyyət Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndiriblər. Sonda isə “Heydər Əliyev. Zamanın fövqündə” sənədli filmi nümayiş olunub.
Şirvan
Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə ehsan süfrəsi verilib. Mərasimdən öncə dünya səviyyəli böyük siyasətçinin həyat və fəaliyyətinin müxtəlif dövrlərinə həsr olunmuş foto-sərgiyə baxış keçirilib. Ümummilli lider Heydər Əliyevin və respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında tarixi xidmətlərindən bəhs edən “Millət atası” filmi nümayiş olunub.
Lənkəran
Müasir Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli lider Heydər Əliyevin anım günü Lənkəranda da geniş qeyd edilib. Şəhər rəsmiləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, ağsaqqallar, müharibə veteranları, tələbələr, ictimaiyyətin müxtəlif təbəqələrini təmsil edənlər Ulu öndərin şəhərin mərkəzi meydanında ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, ona olan sevgi, hörmət və ehtiramlarını bildiriblər.
Mərasim iştirakçıları daha sonra Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Ümummilli liderin həyat və fəaliyyətinə aid muzeyi də ziyarət ediblər. Günorta saatlarında Ümummilli liderın anım günü ilə bağlı “Şah” Şadlıq Sarayında şəhid ailələri, qazilər və müharibə iştirakçılarının da iştirakı ilə ehsan süfrəsi təşkil olunub.
Şəmkir
Rayon icra hakimiyyətinin rəsmiləri, geniş ictimaiyyət nümayəndələri Heydər Əliyevin Şəmkirin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər. Daha sonra Ümummilli liderin vəfatı günü ilə əlaqədar rayon ictimaiyyəti üçün ehsan süfrəsi açılıb. Çıxış edən RİH başçısı qeyd edib ki,Ümummilli liderin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Vətəni və xalqı qarşısında müstəsna xidmətləri, dövlət müstəqilliyinin qorunmasında və möhkəmləndirilməsində, Azərbaycan dövlətçiliyinin nailiyyətlərində əvəzsiz rolu həmişə dərin minnətdarlıq hissi ilə yad edilir. Heydər Əliyevin Şəmkirə qayğısı öz bəhrəsini vermiş, Azərbaycanın bu qədim və tarixi bölgəsi ölkəmizin ən inkişaf etmiş bölgələrindən birinə çevrilib.
Qax
Zəmanəmizin görkəmli siyasi xadimi Heydər Əliyevin əziz xatirəsi ölkəmizin hər yerində olduğu kimi, Qaxda da dərin ehtiramla anılıb. Səhər saatlarından başlayaraq rayon rəhbərliyi, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, müharibə veteranları, YAP fəalları, ictimaiyyətin nümayəndələri, gənclər Ulu öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək dahi rəhbərin xatirəsi önündə baş əyiblər. Həmçinin rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar rayonda ehsan süfrəsi təşkil edilmişdir.
Balakən
Rayonda Ümummilli lider Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə əlaqədar Anım Günü böyük izdihamla keçib. Balakən Rayon İcra Hakimiyyətinin rəsmiləri, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, şəhid ailələri, qazilər, ziyalılar, YAP rayon təşkilatının fəalları böyük siyasi xadim Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər. Daha sonra anım günü ilə əlaqədar “Balakən” şadlıq evində ehsan mərasimi təşkil olunub.
Goranboy
Azərbaycan xalqının böyük oğlu, dahi şəxsiyyət, müasir Azərbaycan dövlətçiliyinin və azərbaycançılıq məfkurəsinin banisi Heydər Əliyevin ölməz ruhuna Goranboyda böyük ehtiram duyğuları nümayiş etdirilib. Anım tədbirində, rayon rəhbərləri, geniş ictimaiyyətin nümayəndələri, şəhid ailələri, qazilər, ağsaqqallar və ziyalılar iştirak ediblər.
Qeyd olunub ki, Heydər Əliyev dühasının xidmətləri olan misilsiz nailiyyətlər Azərbaycanı məhv olmaqdan qurtarıb, müstəqilliyimizi daimi, əbədi, sarsılmaz, dönməz edib.
Hazırladılar:
Əli NƏCƏFXANLI,
Hamlet QASIMOV,
İlqar HƏSƏNOV
XQ