AZ

"Futbolda elə bir qayda yoxdu ki, hər il eyni səviyyədə olmalısan" - Qurban Qurbanov

"Yaxşı müdafiə olunan bir komandaya qarşı oynayırdıq. Əfsuslar olsun ki, məğlub olduq. İlin son oyunu idi.Bura qələbə qazanmaq üçün gəlmişdik".

"Football-plus.az" xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının əsas mərhələsinin 6-cı turunda səfərdə "Elfsborq"la (İsveç) keçirilən oyundan sonra mətbuat konfransında deyib. O, əvvəlcə 0:1 hesablı məğlubiyyəti şərh edib, daha sonra isə jurnalistlərin suallarını cavablandırıb.

- Futbolçularım sona kimi mübarizə apardılar. Sadəcə, futbol həm kiçik, həm də kobud səhvlərin üzərində qurulub. Ani bir diqqətsizlikdən qapımızda qol gördük. Amma hər bir halda futbolçularıma təşəkkür etmək istəyirəm. Oyundan sonra da bunu etdim. Bu il çox əziyyət çəkdilər. Xeyli uğursuzluqlarımız oldu. Amma buna baxmayaraq, irəliyə baxmalıyıq ki, daha da böyüyək. Ümumən bu il Avropa Liqası bizim üçün böyük təcrübə oldu. Pozitiv düşünərək önə baxmalıyıq. Rəqibi təbrik edirəm. Çox istəkli idilər.

- Bu gün hücum futboluna üstünlük vermişdiz, yoxsa müdafiədən oynamağa? Oyun planınız nə dərəcədə özünü doğrultdu?
- Biz həmişə müdafiəni öndə qurmaq istəyirik. Bu gün də öz prinsiplərimizdən əl çəkmədik. Hücuma daha çox diqqət ayırırdıq. Qarşımızda 10 nəfərlə müdafiə olunan bir komanda var idi. Bizi bir neçə əks-hücumda tutdular. Bizə qalib gəlmək lazım idi. Ona görə də bütün diqqətimiz hücumda idi.

- Əvvəlki mövsümlərdən fərqli olaraq komandanız uğursuz çıxış edir. Bu nisbi uğursuzluğun səbəbi nədədi?
- Əlbəttə, xeyli məğlubiyyətimiz oldu və hər məğlubiyyət bir uğursuzluqdu. Amma çox da bu haqda düşünmək lazım deyil. Pozitiv düşünərək irəliyə baxmaq lazımdı. Biz qruplarda iştirak etməsəydik, bunu böyük uğursuzluq adlandırmaq olardı. Bu da ola bilər. Bu gün böyük komandalarda da uğursuzluqlar görürük. Bu, futbolun silinməyən qanunlarından biridi. Futbolda elə bir qayda yoxdu ki, hər il eyni səviyyədə olmalısan, daha yaxşısını etməlisən. Biz daha yaxşısını etmək üçün çalışırıq. Amma bəzən klubun, futbolçunun yorulmuş halları olur. Hər bir uğursuzluqdan sonra komanda daha da formalaşır, möhkəmlənir. Hər birinizi başa düşürəm. Bir şeyi bilin ki, biz uğur əldə etməyi ürəkdən istəyirik. Sadəcə bəzən alınmır. Ona görə də biz belə hallara hazır olmalıyıq, pozitiv düşünməliyik.

- Dediniz ki, yorğunluq var. Bu, o deməkdi ki, komandada dəyişiklik lazımdı. Klubun belə fikri var?
- Hər il komandaya yeni oyunçular cəlb etməyə çalışırıq. O demək deyil ki, əlimizdə olan futbolçuları göndərməyi düşünürük. Amma özünüz də gördünüz ki, müdafiə xəttində oyunçum qalmamışdı. Mərkəz müdafiəçiləri Kevin Medina və Bəhlul Mustafazadə zədəli idilər. 1 aylıq sıradan çıxıblar. Belə oyunlarda müdafiə xətti çox vacib olur. Neçə matçdı Mateus Silvanı müdafiənin mərkəzində oynadırıq. Düzünü desəm, onun oyunundan çox razıyam. Amma bir nəfər də zədələnsəydi, mərkəzdə oynatmağa futbolçum yox idi. Axtarışdayıq. Transfer pəncərəsində mütləq bir neçə yenilik etmək istəyirik. Hadisələrin axarına baxacağıq. Alınsa, mütləq komandaya bir neçə futbolçu götürəcəyik.

- İkinci hissənin ilk 10-15 dəqiqəsi ərzində rəqib üstünlüyü ələ keçirmişdi. Bunun səbəbi nə idi? Belə təzyiq komandanız üçün gözlənilməz idi?
- Bu tip komandalar 60-70 faiz hallarda hücumları uzun toplardan sonra qururlar. Belə komandalarda 3-4 epizod alındısa, o deməkdi ki, rəqibi öz zonanda qəbul edirsən. İkinci hissənin əvvəlində bəzi birə-bir mübarizələrdə müdafiəçilərimizin uduzması belə standart vəziyyətlərə gətirib çıxardı. Rəqib standart vəziyyətlərdə çox təhlükəli idi. Onların oyun üslübuna görə bəzi top itkilərimiz oldu. Rəqib bunun üzərində daim çalışan komandadı. Ona görə də yaxşı istifadə edə bilir. Oyunu demək olar ki, elə o dəqiqələrdə uduzduq. Amma sonra xeyli sayda hücumlarımız oldu. Rəqibin ucaboylu 3 mərkəz müdafiəçisi yaxşı oynadı. Birinin boyu 1.95, ikisində isə 1.90-dı. Onların müdafiədəki oyununu qiymətləndirməliyik.

Seçilən
4
6
football-plus.az

7Mənbələr