Bu gün şagirdlər üçün ən çətin fənlərdən biri də riyaziyyatdır. Maraqlıdır, bunun səbəbi müəllimlərin yanlış dərs keçmə metodikasıdır, yoxsa şagirdlərin diqqət dağınıqlığı? Ümumiyyətlə, nəyə görə şagirdlər digər fənlər kimi riyaziyyatı sevmirlər?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən riyaziyyat müəllimi Nərgiz Şahmurova qeyd edib ki, əgər bir uşaq əməyin dəyərini anlamır və çalışqanlığa öyrəşməyibsə, ona riyaziyyatı sevdirmək çətin olacaq:
"Riyaziyyata nə qədər əmək sərf etsəniz, o qədər də nəticə əldə edərsiniz. Beş dəqiqəlik çalışmanız yalnız beş dəqiqəlik nəticə verəcək. Bu fənnin dərinliyinə varmaq və uğur qazanmaq üçün davamlılıq və səbr vacibdir.
Hər müəllimin özünəməxsus dərs keçmə metodu var və bu metodika şəxsi məntiqə və təcrübəyə əsaslanaraq inkişaf etdirilir. Lakin bəzi müəllimlərin, xüsusən Bakı məktəblərində yuxarı siniflərə (7-11-ci siniflər) dərs keçmək istəməməsi ciddi bir problem yaradır. Bu məsələnin tez bir zamanda həll olunması vacibdir”.
Müsahibimiz bildirib ki, bəzi müəllimlərin zəif dərs keçməsi şagirdləri repetitor yanına getməyə məcbur edir:
“Eyni zamanda, diqqət dağınıqlığına səbəb olan əsas faktorlar arasında planşet, telefon və kompüterlər xüsusi yer tutur. Mən bu texnologiyalara qarşı deyiləm, lakin onların düzgün istifadə qaydalarını valideynlərin övladlarına öyrətməsi çox önəmlidir.
Qeyd etmək lazımdır ki, Azərbaycan dili fənnində qrammatik qaydalar hər il təkrar-təkrar öyrədilir, amma riyaziyyat tamamilə əmək tələb edir. Əgər bir uşaq əməyin dəyərini anlamır və çalışqanlığa öyrəşməyibsə, ona riyaziyyatı sevdirmək çətin olacaq. Riyaziyyat yalnız dərketmə deyil, həm də insanın intellektual potensialını üzə çıxaran bir elmdir”.
Müsahibimiz şagirdlərə və müəllimlərə tövsiyələrini də bölüşüb:
“Şagirdlər özlərini daima inkişaf etdirən fəaliyyətlərə yönəltməli və riyaziyyatı sevmək və öyrənmək üçün əməyə alışmağı öyrənməlidir. Unutmayın ki, bu elmi mənimsəmək asan deyil, lakin zəhmətinizin nəticəsi böyük olacaq. Müəllimlərə isə tövsiyə edərdim ki, insan psixologiyasını və müasir metodikaları daha çox araşdırsınlar. Şagirdlərin ehtiyaclarına uyğun metodlar tətbiq etmək onların uğurunu artıracaq”.