1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Son günlər İsmayıllı rayonunun Topçu kəndində ev quşları arasında kütləvi ölüm halları müşahidə edilib.
Bu barədə Oxu.Az-a kənd sakinləri məlumat veriblər.
Yerli sakinlərin məlumatlarına görə, qısa müddət ərzində 120-dən çox ev quşu tələf olub.
"Axşam yatırsan, səhər duranda görürsən ki, neçəsi ölüb qalıb. Dərman da veririk, xeyri olmur", - deyə kənd sakinlərindən biri bildirib.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandıran İsmayıllı dövlət aqrar inkişaf mərkəzinin direktoru Rövşən Yəhyəyev baytarlıq xidmətləri mərkəzinin bu məsələ ilə məşğul olduğunu bildirib:
"Heyvan sağlamlığı və baytarlıq xidmətləri mərkəzi bu məsələ ilə məşğuldur. Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən nümunələr götürülüb və laboratoriyaya təqdim edilib. Bu gün Topçu kəndində mütəxəssislər tərəfindən tədbir görüləcək".
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna AQTA-dan cavab olaraq sözügedən ərazidəki ev quşlarından müvafiq nümunələr götürüldüyü təsdiqlənib.
Qeyd olunub ki, İsmayıllı rayonunun Topçu kəndində baş verən hadisə agentliyin regional bölməsi tərəfindən nəzarətə götürülüb.
"Faktla bağlı agentliyin mütəxəssisləri tərəfindən müvafiq araşdırmalara başlanılıb. İlkin araşdırma zamanı sözügedən kəndin üç sakininin həyətində şəxsi istehlak üçün saxlanılan toyuqların tələf olma halları müşahidə edilib. AQTA əməkdaşları tərəfindən müvafiq nümunələr götürülüb.
Qeyd edək ki, mövsümi amillərin təsirindən bu cür xəstəliklərə rast gəlinə bilər. Belə halların baş verməməsi üçün vətəndaşlar sadalanan amilləri nəzərə alaraq, quşların yemləmə və saxlama şəraitini yaxşılaşdırmalı, baytarlıq-sanitariya qaydalarına əməl etməli, vaxtlı-vaxtında profilaktik peyvəndləmə tədbirləri həyata keçirməlidirlər", - deyə açıqlamada vurğulanır.
Əzizə İsmayılova