AZ

Azərbaycan futzal millisinin qapıçısı: "Reallıq budur ki, “Araz-Naxçıvan” əvvəlki gücünü itirib" - MÜSAHİBƏ

Azərbaycanın futzal millisinin qapıçısı Rövşən Hüseynli “Far.Az”a müsahibə verib. O, millinin AVRO-2026-nın seçmə mərhələsində İsveçlə qarşılaşacağı matçda şanslarını dəyərləndirib, həmçinin komandanın hazırkı durumundan danışıb. 33 yaşlı qolkiper Qazaxıstanda formasını geyindiyi “Astana” klubunun çıxışına da toxunub. O, Azərbaycanın Yüksək Liqası barədə düşüncələrini də bölüşüb.

- İsveçlə görüşdə millimizin şanslarını necə dəyərləndirirsiniz?

- İsveçlə indiyə qədər qarşılaşmışıq. Sadəcə, heyət fərqi var. İki gün öncə Yunanıstana məğlub oldular. Öz meydanımızda oynayırıq. Bu amildən yararlanıb, lazım olan xalları qazanmağa çalışacağıq.

- İsveçin Yunanıstana məğlubiyyəti komandada arxayınlıq yarada bilər?

- Xeyr, indiki heyətimizi nəzərə alsaq, heç bir oyun bizdə arxayınlığa səbəb ola bilməz. Meydana maksimum nəticə üçün çıxacağıq. Şanslar 50-nin 50-yədir. Kim daha diqqətli olub qol vəziyyətlərindən istifadə edəcəksə, o da qələbə qazanacaq.

- İsveçlə yanaşı, qrupda Xorvatiya və Yunanıstan da var. Bu rəqiblər haqqında ətraflı məlumatlara maliksiniz?

- Əlbəttə, məlumatımız var. Demək olar ki, hər tsikldə Xorvatiya millisi ilə qarşılaşırıq. Bu komanda haqqında geniş məlumatımız var. İsveç yığması ilə bağlı baş məşqçi Vitali Borisovun da bilgiləri var. Çünki UEFA Çempionlar Liqasında “Araz-Naxçıvan” İsveç klubu “Uddevalla”ya qarşı mübarizə aparıb. İsveç millisinin heyəti, demək olar ki, bu komandanın üzvlərindən təşkil edilib. Yunanıstanla da tez-tez qarşılaşmışıq. Hazırda Xorvatiya qrupun favoriti qismində göstərilir. Yenə də müntəzəm şəkildə izləyirik. Yunanıstan çempiontı son illərdə inkişaf edir. Hazırkı milli əvvəlkindən fərqlənir.

- Qrupdan çıxmaq şanslarımızı necə dəyərləndirirsiniz?

- Bu haqda oyundan-oyuna danışmaq mümkündür. Xorvatiya son dövrlərdə gördüyümüz yığma deyil. Əvvəlki milli daha güclü idi. Yunanıstan və İsveç də inkişafdadır. Heyətdə dəyişikliklər olur. Ona görə də bu haqda danışmaq çətindir. Ümumilikdə şanslar bərabərdir. Kim daha diqqətli olacaqsa, o da növbəti mərhələyə vəsiqə qazanacaq.

- Əvvəlki toplanışlarda iştirak etməmişdiniz və uzun fasilədən sonra yığmaya qoşuldunuz. Hazırkı heyət haqqında fikirləriniz necədir?

- Düzdür, əvvəlki toplanışlarda sənədlə bağlı problemlər üzündən milliyə qoşula bilmədim. Üç gündür komanda ilə birlikdə məşq edirəm. Uşaqların əksəriyyətini tanıyırdım, sadəcə, birlikdə məşq etməmişdik. Hələlik güc toplamağa hesablanmış məşqlər keçirik. Perspektivli, gənc futzalçılardır. Beynəlxalq təcrübələri azdır. Gözləmədiyimiz səhvlər və ya yaxşı oyun görə bilərik. Amma potensialları var və ciddi şəkildə, düzgün hazırlaşmaq lazımdır. Belədə yaxşı nəticələr qazana bilərik.

- Komandanın fiziki durumu necədir?

- Oyunçuların fiziki durumuna klublar cavabdehdir. Artıq 4 aydır mövsüm başlayıb və mən də daxil olmaqla futzalçılar öz klublarında bu prosesi keçiblər. Milliyə hər zaman hazır formada gəlməliyik. Bu barədə məlumatı baş məşqçi verə bilər. Fiziki hazırlığın necə olduğunu oyunda görəcəyik.

- Fiziki baxımdan özünüzü tam hazır sayırsınız?

- Bilirsiniz ki, Qazaxıstan çempionatında hər tur iki oyundan ibarətdir. Ardıcıl oyunlar keçiririk. Artıq 8 tur geridə qalıb. “Astana” təlim-məşq toplanışını Azərbaycanda keçirdi. Klubumuzun prezidenti də azərbaycanlıdır. Fiziki məşqlərdə, demək olar ki, son oyunların hamısında iştirak etmişəm. Düzdür, hazırda yorğunluq var. Bir günüm yolda keçib, sonra komandaya qoşulmuşam. Oyuna qədər vaxtımız var, bərpa olunub lazımi köməyi göstərəcəyəm.

- Qazaxıstanda karyeranız necə davam edir? Hazırda komandanız hansı vəziyyətdədir?

- Necə başlamışdımsa, həmin formada, sabit şəkildə davam edirəm. 8 tur geridə qalıb. Hesabımızda 2 qələbə, 3 heç-heçə və 3 məğlubiyyət var. Hazırda millilərin matçlarına görə fasilə yaranıb. Fasilədən sonra Qazaxıstan Kubokunun oyunları baş tutacaq. Qarşıda bizi hələ xeyli oyun gözləyir.

- “Astana”nın cari mövsümdə hədəflərinə çatmaq potensialını necə dəyərləndirirsiniz?

- Komandanın son 3-4 ildə nəticələri bir o qədər qənaətbəxş deyil. Bu səbəbdən rəhbərlik ilk növbədə qarşıya pley-offa yüksəlmək məqsədi qoyub. “Astana” klubu, demək olar ki, yenidən qurulub. Əvvəlki heyətdən heç bir oyunçu qalmayıb. Heyətin formalaşdırılması prosesi davam edir. Gənc, potensiallı futzalçılar var. Millimizdə oynamış Hadi Əhmədi də “Astana"dadır. Həmçinin bir neçə təcrübəli futzalçı dəvət olunub. Mövsümün əvvəlindən fərqli son 4 turda nəticələrimiz çox yaxşıdır.

- Azərbaycan klublarına qayıtmağı düşünürsünüz, yoxsa karyeranızı Qazaxıstanda və ya başqa bir ölkədə davam etdirmək niyyətindəsiniz?

- Hazırda "Astana" ilə mövsümün sonuna qədər müqaviləm var. Qazaxıstan çempionatındakı oyunlarımıza köklənmişik. Nəinki Qazaxıstandan, başqa ölkələrdən və ya Azərbaycandan təkliflər olarsa, ən yaxşısı nədirsə, onu edərəm. Hazırda ilk növbədə yığmanın, daha sonra “Astana”nın oyunları haqqında düşünürəm.

- Azərbaycan çempionatında 6 tur geridə qalıb. Ölkənin əsas liqası ilə bağlı düşüncələriniz necədir? Ümumiyyətlə, oyunları izləmək imkanınız olur?

- Oyunları izləyirəm. Çempionatda komanda sayının, rəqabətin az olması böyük çətinliklər yaradır.

- Son ölkə çempionu “Araz-Naxçıvan”ın durumu haqqında nə deyə bilərsiniz? Komanda əvvəlki səviyyəsindən uzaqdır...

- Bu, aşkar şəkildə görünür. Reallıq budur ki, “Araz-Naxçıvan” əvvəlki gücünü itirib. Düşünürəm ki, oyunçular, məşqçilər heyəti və rəhbərlik də bunu dərk edir. Çempionluq titulunu qorumaq üçün düzgün addımlar atılacaq.

- Bu mövsüm “Araz-Naxçıvan”ın çempion olacağı nə dərəcədə realdır?

- Hazırda “Baku Fire” xal fərqi ilə irəlidədir və çempionatın lideridir. Lakin qarşıda böyük oyunlar var. “Baku Fire”nin “Neftçi” İK ilə qarşılaşmaları olacaq. Əsas rəqabət üç komanda - “Baku Fire”, “Araz-Naxçıvan” və “Neftçi” İK arasında gedəcək. Komandalar xal itirə bilər. Ümumilikdə şansları bərabər qiymətləndirirəm. Amma çempionluğa daha çox “Baku Fire” və “Araz-Naxçıvan” namizəddir. Çünki “Neftçi” İK klubunun aparıcı oyunçularından İsa Atayev sıradan çıxıb və uzun müddət oynamayacaq. Bu da komanda üçün böyük itkidir. Qış “transfer pəncərəsi”ndə komandaların heyətlərini nə dərəcədə gücləndrəcəklərindən də çox şey asılıdır.

- Azərbaycan çempionatında çıxış edən legionerlərlə bağlı düşüncələriniz necədir?

- Özüm də oyunçu olduğum üçün həmkarlarım haqqında fikir bildirmək düzgün olmaz. Məşqçilərin komandanı hansı şəkildə hazırlamasından çox şey asılıdır. Son 3 ildə Qazaxıstan çempionatında oynadığım üçün bu gün yerli və ya legionerin mənə görə fərqi yoxdur. Hər şey hazırlaşmaqdan asılıdır. İstənilən halda, hansısa yerli və ya legioner oyunçu hazırlaşıb daha yaxşı oyun göstərə bilər.

Seçilən
11
1
far.az

2Mənbələr