AZ

Şahruddinin haqqı... - KÖŞƏ

“Qarabağ”ın və millimizin dağıstanlı qapıçısı Şahruddin Məhəmmədəliyevə olan münasibətim bəllidi. Zaman-zaman bu barədə yazmışam, Şahruddini tənqid etmişəm. Onun meydanda buraxdığı səhvlər də bu tənqidləri haqlı edib. Ümumiyyətlə, “milliləşdirilmiş” futbolçulara münasibətim birmənalıdı. İlk gündən mövqeyim belə olub ki, əcnəbilərin “milliləşdirilməsindən” daha çox öz övladlarımızın yetişdirilməsinə diqqət və maliyyə ayırmalıyıq. Yalnız bundan sonra futbolumuzun, ümumilikdə idmanımızın inkişafından səmimi şəkildə danışa bilərik.

Söhbət futboldan gedirsə, konkret futbolumuza gəlib-gedən, müxtəlif yaş qrupları üzrə milli komandalarımızın formasını geyən əcnəbilərin sayını itirmişik. Onların sırasında sonradan Azərbaycanı bəyənməyənlər də olub, Ermənistan klubları ilə anlaşanlar da. Bununla belə, AFFA öz siyasətindən əl çəkməyib, daim bu işdə maraqlı olub. Səbəbi də bəllidi. Ordan-burdan tapıb, Azərbaycana gətirdikləri ikinci-üçüncü dərəcəli futbolçuları milli üzvünə çevirdikdən sonra onların qiymətini qaldırıblar, bu işdən yaxşı pul qazanıblar. Etiraf edək ki, bu sırada az-çox fərqlənən varsa, biri elə Şahruddin Məhəmmədəliyevdi. Konkret bir neçə oyunda Şahruddin millimizin xilaskarına çevrilib, “çərçivə”də keçilməz olub. Eləcə də “Qarabağ”da da yüksək səviyyədə keçirdiyi oyunlar da var.

Onun qəhrəmanlıqlarını xatırlamaqla heç də ideal qapıçı olduğunu demək istəmirəm. Bəli, Şahruddinin kobud səhvlərinə də çox üzülmüşük. Xüsusən də “Qarabağ” üçün həlledici məqamlarda qapıçının mövqeyini tərk etməsinin, yanlış ötürmə verməsinin ağır nəticələri olub. Hətta “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinin biraddımlığından da qayıdıb, ələ düşüən əla fürsəti boşa vermişik. Amma bir acı həqiqəti də etiraf etməliyik ki, yerlilər arasında son dövrlər onun səviyyəsinə gəlib çatan olmayıb. Kamran Ağayevdən sonra Azərbaycan futbolunda konkret qapıçı böhranının yaşandığı heç kimə sirr deyil. Sanki bizimkilərin müəyyən bir səviyyəsi var, ora çatandan sonra geriləməyə başlayırlar. Şahruddin isə həmin səviyyədən bir qədər də yuxarı qalxmağı bacarıb.

Uzun müddət zədədən əziyyət çəkən və yaşıl meydandan kənarda qalan Məhəmmədəliyev “Qəbələ” ilə kubok oyununda “çərçivə”yə qayıtdı. “Qarabağ” adına sevindirici məqam o oldu ki, Şahruddin qapısını toxunulmaz saxlamağı bacardı. Mən isə bu sətirləri heç də Şahruddinin meydana qayıtmasıyla bağlı yazmaq qərarına gəlməmişəm. Sadəcə, iş elə gətirdi ki, onunla bağlı şahidi olduğum bir hadisə bununla üst-üstə düşdü. “Lion”la qarşılaşmadan öncə Respublika stadionunun media girişinin önündə həmkarlarımdan birini gözləyirdim. Elə bu an önümdə Şahruddin peyda oldu və girişə doğru istiqamətləndi. Qapının qarşısında onu görən azyaşlılar isə sevincək adını çağırıb, əl-ələ görüşməyə başladılar. Uşaqların əllərini havada qoymayan Şahruddin onlarla salamlaşdıqdan sonra yoluna davam etmək istərkən qəfildən gözü azyaşlılardan birinin əlindəki enerji içkisinə sataşdı. Qapıçı bunu görən kimi həmin azyaşlıya müraciətlə “dostum, “energetik” içmə” dedi.

Şahruddinin azyaşlının qayğısına qalması, ona görə narahat olması, zərərli içkidən uzaq durmağı məsləhət görməsi məni xeyli təsirləndirdi. Düşündüm ki, Məhəmmədəliyev təkcə qapıçı kimi yox, həm də insan kimi yaxşı biridi. Həmin andaca umu-küsümü unutdum, səhvlərini bağışladım. Bu yazını da ona görə qələmə aldım ki, siz də Şahruddinin insanlığından xəbər tutasız, igidin haqqını verəsiz. Yaxşı qapıçı olub-olmamaq çox da önəmli deyil, vacib olan insanlıqdı.

AMAL

Seçilən
14
football-plus.az

1Mənbələr