AZ

Ulu Öndər azərbaycançılığı dövlətçiliyə tətbiq etdi

Azərbaycançılıq ideologiyasının çox qədim tarixi kökləri var. Tarixin qədim dövrlərindən başlamış müasir günümüzə qədər Azərbaycan xalqının adət-ənənələrini, milli-mənəvi dəyərlərini, polietnik zənginliyini özündə yaşadan və birləşdirən baxışlar sistemi kimi azərbaycançılıq ideyası təşəkkül tapıb. Azərbaycan tarixən çoxmillətli ölkə, milli və dini tolerantlığın bərqərar olduğu məkan kimi tanınıb və bu üstün cəhətlər azərbaycançılıq məfkurəsinin əsasını təşkil edib. Xalqımızın böyük mütəfəkkirlərinin, dövlət adamlarının, ictimai xadimlərinin fəaliyyətində bu ideya təkmilləşdirilərək tarixi zərurət forması əldə etdi.

Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər tariximizə ölkəmizin bütün həyati əhəmiyyətli sahələrində, o cümlədən sosial-iqtisadi, elmi-texniki və mədəni potensialın inkişafı, xalqımızda dövlətçilik və azərbaycançılıq ideyalarının yüksəldilməsi, dövlətimizin gələcək müstəqilliyinin təməlinin qoyulması, onun qorunması və daha da gücləndirilməsi dövrü kimi daxil olub. 1991-ci ildə SSRİ-nin süquta uğramasından sonra ölkəmiz müstəqillik yoluna qədəm qoydu və bununla da Azərbaycan tarixində yeni bir səhifə açıldı. Lakin xalqımızın şərəfli mübarizə, çoxsaylı qurbanlar bahasına qazandığı müstəqillik daha gərgin mübarizələrin başlanğıcı idi. Müstəqilliyimizin ilkin mərhələsində - 1991-1993-cü illərdə müstəqilliyin, ərazi bütövlüyünün qorunub saxlanılması, müstəqil iqtisadi, daxili və xarici siyasətin müəyyənləşdirilməsi kimi vacib məsələlərin həlli əvəzinə, ölkədə hərcmərclik, özbaşınalıq, siyasi-iqtisadi tənəzzül baş alıb gedirdi. Xarici təcavüz, ölkə ərazisinin 20 faizinin işğalı, yüzlərlə insanın şəhid olması, qaçqın və məcburi köçkün problemləri, siyasi qarşıdurmalar separatçı meyillər daha da gücləndi. Eyni zamanda müstəqillik illərində Azərbaycanda kommunist mənəvi-əxlaqi qaydaları məhv olsa da, sovet dövlətçiliyi, inzibati idarəetmə, iqtisadi sistem, həmçinin kommunist mədəni-mənəvi və ideoloji dəyərlər sistemi dağılsa da, onların qalıqları respublikamızda müəyyən fəsadlar yaratmaqda idi. Ona görə də sürətli iqtisadi inkişafa nail olmaq, həmçinin dövlətçiliyimizi, müstəqilliyimizi və suverenliyimizi qoruyub saxlamaq üçün Azərbaycançılıq ideologiyasının təşəkkülünə ehtiyac yarandı.

Və qarşıya qoyulmuş məqsədlərə nail olmaq, milli həmrəylik və iradə nümayiş etdirmək üçün xalqı öz ətrafında sıx birləşdirə biləcək milli liderin olması da önəmli idi. Xalqın təkidli tələbi ilə yenidən Azərbaycanda hakimiyyətə gələn dahi siyasətçi Heydər Əliyev ilk olaraq müstəqillik, azərbaycançılıq ideologiyasını milli şüurda və psixologiyada, xalqın iradəsində bərqərar etməyə nail oldu. İnsanlarda Vətən, dövlətçilik, suverenlik, vətənpərvərlik hissiyyatları gücləndi. Azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ümummilli ideologiya halına gəlməsi, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi Heydər Əliyevin tarixi xidmətidir. Ulu öndərimizin missiyası yalnız Azərbaycan dövlətinin dayaqlarının möhkəmləndirilməsi, müstəqilliyin inkişafı və dövlətçilik tariximizin müasir mərhələsinin sürəkliliyinin təmin edilməsi kimi şərəfli bir vəzifəni yerinə yetirməklə məhdudlaşmadı. O, müstəqil Azərbaycan dövlətinin yaradılması konsepsiyasını da həyata keçirdi, eyni zamanda Azərbaycan vətəndaşlarını birləşdirən, xalqımızı beynəlxalq aləmdə vahid amal, əqidə, məqsəd və məram ətrafında səfərbər edən milli təlimi - Azərbaycançılıq ideologiyasını da yaratdı.

Müdrik dövlət xadimi həm müstəqil Azərbaycanın iqtisadi strategiyasını müəyyənləşdirdi, həm də müstəqil dövlət ideologiyası olaraq azərbaycançılığın iqtisadi təməllərini formalaşdırdı. Beləliklə də, Ulu Öndər azərbaycançılığı dövlətçiliyə tətbiq etdi. Azərbaycançılığa əsaslanan milli dövlət yaratdı, bununla da xalqda dövlətçilik hissini formalaşdırdı. Məhz görkəmli şəxsiyyətin sayəsində xalqımızda dövlətə və dövlət rəhbərinə inam hissi gücləndi.

Ümummilli lider Heydər Əliyevin ideya və fikirləri, həyata keçirdiyi dövlət siyasəti Azərbaycan şəraitində sosialist ictimai-iqtisadi sistemindən yeni cəmiyyətə keçidin elmi-nəzəri və konseptual əsaslarını yaratdı. İmperiya və sosialist sistemindən azad olaraq müstəqillik yolu tutan, lakin region və dünya güclərinin üst-üstə düşməyən, kəsişən maraqları ilə üz-üzə qalan, qloballaşan dünyada öz yerini axtaran, milli mənafelərini qorumağa çalışan gənc Azərbaycan üçün Ulu Öndərin dövlətçilik təlimi əsl fəaliyyət strategiyası və proqram idi. Uzun illər öz dövlətçiliyindən və milli-mənəvi köklərindən ayrı salınan Azərbaycan xalqının özünəqayıdış və özünütəsdiqində dahi şəxsiyyətin əməli fəaliyyətinin və ideya-siyasi baxışlarının çox böyük rolu olub.

Ümummilli Lider Heydər Əliyev qeyd edirdi ki, “Milli ideologiya tarixi keçmişimizlə, millətimizin adət-ənənələri, dövlətimizin bu günü və gələcəyi ilə bağlı olmalıdır”.

Azərbaycançılıq ideologiyası tolerantlıq, çoxmədəniyyətlilik, vətənpərvərlik, milli birlik kimi dəyərlərin birləşməsinin uğurlu formulu kimi özünü göstərir. Azərbaycançılıq ideyası Azərbaycanın müstəqilliyini qorumaq, onun demokratik inkişafını təmin etməkdir. Bu ideyanın əsas məqsədi çoxmillətli Azərbaycan xalqının birləşməsi və demokratik yolla inkişaf etməsinə zəmin yaradan dəyərlər sistemini formalaşdırmaqdır. Xalqımızın milli-mənəvi dəyərlərini müdafiə etməyi, həmçinin qoruyub saxlamağı aşılayan, dövlət və vətəndaş mənafelərini üzvi şəkildə birləşdirən, eyni zamanda gənclərdə milli və hərbi vətənpərvərlik hissinin formalaşmasında mühüm rol oynayan azərbaycançılıq ideologiyası ölkədə vətəndaş birliyi üçün uğurlu təməldir. Azərbaycançılıq ideologiyası dinindən, dilindən, etnik mənsubiyyətindən asılı olmayaraq hər bir azərbaycanlını vahid amal, ideya və vətən ətrafında birləşdirir. Ulu öndərin azərbaycançılığı təbliğ etməkdə əsas məqsədi yaşadığı məkandan asılı olmayaraq, hər bir azərbaycanlıya vətənpərvərlik hissini, tarixi torpaqlarımıza, dilimizə, dinimizə, mədəni irsimizə, dövlət rəmzlərimizə məhəbbəti aşılamaq idi.

Ulu Öndər Heydər Əliyev Dünya Azərbaycanlılarının I Qurultayındakı nitqində azərbaycançılıq ideologiyasının dövlətçilik konsepsiyası və milli-mənəvi dəyərlərlə vəhdətdə olduğunu göstərdi. Bütün dünya azərbaycanlılarını birləşdirən əsas amillərin milli mənsubiyyətimiz, tarixi köklərimiz, milli-mənəvi dəyərlərimiz və milli mədəniyyətimizdən ibarət olduğunu nəzərə çatdıran Heydər Əliyev inamla bunları bildirdi: “Bizim hamımızı birləşdirən məhz bu amillərdir. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır. Azərbaycan dövlət müstəqilliyini əldən edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olub. Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq - öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir”.

Azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətin həmrəyliyinə, xalqın vahid bir ideya ətrafında mənəvi birliyinə nail olunmasında Prezident İlham Əliyevin xüsusi xidmətləri var. Məhz İlham Əliyev sayəsində milli-mənəvi və bəşəri dəyərlər artıq azərbaycançılıq ideologiyasının özəyini, onun əsas təməl prinsiplərini təşkil etməkdədir. Azərbaycançılıq ümumbəşəri dəyərlərdən yetərincə bəhrələnməklə bərabər, öz milli mentallığını qoruyub saxlamaqdadır. Bu ideya həm Azərbaycanın sərhədləri daxilində, həm də ölkəmizin hüdudlarından kənarda yaşayan hər bir azərbaycanlı üçün əsas baza mənbəyidir. Bizi uzun yüzilliklər boyu vahid bir əqidə bayrağı altında birləşdirən, ən çətin məqamlarda belə xalqımızın həmrəyliyinin təminatçısına çevrilən məhz azərbaycançılıq ideyası olub. Əgər xalqımız əsl azərbaycançılıq ideyası ilə silahlanmasaydı, öz istiqlalına qovuşa bilməz, həyatın bütün sahələrində bugünkü qədər ali zirvələri fəth edə bilməzdi. Prezident İlham Əliyevin dediyi kimi, "Azərbaycançılıq fəlsəfəsi bizim mənəvi dayağımızdır. Müstəqil siyasət, milli maraqlarımızın qorunması, milli ləyaqət, milli qürur, milli və dini tolerantlıq - budur bizim uğurlarımızın əsas şərtləri. Azərbaycanda bütün xalqlar qardaşlıq şəraitində yaşayırlar. Mən çox şadam ki, qısa bir zaman çərçivəsində bizim əsas ideoloji dayaqlarımız daha da möhkəmlənib. Azərbaycanda vətəndaş həmrəyliyi, sabitlik tam bərqərar olub. Bizim siyasətimizin əsas təməl prinsipləri Azərbaycan dövlətinin milli maraqlarının qorunmasıdır. Biz bu işdə böyük uğurlara nail olmuşuq. Bizim bütün siyasətimiz, bütün siyasi addımlarımız bir məqsəd güdür. Bu da Azərbaycanın və azərbaycançılığın daha da möhkəmlənməsi, güclü iqtisadi potensialın yaradılması, siyasi islahatların dərinləşməsi və Azərbaycan xalqının təhlükəsizlik şəraitində, rifah içində yaşamasıdır".

 

 

Gənc Nəslin Maarifləndirilməsi

 

İctimai Birliyinin sədri Mikayıl Həsənli

Seçilən
0
1
qht.az

2Mənbələr