“Mixail Kavelaşvili xarici güclərə deyil, ölkənin maraqlarına xidmət edən prezident olacaq”.
“Qafqazinfo” xəbər verir ki, bunu Gürcüstanın Birinci Kanalına açıqlamasında “Xalq Gücü” partiyasının üzvü Quram Maçaraşvili deyib.
“Mən əminəm ki, Mixeil Kavelaşvili Gürcüstanın prezident institutuna yanaşmasını dəyişəcək prezident olacaq. Təəssüf ki, Gürcüstanın son iki prezidenti arasında Gürcüstanın yox, xarici güclərin maraqlarına xidmət edənlər olub”, deyə Maçaraşvili əlavə edib.
Bununla yanaşı, Gürcüstanın hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının icraçı katibi, parlament çoxluğunun lideri Mamuka Mdinaradze ABŞ-nin Gürcüstandakı səfiri Robin Duniqanın açıqlamalarına münasibət bildirib.
Onun sözlərinə görə, Duniqan Bayden administrasiyasının sifarişi ilə fikirlər səsləndirir:
“Bu, Amerika Birləşmiş Ştatlarında təşkil edilib. Səfirə nə deyirlərsə, onu da danışır. Dunniqan da eynilə hərəkət edir. Bayden administrasiyası nə göstəriş verirsə edir, o, açıqlama verməlidir və bu bəyanatları da verir”.
O, həmçinin Gürcüstan səfirləri haqqında da danışıb və noyabrın 28-dən sonra istefa verənləri tənqid edib.