İstanbulda növbəti Beynəlxalq Strateji Kommunikasiya Sammiti - “Stratcom 24” işə başlayıb. Sammit Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə keçirilir.
Dünyanın strateji kommunikasiya sahəsi üzrə rəhbərlərini, qabaqcıl mütəxəssislərini və peşəkarlarını yenidən bir araya gətirən tədbirdə bu il “Kommunikasiya və süni intellekt: Tendensiyalar, tələlər və transformasiya” mövzusu təhlil edilir.
Builki sammitdə “Süni intellekt və strateji kommunikasiya: Azərbaycanın gələcəyi üçün bir baxiş” mövzusunda panel iclası da keçiriləcək.
“Stratcom 24” yeni texnologiyalar və süni intellektin kommunikasiya sahəsində təqdim etdiyi yeni imkanlar, təcrübələr üzərində dayanmağı, eyni zamanda, bunun yarada biləcəyi müxtəlif problemlərə diqqət çəkməyi hədəfləyir.
Sammitdə süni intellektin yaratdığı imkanlar və risklər, bu üsulla xəbərləşmə, ənənəvi mediada yeni texnologiyaların istifadəsi, yeni mediada məzmun istehsalı, dezinformasiya ilə mübarizə, informasiya təhlükəsizliyi və etik məsələlər, eləcə də əməkdaşlıq və informasiya mübadiləsinin gücləndirilməsi kimi mövzular ətrafında fikir mübadiləsi aparılacaq.