Adil Qeybulla: “Diplomsuz, sənədsiz fəaliyyət göstərmək hüquqi məsuliyyət yaradır”
Son günlər plastik cərrahiyyə, onun yaratdığı fəsadlar cəmiyyətin müzakirə mövzusudur. Əsasən, qadınların üz tutduğu bu cür əməliyyatlar həmişə uğurlu alınmır. Bunun səbəblərindən biri isə cərrahların, həkimlərin qeyri-peşəkarlığıdır.
Ötən ay Azərbaycanda 50-ə yaxın saxta plastik cərrahın olması ilə bağlı xəbərlər yayılmışdı. Belə ki, ABŞ-də yaşayan Qənirə Ataşova sosial şəbəkə hesabında saxta plastik cərrah olduğu iddia edilən 50 nəfərin adını paylaşmış, bundan sonra həmin şəxslər və müəssisələrlə bağlı hüquq-mühafizə orqanları və Səhiyyə Nazirliyi tərəfindən araşdırmalara başlanmışdı.
Qeyd edək ki, son dövrlər ölkədəki plastik cərrahlarla bağlı şikayətlər artıb, hətta barəsində cinayət işi qaldırılan cərrahlar da var. Maraqlıdır, plastik cərrahlar necə lisenziya alır? Nazirlik bunları yoxlamırmı? Bu qədər uğursuz cərrahi əməliyyatların səbəbi nədir?
“Hər beş ildən bir həkimlər akkreditasiya edilir, onlara lisenziya verilir, həkim çoxsaylı ağırlaşmalara yol versə, o zaman...”
Professor Adil Qeybulla “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bütün dünyada tibb fəaliyyəti ilə bağlı əsasnamələr, qaydalar var: “Baza tibb təhsili universitetlərdə verilir və bununla bağlı diplom təqdim olunur. Azərbaycan Tibb Universiteti və yaxud Azərbaycanın diplomunu tanıdığı xarici ölkələrin universitetlərində təhsil almış şəxslər ölkəmizdə tibbi fəaliyyətlə məşğul ola bilərlər. Bundan sonra rezidentura pilləsi olmalıdır. Rezidentura tibb ixtisasları üzrə baza ali tibb təhsili əsasında həkim-mütəxəssis hazırlığı formasıdır. Rezidentura pilləsini bitirən şəxs həmin sahədə fəaliyyət göstərə bilər. Bu ona verilən hüquqdur. Dünyanın hər yerində bu məsələlər belə həll edilir. Həkimlər daim təkmilləşdirilməlidirlər, praktikada, təcrübə mübadiləsində olmalıdırlar. Bununla bağlı akkreditasiya sistemi var. Hər beş ildən bir həkimlər akkreditasiya edilir, onlara lisenziya verilir. Həkim çoxsaylı ağırlaşmalara yol versə, işindən şikayətlər, məhkəmə araşdırmaları olsa və yaxud onun fəaliyyəti klinikalar tərəfindən qeyri-qənaətbəxş sayılsa, əlbəttə ki, növbəti mərhələdə ona lisenziya verilə bilməz. Məsələ bu cür həll edilir. Hesab edirəm ki, dünya praktikasından istifadə etsək, şikayətlər, ağırlaşmalar və problemlər ortaya çıxmaz”.
Ekspert onu da əlavə etdi ki, Almaniyada, İngiltərədə və s. yeni ixtisasa yiyələnmək istəyən şəxs həmin ixtisasın rezidenturasına keçməlidir. Sonra imtahan verərək, həmin ixtisasa sahib olmalıdır: “Ümumiyyətlə, bu sahədə diplomsuz, sənədsiz fəaliyyət göstərmək hüquqi məsuliyyət yaradır. Ona görə də müvafiq qurumlar bu məsələ ilə ciddi şəkildə məşğul olmalıdır. İctimaiyyət də bu məsələni diqqətdə saxlamalıdır”.
Günel CƏLİLOVA