Yeni il yaxınlaşdıqca bir sıra ərzaq məhsullarının qiyməti yüksəlir. Xüsusən də, kəndlərdə, həyətyanı təsərrüfatlarda bəslənilən quşların qiymətində kəskin bahalaşma var. Məsələn, “kənd beçəsi”nin 1 kiloqramı 10-13 manata, hind toyuğunun kiloqramı cinsindən asılı olaraq 17-22 manat arasında dəyişir.
Bundan əlavə, qaz, ördək və digər quşların da qiymətində kəskin artım var.
Mütəxəssislər hesab edir ki, bu qiymət artımı bir çox hallarda süni yaradılır. Çünki kəndlilər yetişdirdikləri məhsulları gətirib şəhərdə sata bilmir. Bunun üçün lazımi imkanlar yoxdur. Məcburiyyət qarşısında qalan təsərrüfat sahibləri bəslədiyi quşları dəyər-dəyməzinə alverçilərə satırlar.
Onlar da özlərinə məxsus şəbəkələrdə rahatlıqla həmin quşları müştərilərə təqdim edirlər. Hətta Bakı şəhərindəki bazarlara belə xırda təsərrüfat sahiblərinin girişi müşkül məsələyə çevrilib. Ona görə də bu bazarlara üz tutan kəndliləri də qarşılayan və yola salan ancaq alverçilərdir.
Yoxa çıxan yarmarkalar
Kənd Təsərrüfatı Nazirliyi əvvəllər davamlı olaraq “Kənddən şəhərə” yarmarkası təşkil edirdi. Ancaq son bir ildə bu ənənə də pozulub. Yalnız bu günlərdə Nazirlik elan verib ki, Bakı şəhərində bir ünvanda - “Gənclik” metrosu yaxınlığında ənənəvi yarmarka təşkil ediləcək. Təbii ki, milyonlarla əhalinin yaşadığı Bakıda cəmi bir ünvanda yarmarkanın təşkili də faydasızdır.
Bəs nə etməli?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, hər nə qədər alverçilər üstünlük təşkil etsələr də, əvvəllər şəhərin ayrı-ayrı ünvanlarında yarmarkalar təşkil edilirdi:
“Bu da qiymətlərə müəyyən təsir edir, alıcıların seçim imkanını artırırdı. Amma nəyə görəsə son zamanlar bu ənənə pozulub. Bundan ən çox faydalanan isə işbazlardır. Onlar marketlər şəbəkələri ilə işbirliyinə gedərək süni şəkildə qiymətləri qaldırırlar.
Kənd Təsərrüfatı Nazirliyinin nəzdində bir qurum var: “Aqrar tədarük və təchizat” ASC. Bu qurumun nəylə məşğul olduğu bilinmir. Yaxşı olardı ki, həmin qurum regionlarda xüsusi tədarük kontorları açsın. Həmin kontorlar da birbaşa kəndlərdə xırda təsərrüfat sahibləri ilə ünsiyyətdə olub, istehsal etdiklərini məhsulları rahat şəkildə onlardan ala bilər. Nəticədə, həm istehsalçının marağı artar, həm də süni qiymət artımının qarşısı alınar”.
Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin mövqeyini öyrənməyə çalışdıq. Lakin cəhdlərimiz faydasız oldu.
Bakı Şəhər Ticarət və Xidmət Departamentindən isə Bizim.Media-ya bildirilib ki, bu il də yeni il yarmarkalarının təşkil edilməsi gözlənilmir.
Surxay Atakişiyev, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta