Hər halda, çalışdırıcısız qubalılar 12-ci turda “Kür Araz”ı 3:2 hesabıyla məğlub etdi. Həmin oyunun iştirak ərizəsində baş məşqçi kimi Kamran İsmayılov göstərilib. Amma Quba təmsilçisi hələ də “sükanı arxasına” kimi gətirəcəyinə qərar verməyib. Bəs 2-ci liqa klubu qış fasiləsinə qədər yeni mütəxəssislə anlaşacaqmı? “Hypers Quba”nın prezidenti Ayaz Abdullayev “Football-plus.az”a bu haqda danışdı:
“Kamran İsmayılov bizdə köməkçi-məşqçi olub. Daha öncə məşqçi də olub. Hələlik komandanı oyunlara o çıxarır. Bizim məşqçimiz, yəqin ki, növbəti dövrədə olacaq. Yəni qış fasiləsində bu məsələni həll edəcəyik. Bir neçə namizəd üzərində müzakirə aparırıq. Bizə çılğın məşqçi lazımdı. İkinci yox, birinci liqada da nəticə verəcək məşqçi istəyirik. Hələ ki axtarırıq”.
RÖYANƏ OĞUZ