İki ölkənin dövlət himnləri ilə başlayan tədbirdə SOCAR Türkiyə şirkətinin icraçı direktoru Elçin İbadov Ulu Öndər Heydər Əliyevin Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında tarixi roluna toxunub, onun uzaqgörənliyi və müdrikliyinin ikitərəfli münasibətlərimiz üçün möhkəm təməl olduğunu qeyd edib.
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov mərasimdə çıxış edərək "Müasir Azərbaycan dövlətçiliyinin memarı olan Heydər Əliyev Azərbaycan və Türkiyə arasındakı münasibətlərin hazırkı səviyyəsinin də təməllərini atmışdır. Bu gün ölkələrimizin birlikdə həyata reallaşdırdığı transmilli layihələr yalnız Azərbaycan və Türkiyə üçün deyil, bütün region üçün yeni imkanlar yaradır. Ümummilli lider Heydər Əliyevin anım günündə Azərbaycan və Türkiyənin Ulu öndərləri, iki dahi şəxsiyyət Heydər Əliyev və Mustafa Kamal Atatürkün büstlərinin açılışının edilməsi xüsusilə önəmli bir hadisədir" deyə bildirib.
İzmir böyük şəhər bələdiyyəsinin sədri Cəmil Tuqay qardaş ölkələrin dəyərli şəxsiyyətlərinin büstlərinin açılışında iştirak etməkdən məmnunluğunu vurğulayıb və onların Azərbaycan-Türkiyə bağlarının sarsılmazlığını fəaliyyətləri ilə sübut etdiyini bildirib.
İzmir valisinin müavini Kamil Kötən Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" və Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" sözlərini xatırladaraq ikitərəfli münasibətlərimizin daim inkişaf etdiyini vurğulayıb və SOCAR Türkiyə şirkətinin fəaliyyətinin qürurverici olduğunu dilə gətirib.
Protokol çıxışlarının ardından Ümummilli lider Heydər Əliyevin və Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün büstlərinin açılışı olub və abidələr önünə gül çələngi qoyulub.
Tədbir Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş fotosərginin nümayişi ilə başa çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31