AZ

Rusiya Suriyadakı bazalarını orda saxlamaq üçün danışıqlar aparır

Rusiya Suriyanın yeni rəhbərliyi ilə Tartus dəniz limanı və Hmeymim hava bazasındakı hərbi bazalarını saxlamaq üçün danışıqlar aparır.

Modern.az xəbər verir ki, bu barədə Bloomberg xəbər agentliyi Moskva, Avropa və Yaxın Şərqdən olan anonim mənbələrə istinadən bildirib.

Suriyanın Tartus şəhərindəki dəniz bazası Rusiyanın Aralıq dənizindəki yeganə mərkəzidir və hərbi hava bazası Rusiyanın Afrikadakı əməliyyatlarını dəstəkləmək üçün istifadə olunur.

“Rusiya Federasiyasının Müdafiə Nazirliyi Əsədi devirmiş “Heyət Təhrir əş-Şam” qruplaşması ilə onun Suriya bazalarında qala bilməsi ilə bağlı qeyri-rəsmi razılaşmaya malik olduğuna inanır”, - Rusiya mənbəsi bildirib.

Agentliyin məlumatına görə, Suriyada qeyri-sabitlik fonunda vəziyyət hələ də dəyişə bilər.

KİV xəbər verir ki, Suriyanın keçid hökumətinin nümayəndələri ilə bu məlumatı yoxlamaq mümkün olmayıb.

Xatırladaq ki, Suriyadakı hərbi qiyam zamanı Rusiya kontingenti əvvəlcə hökumət qüvvələrinə dəstək verməyə çalışsa da, müxalif silahlılara hava zərbələri endirsə də, sonda Əsəd hökuməti devrildi.

Bundan sonra Suriya prezidenti ailəsi ilə birlikdə ölkəni tərk edərək Rusiyadan sığınacaq aldı.

Seçilən
15
1
modern.az

2Mənbələr