ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp yanvarın 20-də baş tutacaq inauqurasiya mərasimində iştirak etmək üçün müxtəlif dünya liderlərinə, o cümlədən Çinin sədri Si Cinpinə dəvət göndərib. Lakin Çin lideri dəvəti rədd edəcək. Vətəninfo.az xəbər verib ki, bu barədə CBS News mövzu ilə tanış olan mənbələrə istinadən məlumat yayıb.
Standart təcrübə olan andiçmə mərasimində Çinin ABŞ-dakı səfiri və həyat yoldaşının iştirakı gözlənilir. CBS News mənbələri həmçinin Pekindən başqa rəsmilərin də onlara qoşula biləcəyini qeyd ediblər.
Dekabrın 12-də Donald Trampın mətbuat katibi Caroline Leavitt Si Cinpinə dəvət göndərilməsi ilə bağlı məlumatı təsdiqləyib. Çinin Vaşinqtondakı səfirliyi şərh verməkdən imtina edib.
Associated Press agentliyi xəbər verir ki, ekspertlərin fikrincə, təhlükəsizlik məsələləri, Tayvan məsələsi, Trampın andiçmə mərasimindən sonra 60% rüsum tətbiq edəcəyi vədi nəzərə alınaraq, Si Cinpin yanvarda Vaşinqtona getməyəcək.