AZ

Aqil Abbas "Qarabağ"ın məğlubiyyətindən danışdı: "Onların səviyyəsinə düşəcək"

“Qarabağ” Futbol Klubu Avropa Liqasının Liqa mərhələsində VI tur çərçivəsində növbəti oyununa çıxıb. Ağdam təmsilçisi səfərdə İsveçin “Elfsborq” klubu ilə qarşılaşıb. “Qarabağ” oyun, taktiki və texniki göstəricilər baxımından üstün olsa da, meydanı məğlub tərk edib. Oyun İşveç təmsilçisinin minimum üstünlüyü (1-0) ilə başa çatıb. Sözsüz ki, “Qarabağ”ın növbəti dəfə oyunu məğlub olaraq başa vurması uğursuzluq ssenerisi ilə yanaşı, azerkeşlərin də məyusluğuna səbəb olub.

Teleqraf.com-a açıqlamasında sadiq “Qarabağ” azarkeşi Milli Məclisin deputatı Aqil Abbas nəticəyə baxmayaraq komandanın yaxşı oyun sərgilədiyini deyib.

“Bu futboldur. Udmaq da, uduzmaq da olar. Amma nə qədər ki, Azərbaycanın futbol çempionatında “Qarabağ” kimi 5 komanda olmayacaq, o vaxta qədər Avropada nəsə əldə etmək mümkün deyil. Çünki “Qarabağ” İsveçdən qayıdıb “Kəpəz”, “Sumqayıt”, “Səbail” klubları ilə oynayıb, onların səviyyəsinə düşəcək”, - deyə əlavə edib.

Millət vəkili hesab edir ki, Azərbaycanda futbol çempionatı “Qarabağ” səviyyəsində ən azı 5 komanda arasında keçsə, nəticələr başqa olar:

“Bundan sonra bizim komandalar gedib Avropada nəsə edə bilər. Amma bütün bunlara baxmayaraq axşamkı oyunda “Qarabağ” yaxşı oynadı. Uduzsalar da onları yaxşı oyuna görə təbrik edirəm”.

Aqil Abbasın fikrincə, “Qarabağ"ın oyunçularını axşamkı oyunun nəticələrinə görə qınamaq lazım deyil: “Hər oyunçu elə hər dəfə yaxşı oynaya bilməz. Heç kim Messi və ya Ronaldo deyil. Zubir yaxşı oyunçu olsa da, axşamkı oyunu alınmadı. Buna baxmayaraq komanda bizimdir, uduzsa da, arxasında durmaq lazımdır”.


Müəllif: Tapdıq Qurbanlı
Seçilən
41
teleqraf.com

1Mənbələr