Milli Məclisdə bir sıra qanun layihələri ilə yanaşı, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə layihə komitə müzakirələrindən sonra plenar iclasa çıxarılacaq.
Musavat.com bildirir ki, qanun layihəsində bir sıra yeniliklər əksini tapıb.
Paralel olaraq Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə də əlavə və dəyişikliklər nəzərdə tutulub. Məcəllənin 321-ci maddəsində “çağırışdan boyun qaçırma” dedikdə vətəndaşların üzrlü səbəblər olmadan tibbi müayinəyə (tibbi şəhadətləndirilməyə), müddətli həqiqi hərbi xidmətə, toplanışlara və səfərbərlik üzrə hərbi xidmətə çağırış üzrə gəlməməsi başa düşülür.
İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, “Çağırışçıların və hərbi vəzifəlilərin yaşayış yeri üzrə qeydiyyata alınması və ya qeydiyyatdan çıxarılması, əlilliyinin müəyyən edilməsi, onların soyadının, adının, atasının adının dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında doğum tarixi və yeri haqqında dəyişikliklər edilməsi, ölümünün qeydiyyatı, habelə onlar barəsində cinayət işinin başlanılması və ya məhkəmənin qanuni qüvvəyə minmiş hökmü barədə məlumatı müvafiq icra hakimiyyəti orqanına təqdim etməli olan aidiyyəti orqanlar tərəfindən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətlərdə təqdim edilməməsinə görə - vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər doqquz yüz manatdan min yüz manatadək məbləğdə cərimə edilir”.
“Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə aşağıdakı dəyişiklik təklif edilir.
Müvafiq maddənin birinci hissəsinin ikinci abzasında “36,5” rəqəmlərinin “31,5” rəqəmləri ilə əvəzlənməsi nəzərdə tutulur.
Yəni mövcud qanunvericiliyə əsasən, həqiqi hərbi xidmətdə olan vətəndaş üçün yaş həddi 36,5 götürülürsə, yeni layihədə bu 31,5-ə endirilir.
Həmçinin 5.2.1. üçüncü hissənin ikinci cümləsində “35” rəqəmlərinin “30” rəqəmləri ilə və “uçotuna” sözü “hərbi qeydiyyatına” sözləri ilə əvəz edilməsi nəzərdə tutulur. Eyni zamanda “35” rəqəmlərinin “30” rəqəmlərinin ilə əvəz edilməsi təklif olunur: “Səfərbərlik üzrə hərbi xidmətə çağırışdan möhlət verilməsi qaydalarında da yeniliklər nəzərdə tutulur. “Səfərbərlik üzrə hərbi xidmətə çağırışdan möhlət verilməsi bu Qanunun 15-ci maddəsində qeyd olunan halları təsdiq edən sənədlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən əldə edildikdən sonra təmin olunur. Bu zaman səfərbərlik üzrə hərbi xidmətə çağırışa möhlət verilməsi haqqında qərar müvafiq icra hakimiyyəti orqanının informasiya sistemində “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd formasında formalaşdırılır və müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin təkmil sertifikatlı gücləndirilmiş elektron imzası ilə təsdiqlənir.
Həmin elektron qərar real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının informasiya sistemindən Elektron Hökumət İnformasiya Sisteminə göndərilərək vətəndaşın həmin informasiya sistemində tanış olması və elektron sənəd formasında əldə etməsi imkanı təmin olunur. Eyni zamanda, Elektron Hökumət İnformasiya Sistemi tərəfindən vətəndaşa real vaxt rejimində qeyd olunan sənədin elektron kabinetdə yerləşdirilməsi, elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumat göndərilir”.
Təklif olunan digər qaydaları təqdim edirik: Çağırışçı barəsində rayon, şəhər, şəhərdə rayon çağırış komissiyası tərəfindən qəbul edilmiş qərar 3 gün ərzində onun elektron kabinetinə yerləşdirilir, bu mümkün olmadıqda isə digər vasitələrlə göndərilir.
Tibbi müayinəyə cəlb olunan çağırışçılar bu Qanunun 6.2-2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılırlar. Çağırışçılar çağırış vərəqəsində qeyd olunan müddətdə müvafiq tibb müəssisəsinə gəlməlidirlər. Tibbi müəssisələr tərəfindən aparılmış tibbi müayinələrin nəticələri, həmçinin bu Qanunun 15.3-cü maddəsində nəzərdə tutulan yekun tibbi müayinənin nəticələri elektron formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə ötürülür.
Bundan əlavə, “Sağlamlıq vəziyyətinə görə 1 il müddətinədək möhlət verilmiş çağırışçılar möhlət müddəti bitdikdən sonra, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar isə 30 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər.”;
Təhsili davam etdirmək üçün çağırışa möhlət verilməsi qaydalarına gəldikdə;
21.1. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasında və ya xarici ölkələrdə dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında, elmi müəssisə və təşkilatlarda təhsil alan aşağıdakı çağırışçılara təhsilini davam etdirmək üçün təhsil pilləsi (təhsil pilləsinin hər bir səviyyəsi) üzrə yalnız bir dəfə möhlət verilir:
21.1.1. ümumi təhsil müəssisələrində tam orta təhsil alanlara – 20 yaşınadək;
21.1.2. peşə təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış çağırışçılara – 20 yaşınadək;
21.1.3. orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış çağırışçılara – 21 yaşınadək;
21.1.4. əyani təhsilalma formasında bakalavriatdatəhsil alanlara – müvafiq təhsilini bitirənədək, lakin 24yaşdan çox olmamaqla (bu Qanunun 21.8-ci maddəsində qeyd olunan çağırışçılar istisna olmaqla);
21.1.5. əyani təhsilalma formasında magistraturada təhsil alanlara – müvafiq təhsilini bitirənədək, lakin 26 yaşdan çox olmamaqla (bu Qanunun 21.8-ci maddəsində qeyd olunan çağırışçılar istisna olmaqla);
21.1.6. əyani təhsilalma formasında əsas (baza ali) tibb təhsili səviyyəsində və rezidenturada təhsil alanlara – təhsilini bitirənədək;
21.1.7. əyani təhsilalma formasında doktoranturada (adyunkturada) təhsil alanlara – təhsilini bitirənədək;
21.1.8. doktoranturaya (adyunkturaya) qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara - 3 ay müddətinə.
21.2. Müvafiq təhsil pilləsini (səviyyəsini) bitirən çağırışçılara ali təhsil pilləsinin bakalavriat və ya magistratura səviyyələrinə keçirilən qəbul imtahanlarında iştirak etmək üçün əvvəlki təhsil pilləsini (səviyyəsini) bitirdiyi tarixdən 3 ay müddətinə möhlət verilir.
21.3. Çağırışçılar təhsil almaları haqqında rəsmi sənədi çağırışa cəlb edildiyi ayadək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim etmədikdə ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
21.4. Təhsilini davam etdirmək üçün müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilmiş çağırışçılar verilmiş möhlətdən imtina etdikdə ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
21.5. Ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər 6 ay müddətində ali təhsil müəssisəsinə bərpa olunmadıqda çağırışa möhlət hüquqlarını itirirlər və ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
21.6. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilənqaydalarla çağırışçılara verilmiş akademik məzuniyyət müddəti hər təhsil pilləsi (səviyyəsi) üzrə bir dəfədən çox olmamaqla nəzərə alınır və təhsili davam etdirmək üçün müddətli həqiqi hərbi xidmətə çağırışa verilmiş möhlət müddətinə hesablanmır.
21.7. Təhsilini davam etdirmək üçün müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilmiş və müddətli həqiqi hərbi xidmətə çağırılmamış çağırışçılar 30 yaşa çatanadək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
21.8. Dövlət proqramları və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə xarici ölkələrin səlahiyyətli orqanları arasında imzalanmış beynəlxalq müqavilələr əsasında tələbə mübadiləsinə dair hökumətlərarası təqaüd proqramları çərçivəsində təhsil alan çağırışçılara təhsilini bitirənədək möhlət verilir.
21.9. Müvafiq təhsil pilləsini (səviyyəsini) bitirən çağırışçılara dövlət proqramları və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə xarici ölkələrin səlahiyyətli orqanları arasında imzalanmış beynəlxalq müqavilələr əsasında tələbə mübadiləsinə dair hökumətlərarası təqaüd proqramları çərçivəsində ali təhsil pilləsinin bakalavriat, magistratura və ya doktorantura (adyunktura) səviyyələrinə keçirilən qəbul imtahanlarında iştirak etmək üçün əvvəlki təhsil pilləsini (səviyyəsini) bitirdiyi tarixdən 6 ay müddətinə möhlət verilir.
E.Paşasoy,
Musavat.com