Konfrans Liqasının V turunun “Dinamo” (Minsk, Belarus) - “Larne” (Şimali İrlandiya) matçından (2:0) sonra meydan sahiblərinin futbolçusu Aleksey Qavrilov apasport.az saytına müsahibə verib.
- “Sumqayıt”da ilk qələbənizi qazandınız. Oyun haqqında düşüncələrin…
- Asan matç olmadı. Rəqib bütün qüvvəsi ilə müdafiə olunurdu. Cərimə meydançası yaxınlığında boşluq tapmaq çətin idi. Yaxşı ki, penalti və künc zərbəsindən qollar vura bildik. İlk topu sonra rəqib irəli atıldı və daha bir qol vurduq. Yaxşı ki, belə alındı.
- Pley-off şanslarınızı necə dəyərləndirirsən?
- Turun bütün oyunları başa çatdıqdan sonra şanslarımızın necə olduğuna aydınlıq gələcək. Hər şey özümüzdən asılı deyil. Ümid edirik ki, son tur öncəsi şanslarımız qalacaq və qələbəyə tam köklənəcəyik.
- Növbəti rəqibiniz daha güclüdür… “Panatinaikos” barədə necə düşünürsən?
- Çox ciddi klub, güclü rəqibdir. Qarşıdakı bir həftəni onların analizinə həsr edəcəyik. Amma aydın məsələdir ki, Avropa səviyyəsində ciddi komandadır. Biz də görüşə ciddi hazırlaşacağıq.
- Azərbaycan səfəri barədə nə deyə bilərsən? Bakı və Sumqayıtı bəyəndin?
- Ölkəniz və gördüyümüz şəhərlər çox əladır. Yalnız müsbət təəssüratlarım var. Oyundan az əvvəl şəhəri gəzdim, İçərişəhərdə oldum. Çox xoşuma gəldi. İlk dəfəydi oranı görürdüm. Bakı çox əla şəhərdir. Qaldığımız, avtobusla keçdiyimiz yerlər, şəhərin mərkəzi çox gözəldir. Yalnız valeh olmaq mümkündür. İnfrastruktur, arxitektura, hər şey superdir.
- Sumqayıtda iki məğlubiyyət, 1 qələbə. Sumqayıtı necə xatırlayacaqsız?
- Bizi burda çox isti və möhtəşəm qarşıladılar. Gözəl stadion, mükəmməl meydança var. Təəssüf ki, bizdən və sizdən asılı olmayan səbəbdən azarkeşlər yox idi. Düşünürəm ki, oyunlarımıza gələnlər olardı. Əfsuslar olsun ki, belə super stadionda azarkeşsiz oynadıq.
- Azərbaycan futbolundan nə dərəcə məlumatlısan?
- “Qarabağ” haqda məlumatım var. Avrokubokların qrup mərhələlərinin daimi iştirakçısıdır. Biz “Linkoln”la oynamazdan öncə “Qarabağ” bu komanda ilə qar’ılaşmışdı. Həmin oyunlara baxaraq analizlər aparmışdıq. Çox güclü komandadır. Yaxşı stadionları var. Respublika stadionunda yığmamızın heyətində millinizə qarşı oynamışam. Çempionatınızı dərindən izləməmişəm. Amma “Qarabağ”a əsasən, çempionatın yaxşı səviyyədə olduğunu söyləyə bilərəm. Çünki bura yüksək səviyyəli legionerlər gəlir. Hesab edirəm ki, futbolunuz yaxşı inkişaf edir.
- Rusiya futbolunun əfsanələrindən Vasili Berezutski hazırda Azərbaycanda çalışır. Mütəxəssis barədə düşüncələrin necədir?
- Betezutski həqiqətən də Rusiya futbolunun əfsanəsidir. Təəssüf ki, ona qarşı oynamamışam. Şəxsi tanışlığım yoxdur. Amma bilirəm ki, çox güclü futbolçu olub. Düşünürəm ki, güclü məşqçi də olacaq. Onun rəhbərliyi altında “Sabah” daha da irəli gedə biləcək.
- İki belaruslu futbolçu Azərbaycan Premyer Liqasında çıxış edir. Yeqor Boqomolski və Yeqor Xvalko ilə tanışlığın var?
- Boqomolski ilə tanışlığımız var. Mən “Dinamo”ya gələndə o əsas komandaya yeni qoşulmuşdu. Peşəkar karyerasına gözümün qabağında başladı. O, çox gənc idi. 17, ya 18 yaşı var idi. Artıq o zamandan görünürdü ki, istedadlıdır. Yaxşı oynamaq üçün bütün göstəricilərə malikdir. Yalnız məşqçinin etimadı və daimi oyun praktikası lazımdır. Sonradan özünü yaxşı göstərdi və hazırda “Neftçi” kimi köklü klubun şərəfini qoruyur.
İsmayıl Xeyrullayev
"Elfsborq"un baş məşqçisi: "Qələbə qazandığımız üçün xoşbəxtəm"
Azərbaycan çempionatı: 4 matçda 30 qol
Santuş DÇ-2026-nın püşkatma mərasimində iştirak edəcək
Azərbaycan reytinqdə geriləyib
“Qarabağ”ın şansı möcüzələrə qaldı - YENİLƏNİB