Rusiya Ukraynanın enerji infrastrukturuna ən böyük zərbələrdən birini vurub.
İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski bildirib. O deyib ki, bu gün Rusiya Federasiyası Ukraynanı ölkənin enerji obyektlərinə 93 qanadlı və ballistik raketlə vurub.
“81-i vurulub, onlardan 11-i F-16 qırıcılarının köməyi ilə vurulub”, – Ukrayna lideri bildirib.
Hücumda 200 pilotsuz təyyarə də iştirak edib.
Qeyd olunur ki, İvano-Frankovsk bölgəsi bu gün müharibə zamanı ən kütləvi hücuma məruz qalıb.
“Ukrenergo” Rusiya zərbələri səbəbindən bu gün üçün elektrik kəsilməsinin həcmini artırıb.
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) məlumatına görə, Ukraynada fəaliyyət göstərən atom elektrik stansiyalarının 9 enerji blokundan 5-i elektrik enerjisi istehsalını azaldıb.
Öz növbəsində ABŞ-ın Kiyevdəki səfiri bildirib ki, hücumların hədəfi təkcə enerji sistemi deyil, həm də bütün Ukrayna ərazisində nəqliyyat şəbəkələri və “əsas obyektlər”dir.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi dekabrın 11-də Ukraynanın Rusiyanın Taqanroq şəhərinə endirdiyi ATACMS raket zərbələrinə cavabın qaçılmaz olacağı barədə xəbərdarlıq etmişdi.
Xuraman Etibarlı
İnterpress.az