AZ

Hərbi xidmətlə bağlı yeniliklər: “Çağırış yaşı 30 yox, 28-ə endirilməlidir”

Hərbi xidmətə çağırış müddətinin yuxarı həddi 35 yaşdan 30 yaşa endirilir. Bununla bağlı “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik edilməsi təklif edilib.

Mövzu ilə bağlı "Yeni Sabah"a danışan ehtiyatda olan polkovnik Üzeyir Cəfərov bildirib ki, əslində, çağırış yaşı daha da azaldılmalıdır:

“Məsələ burasındadır ki, əvvəllər çağırış yaşını qaldıranda Qarabağ münaqişəsi əsas gətirilirdi. İndi bu məsələ həllini tapıb və mən çağırış yaşının hətta 30 yox, 28-ə endirilməsinin tərəfdarıyam.

Uzun illər ömrünü hərbiyə sərf etmiş biri kimi deyə bilərəm ki, əvvəla, minimum çağırış yaşı 18 yox, 20 olmalıdır. Təsəvvür edin ki, bir çağırışçının 18, digərinin isə 35 yaşı var. Aradakı yaş fərqi görün nə qədərdir! Bu istər-istəməz komandirlər üçün əlavə problemlər yaradırdı. Çünki yaşlı adam ona verilən tapşırığı çox ləng yerinə yetirir. Onun fiziki bacarığı imkan vermir ki, 18 yaşlı gənc kimi qaçsın, sürünsün və s.

Qanunvericiliyə təkliflər hələ təsdiqlənməsə də, inanıram ki, bir müddət sonra çağırış yaşı 30-dan 28-ə endiriləcək. Fikrimcə, kimin elmə, incəsənətə, yaxud başqa bir sahəyə marağı varsa, ona o şərait yaradılmalıdır. Bu baxımdan orta məktəbi bitirdikdən sonra uşaqlara ən azı 2 il şərait yaratmaq lazımdır.

Yeri gəlmişkən, mən il ərzində 4 dəfə çağırışın da qəti əleyhinəyəm. İldə maksimum 2 dəfə çağırış kifayətdir”.

Ü. Cəfərov hərbi məktəb və akademiyalardan qovulan kursantların müddətli hərbi xidmətə cəlb olunması ilə bağlı yeni qərarı da anlaşılmaz sayır:

“Bu məsələyə, peşəkar kimi, etirazımı bildirdim və əsaslandırdım. Çünki bir çox güc strukturlarının ali məktəbləri var. Bizim hörmətli deputatlar isə qanunda yazıb ki, keçmiş kursant çağırışçı kimi xidmət etdikdən sonra korpus komandirinin əmri ilə təxris olunur. Mən də bildirdim ki, Dövlət Sərhəd Xidmətində, Daxili Qoşunlarda, Fövqəladə Hallar Nazirliyində korpus sistemi yoxdur. Korpus sistemi yalnız Müdafiə Nazirliyindədir. Belə olan halda deputatlar bu qanunu bir nazirlik üçün qəbul edir, yoxsa bütün Silahlı Qüvvələr?

Acizdirlər, heç nə deyə bilmirlər! Tutaq ki, hansısa intizamsız kursantı hər hansı bir hərbi hissəyə xidmət üçün göndərdilər. Hərbi hissə komandiri həmin kursantı xidmətdən necə və hansı müddətə tərxis edəcək? Komandir istəsə belə keçmiş kursantı qanunla tərxis edə bilməz. Qanunda belə bir müddəa yoxdur.

Guya deputatlarımız yenilik ediblər. Halbuki hər şey dəqiq olmalıdır. Kursant onsuz da hərbi təhsili boyunca xidmət edir. Onları cəza üçün hərbi hissəyə göndərmək bilirsiniz nə deməkdir?! 4 il kursant botusu geyinmiş bir adamla yeni əsgəri eyni sıraya qoymaq olmaz!”

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
6
50
yenisabah.az

10Mənbələr