Azərbaycanın Pakistandakı səfirliyində Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad edilib, büstü önünə gül dəstələri qoyulub.
Azərbaycanın Pakistandakı səfir Xəzər Fərhadov çıxış edərək, həyatını Azərbaycanın tərəqqisinə həsr etmiş Ümummilli Lideri Heydər Əliyevin vəfatından iyirmi bir il ötməsinə baxmayaraq əziz xatirəsinin azərbaycanlıların ürəyində daimi yaşadığını vurğulayıb. Diplomat bildirib ki, müasir Azərbaycanın inkaşıfının və azərbaycançılıq ideyasının qorunub saxlanmasında məhz Heydər Əliyevin müdrik siyasəti dayanır. Qeyd olunub ki, Azərbaycan xalqı hər zaman Ümummilli Lider Heydər Əliyevin xatirəsini əziz tutacaq.
Həmin gün Ümummilli Liderin anım günü münasibətilə səfirliyin əməkdaşları İslamabad şəhərində fəaliyyət göstərən Talassemiya Mərkəzinə (Sundas Fondu) gedib. Səfirliyin əməkdaşları mərkəzin tibb heyəti, pasiyentləri, eləcə də onların ailə üzvləri ilə görüşülüb. Görüş zamanı ulu öndər Heydər Əliyevin əziz xatirəsi anılıb, Azərbaycanın inkişafı və Pakistanla münasibətlərinin təməlinin qoyulmasında əvəzsiz töhfələri barədə məlumat verilib, səfirlik tərəfindən hazırlanan yardım paketləri mərkəzə təqdim edilib.
Qulu Kəngərli
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Daşkənd