AZ

Zelenski: Ukrayna ərazisinə 93 raket və 200-ə yaxın dronla kütləvi hava hücumu olub

Kiyev, 13 dekabr, AZƏRTAC

Dekabrın 13-ü səhər saatlarından başlayaraq Ukraynanın bütün bölgələri kütləvi raket hücumuna məruz qalıb.

AZƏRTAC-ın xüsusi müxbirinin verdiyi məlumata görə, səhər saatlarında paytaxt Kiyevdə partlayış səsləri eşidilib, hava hücumundan müdafiə sistemləri işə düşüb.

Ukrayna Prezidenti Volodimir Zelenski özünün teleqram səhifəsində məlumat verib ki, ilkin məlumatlara görə, Ukraynaya 93 raket atılıb. Ukrayna hava hücumundan müdafiə sistemi 81 raketi zərərsizləşdirə bilib ki, onlardan 11-i qanadlı raket olub, F-16-lar tərəfindən vurulub. Həmçinin 200-ə yaxın kamikadze dronla Ukrayna ərazisinə hücum edilib.

“Kütləvi hava hücumunda əsas hədəf Ukraynanın enerji sektoru olub”, - deyə Zelenski əlavə edib.

Ukraynanın energetika naziri German Qaluşenko isə bildirib ki, enerji sektoruna kütləvi hava hücumu zamanı enerji infrastrukturuna ziyan dəyib. Onun sözlərinə görə, energetiklər enerji sistemi üçün mənfi nəticələri minimuma endirmək üçün bütün lazımi tədbirləri görürlər.

Qeyd edək ki, hava hücumu nəticəsində Odessa, Lvov, Xarkov, Ternopil, İvano-Frankovsk və digər şəhərlərdə partlayışlar baş verib. Bütün bölgələrdə enerji verilişlərində böyük fasilələr yaranıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Seçilən
10
34
azertag.az

10Mənbələr