AZ

Məşhur iş adamının oğlu “ağac kəsmə” ittihamı ilə tutulub – TƏFƏRRÜAT

“AQA Şirkətlər Qrupu”nun təsisçisi, tanınmış iş adamı Aydın Dəmirçinin oğlu Qafar Dəmirçi ağac kəsməyə görə tutulub. Qafar Dəmirçi Şəkinin meşəlik ərazilərində ağacları qanunsuz kəsməkdə ittiham olunur. Qafar Dəmirçi və şirkətin bir neçə əməkdaşına qarşı Cinayət Məcəlləsinin 259.3-cü (ağacları kəsmə-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli və külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb və barələrində 3 aylıq həbs qətimkan tədbiri seçilib. “Qafqazinfo”nun məlumatında qeyd olunur ki, sosial şəbəkələrdə Şəkidə 800 hektara yaxın ərazidə ağacları kürətdirilməsi iddia olunur. Bildirilir ki, 2021-ci ildə Dəmirçiyə məxsus “Monte Ferro” şirkəti Şəkidə geniş bir ərazini zəbt edərək özəlləşdirib.

Məsələyə Şəki Şəhər İcra Hakimiyyəti də münasibət bildirib. Bununla bağlı paylaşımlara şərhlərdə reaksiya verən rəsmi qurumdan bildirilib ki, “Monte Ferro” MMC 2018-2019-cu illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə torpaq icarə müqaviləsi bağlayaraq fındıq bağı salınması məqsədilə Şəki rayonunun Göynük meşəbəyliyi ərazisindən (Layısqı yolunun kənarında) 800 hektara yaxın torpaq sahəsini icarəyə götürüb. Bu səbəbdən aqrotexniki tədbirlər həyata keçirilib və orada fındıq bağı salmağa başlanılıb. Qeyd edilib ki, 2024-cü ilin payız mövsümündə həmin sahədə fındıq bağlarının salınması işləri davam etdirilir.
Qafar Dəmirçinin ağac kəsmək ittihamı ilə həbsi Şəki və Qax rayonlarında yaşayanların təəccübünə, təəssüfünə səbəb olub, sosial şəbəkələrdə müzakirələrə yol açıb.

Məsələn, instaqram şəbəkəsində istifadəçilərdən Adnan Huseyn Qafar Dəmirçinin tutulmasına belə reaksiya verib:
“Vətənim üçün nə etsəm də, Qafarın Azərbaycan üçün etdiklərinin yanında çox kiçik görünür. O, illərdir ölkəmiz üçün yorulmadan çalışıb, milyonlarla ağac əkib, yararsız torpaqları yaşıllığa çevirib, kənd yerlərində minlərlə ailəyə iş yeri təmin edib. Təhsilə verdiyi dəstək, xüsusilə də “Dəmir Təqaüd” proqramı ilə hər il gənc xanımlarımız üçün təhsil almaq şansı yaratması onun nə qədər fədakar və ölkəsinə bağlı biri olduğunu göstərir. Onlarla sahibkara tam təmənnasız dəstək olması, müharibə dövründə etdiyi xeyirxah işlər isə sadalamaqla bitməz. Qafar həmişə ölkəmizin və dövlətmizin mənafeyini hər şeydən üstün tutub”.

Belə şərhlər sosial şəbəkələrdə 1 deyil, 2 deyil.

2021-ci ilin aprelində “Yeni Müsavat”ın Reportyor Qrupu Şəki və Qax rayonlarında olaraq “ağac kəsmə” iddialarını araşdırmışdı. O zaman da “Monte Ferro”nun Şəkidə ağac kəsməsi haqda iddialar vardı. Hazırladığımız reportaj

Musavat.com saytında “Monte Ferro” dünyanın diqqətini Azərbaycana yönəldəcək layihəni genişləndirir” sərlöhvəsi altında dərc olunmuşdu.

https://www.musavat.com/news/monte-ferro-dunyanin-diqqetini-azerbaycana-yoneldecek-layiheni-genislendirir_793889.html

Üstündən 3 ildən bir qədər də vaxt ötüb, amma belə görünür ki, “ağac kəsmə” iddiaları bitməyib.

Reportajın aktuallığını nəzərə alıb nöqtə, vergülünə toxunmadan təqdim edirik.

-Tərəzinin bir gözündə daş-kəsək, kol-kos, digərində isə sıra ilə əkilmiş, damcı-suvarma üsulu ilə suvarılan intensiv fındıq kolları və günümüzdə ən vacib məsələ olan iş yerləri, ümiddir. Mane olan amillər həddindən artıq çoxdur: aqressiv, altı da, üstü də daş-qəmbər dolu torpaq, tülkü, çaqqal, ilanlar və bir-birindən absurd görünən “mütəxəssis” fikirləridir. Tülkülər, çaqqallar suvarma borularını çeynəyib sıradan çıxarır, ilanlar da qorxu, vahimə mənbəyidir. Görülən işlərə qiymət verməyi bacaranlar alqışlayır, ömürlərində 1 ağac əkib ərsəyə gətirməyənlər isə vay-şüvən qoparıb gözəl təşəbbüsə ağız büzürlər.
Halbuki, bu yerləri televiziya ekranlarından seyr etsəydilər, Dubay səhrasının ortasında bir yəhudi mütəxəssisin ağac yetişdirilməsi təcrübəsindən danışmasına “bizimkilər bacarmır də, bu yəhudilər görürsən də neyləyir” şəklində reaksiya verərdilər.

Rəhbərindən tutmuş işçisinə qədər özümüzünkülər olan “Monte Ferro” şirkəti Şəki və Qax ərazisində ağır bir yükün altına çiyin verib. Şəkinin Bideyiz, İnçə, Cunud, Biləcik, eləcə də Qaxın Qaşqaçay, Güllük, Almalı, Cəlayir, Zəyəm kəndləri yaxınlığındakı əkinə yararsız bələdiyyə və meşə fondu torpaqlarına bu gün yeni bir can, nəfəs verilib. Daş-kəsəklə zəngin olan, suyu o qədər də bol olmayan bu yerlərdə 2 min 500 hektar intensiv fındıq bağları salıb. Ümumilikdə şirkət bu ərazilərdə bağların 5 min hektara çatdırılmasını hədəfləyib. Bideyzdəki intensiv bağda ötən il əkilmiş ağaclar inkişafdadır. Fındıq kolları cərgələrinin arasında çay daşları topalanıb. Fəhlələr ağacların arasında beli yerə vurub kolların ətrafındakı ot-alafı təmizlədikcə, dəmirin daşa çırpılması daha çox diqqət çəkir. İnanılmaz dərəcədə çox, irili-xırdalı daş-kəsəklə zəngin bu torpaqlarda ağacların necə əkilməsi də maraq doğurur. Soruşuram, fəhlələrdən biri deyir ki, texnika olmasa, bu yerlərdə bağ salmaq müşkül olar.

“Ha indi bax, bu yeri görürsən, traktor işləməsə, fındıq kolu əkiləcək yeri qazıb daş-kəsəyi bir kənara tökməsə, bizim işimiz çətin olar, heç alınmaz. Həngamə traktor tinglərin yuvasını qazandan sonra başlayır. Torpağı ələkdən keçirib həmin o fındıq tinglərinin əkələcəyi yuvaya tökürük. Belə yerdə fındıq kollarının yetişdiriləcəyinə kimsə inanmırdı. Buralar çox bərbad vəziyyətdə idi” – Bideyiz sakini Orxan Məmmədov belə deyir.

Şəfiqə Səmədovanın övladı universitetdə oxuyur. Qonşu Baş Küngüt kəndindəndir: “Bu gün iş yeri qapımıza gəlib. İşləyirik, ayı 400-450 manat pul qazanırıq. Şükür Allaha, kommunal xərclərimizi də görür, Bakıda Universitetdə oxuyan uşağa da pul göndəririk. Pandemiya dövründə hər yerdə iş dayandı, biz isə işlədik. Allah bu işi təşkil edənlərin balasını saxlasın. Fındıq kolları məhsul verməyə başlayanda, bizim gəlirlərimiz də artacaq. Fındıq yığımı, kolların budanması işləri də olacaq”.

Ramin Bayramov Baş Küngütdəndir. 3 il əvvəl Bideyizdə iş başlayanda bu yerlərin nə vaxtsa abad olacağına inanmadığını deyir: “Hara baxırdın çaylaq daşları, şeytan kol-kosları basmışdı. Sahibsiz itlər, qaçaq heyvanat bura yığışırdı. Yuxu kimidir, bu gün biz burada işləyirik, gündəmuzd pulumuzu alıb ailəmizi saxlayırıq. Şəxsi təsərrüfatımız da var, günü 15 manat da burdan alırıq, dolanırıq. Yazırlar ki, guya burada ağaclar olub, guya ağacları kəsiblər, fındıq bağı salıblar. Bax o ağacı görürsən sahənin ortasında, ağacları kəsən o bir ağacı saxlayardı? Bu adamların işi-gücü aranı qatmaq, bizlərin əsəblərini tarıma çəkməkdən ibarətdi. Burada ilin 6-7 ayında günəmuzd 500-600 nəfər işləyib ailəsini saxlayır. 1 ağac kəsilibsə belə, əvəzində 10 minlərlə ağac əkilib axı. Bunu görmürlər. Qulağı ağır eşidənə nəsə eşitdirmək çətindir. Görməyənə də nəyisə göstərmək olmur. Bu adamlar fındıq bağına çatanda kar və kor olurlar. Nə desən eşitmir, görmürlər. Bəlkə də, Ekologiya Nazirliyinin mütəxəssisləri bura 30 dəfə gəlib. Bütün kənd, ətraf kəndlər bilir ki, buralarda ağac olmayıb. Kimsə, haradasa bir ağac kəsirsə, fotosunu çəkib yollayırlar nazirliyə ki, bəs Bideyzdə ağacı kəsdilər”.

Bideyzdə olarkən Ekologiya Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov və digər qurumların əməkdaşları da fındıq bağlarında idi. Onlar yerindəcə araşdırma aparır, görülən işlərlə tanış olurdular.

“Monte Ferro”nun şirkətini qurucusu Aydın Dəmirçi Şəki və Qax rayonları ərazisində görülən işlərlə bağlı məlumat verərək dedi ki, Bideyizdəki sahədə 150 min topa ting əkilib: “Hər birində də 5-6 ağac var, böyütmüşük. Ümumilkdə sahədə 750 min ting var. Suvarma borularının ümumi uzunluğu təqribən 875 kilometrdir. Buradan Bakıya və geriyə xətt çəkmək olardı. Hələ bu sırf damcı-suvarma borularıdır, ana xətləri nəzərdə tutmuram. Ana xətlərin uzunluğu 100 kilometrə yaxındır. Sahədə 450 min min damladıcı var. Bu hər il 50-60 faiz suya qənaət deməkdir. Tülkülər, çaqqallar bura çox gəlir. Boruları gəmirib su içirlər. İlanlar da var. Bundan bizim burada işləyən xanımlarımız əziyyət çəkir. Soyuqda, iliyə işləyən soyuqlarda, yayda qızmar günəsin altında onlar zəhmət çəkir, bu tinglərin böyüməsi üçün əllərindən gələni edirlər. Bu insanlar zəhmətkeş, işlərini sevən və bu işə dəyər verən, bu işin qədrini bilən insanlardır, onların zəhmətkeşliyi olmasa, min “Monte Ferro” şirkəti də olsa, burada nəsə yetişdirmək mümkün olmaz”.

“Monte Ferro”nun fındıq bağlarında intensiv suvarılma sistemi qurmaqla dünyada bir ilkə imza atıb. Bu günə qədər dünyanın bir çox ərazilərində müxtəlif meyvə ağaclarından ibarət bağlar salınıb. Lakin dünyada bu günə qədər miqyasına görə damcı suvarma sistemi ilə suvarılan ikinci bir sahə yoxdur.

Şəki və Qax rayonları bineyi-qədimdən fındıq bağları ilə məşhurdur. Bu bağlar münbit, əkinə yararlı torpaqlardadır. “Monte Ferro”nun saldığı intensiv fındıq bağları isə qeyd etdiyimiz kimi əkinə yararsız, bu səbəbdən də heç bir zaman işlənməyən torpaqlarda, daş-kəsəyin içində, susuz ərazilərdə salıb. Bir tərəfdən iş yerləri yaradılıb, üstəlik 2500 hektar ərazini əhatə edən fındıq bağları - yaşıl dəhlizlər artıq ekologiyaya töhvə verməkdədir. Beynəlxalq Qoz və Quru Meyvə Şurasının məlumatına görə, Azərbaycan dünyada fındıq istehsal edən ölkələrin ilk 5-liyinə daxildir. 2018-ci ildə qlobal fındıq istehsalının 4 faizi ölkəmizin payına düşürdü. Hazırda Azərbaycanda fındıq bağlarının ümumi sahəsi 100 min hektara yaxındır. Yaxın 2 il ərzində Azərbaycan fındıq istehsalına görə dünyada Türkiyədən sonra 2-ci ölkə olacaq.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Seçilən
18
musavat.com

1Mənbələr