AZ

Ehtiyata keçirilən şəxslərin hərbi qeydiyyat qaydası dəyişir

Yaş həddinin 35 yaşdan 30 yaşa endirilməsi ilə əlaqədar ehtiyata keçirilən şəxslərin hərbi qeydiyyat qaydası dəyişir.

FED.az xəbər verir ki, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, ehtiyata keçirilən şəxslər vaxtaşırı rayon (şəhər) hərbi komissarlıqlarında belə məqsədlər üçün yaradılan tibbi müayinə komissiyalarında tibbi müayinəyə cəlb edilirlər. Bu halda hərbi və ya alternativ xidmət keçmədən xəstəliyinə görə ehtiyata keçirilmiş hərbi vəzifəlilər 35 yaşına çatanadək hərbi xidmət keçməyə yararlı sayıldıqda çağırışçıların uçotuna qaytarılır (Azərbaycan Respublikasının müvafiq qanunları ilə nəzərdə tutulmuş hallar istisna olmaqla) və onlar ümumi qayda üzrə müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Layihəyə əsasən, bu halda hərbi və ya alternativ xidmət keçmədən xəstəliyinə görə ehtiyata keçirilmiş hərbi vəzifəlilər 30 yaşına çatanadək hərbi xidmət keçməyə yararlı sayıldıqda çağırışçıların hərbi qeydiyyatına qaytarılacaq (Azərbaycan Respublikasının müvafiq qanunları ilə nəzərdə tutulmuş hallar istisna olmaqla) və onlar ümumi qayda üzrə müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar. Qeyd edilən vətəndaşların çağırışçıların hərbi qeydiyyatına qaytarılması və müddətli həqiqi hərbi xidmətə çağırılması “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna və digər normativ hüquqi aktlara (hərbi uçotun və qeydiyyatın aparılmasını tənzimləyən) uyğun olaraq tənzimlənəcək (Apa).

Seçilən
9
9
fed.az

10Mənbələr