Britaniya Müdafiə Nazirliyinin proqnozlarına əsasən, Suriyada Bəşər Əsəd rejiminin süqutundan sonra Rusiya öz hərbi bazalarını qoruyub saxlamağa çalışacaq.
Yenicag.az xəbər verir ki, bu barədə məlumat nazirliyin X (Twitter) hesabında yayımlanmış icmalda yer alıb.
İcmalda qeyd olunur ki, Rusiya Əsədin devrilməsini həm regional maraqları, həm də “təhlükəsizlik təminatçısı” kimi beynəlxalq imicinə zərbə olaraq görür. Lakin Ukraynadakı müharibəyə üstünlük verilməsi Rusiyanın Əsəd rejimini dəstəkləmə qabiliyyətini zəiflədib.
Bildirilir ki, Rusiyanın Suriyadakı əsas strateji məqsədi Tartusdakı hərbi-dəniz bazası və Xmeymimdəki hava bazası üzərində nəzarəti saxlamaqdır. Bu bazalar Rusiyaya Yaxın Şərq, Aralıq dənizi və Afrika regionlarında strateji üstünlüklər verir, həmçinin hərbi gücünü geniş ərazilərə proyeksiya etməyə imkan yaradır.
Britaniya kəşfiyyatı əlavə edir ki, Əsəd rejiminin süqutu bu bazaların təhlükəsizliyini ciddi təhlükə altına qoyub. Qısa müddətdə Rusiya etibarlı tərəfdaş imicini bərpa etmək və bazalarının qorunması üçün müvafiq tərəflərlə diplomatik əlaqələri genişləndirmək niyyətindədir.
NATO-nun baş katibi Mark Rutte daha əvvəl bildirmişdi ki, Rusiya və İran Əsədin cinayətlərinə şərikdir və onun devrilməsi bu ölkələrin “etibarsız tərəfdaşlar” olduğunu sübut edib. Eyni zamanda, Avropada səslənən fikirlərə görə, Əsəd rejiminin süqutu Vladimir Putinin hakimiyyətinin də bir gün gözlənilmədən sona çatacağını göstərə bilər.