AZ

Qlobal istiləşmə və onun təsirlərinin azaldılması

Kömür, neft və qaz kimi qlobal iqlim dəyişmələrinə səbəb olan qalıq yanacaqlar dünyada istixana qazı emissiyalarının 75 faizindən çoxunu, karbon qazı tullantısının isə təxminən 90 faizini təşkil edir. 

Bu isə nəinki insanların, Yer kürəsindəki bütün canlıların həyatı üçün risk və təhlükələr yaradır. Mövcud şəraitdə istixana qazlarının qlobal istiləşmənin başlıca səbəbi olduğu iddia edilir. Araşdırmalara görə, istixana qazlarının saxladığı istilik enerjisi ilə atmosferin qızması nəticəsində yaranan istixana effekti Yerin temperaturunu tənzimləyir. Günəş iqlim sisteminin əsas istilik mənbəyi hesab olunur. 

Son dövrlərdə Günəşin Yer planetinə daha çox enerji ötürdüyü müşahidə edilir və bu atmosferə də təsirsiz ötüşmür. Xüsusən son 30-40 ildə müşahidə olunan qlobal istiləşmə onilliklər ərzində atmosferdə toplanan su buxarı, karbon qazı, metan, azot oksidi kimi Günəş işığı ilə qızdırılan, Yer səthindən infraqırmızı istilik şüalarını udan qazlar tərəfindən əmələ gəlir. Başqa sözlə, Günəşdən gələn şüaların bir hissəsi ozon təbəqəsi və atmosferdəki qazlar tərəfindən sovrulur. 

Bir qismi litosferdən, bir qismi isə buludlardan geriyə əks olunur. Yer üzünə çatan şüalar geriyə dönərkən atmosferdəki su buxarı və digər qazlar tərəfindən tutulur. Bu hadisə Günəş şüaları ilə istilənən, amma daxildəki istiliyi çölə buraxmayan istixanaları xatırladır. Nəticədə atmosfer istiləşir ki, bu da istixana effekti adlanır. 

Bəs görəsən, qlobal istiləşmənin təsirlərinin azaldılması üçün hansı addımlar atılmalıdır? Ölkəmizdə bu istiqamətdə nə kimi tədbirlər görülür? Mövzu ilə bağlı Yenisabah.az-a danışan “Sağlam həyata doğru” Ekoloji İctimai Birliyinin sədri, Radiasiya Problemləri İnstitutunun əməkdaşı, kimya elmləri üzrə fəlsəfə doktoru Sadiq Həsənov bildirib ki, qlobal istiləşmənin təsirlərinin yumşaldılması üçün “yaşıl enerji”dən istifadənin artırılması olduqca vacibdir:

“Artıq qlobal temperatur 1.5 dərəcəyə qədər artıb. Bunun da əsas səbəbi neft, qaz, daş kömür kimi karbohidrogen yanacaqlardan həddən artıq istifadə edilməsi nəticəsində atmosferdə əlavə qazların yaranmasıdır. Məsələn, karbon-dioksit, metan qazlarının, azot oksidlərinin və freon qazlarının həcmi artıb. 

Texnologiyanın 1950-ci illərdən sonra sürətli inkişafı, nəqliyyat vasitələrinin sayının artması və yanacaqlardan kifayət qədər çox istifadə olunması bu hədd xeyli artıb. Əslində karbon-dioksid zərərli qaz deyil, sadəcə onun həcmi müəyyən bir norma daxilində olmalıdır. 

Məsələn, normal halda bu qaz atmosferdə 280-320 ppm olur, lakin hal-hazırda 419 ppm-dir və artım davam edir. Digər tərəfdən, karbon-dioksidin çəkisi də artır. Hazırda 38 milyard tona yaxınlaşıb. 1900-cu illərdə bu 2-3 milyard ton həcmində idi. Bunun çoxluğu, Günəşdən gələn enerjinin torpağa çatmasında, fotosintez proseslərində, bitkilərin inkişafına problem yaradır. Bu ya udulur, ya da geri qaytarılır. 

Sözügedən proses, qarların, buzlaqların əriməsinə səbəb olur. Təbii olaraq, bu da su səviyyəsinin artması, quraqlıq və fəsillərinin yerinin dəyişməsi ilə müşahidə olunur. Qlobal istiləşmənin təsirlərini yumşaltmaq üçün dünyada bir neçə tədbirlər həyata keçirilir. Burada əsas tədbirlərdən biri karbohidrogen yanacaqlardan, neft-qazdan istifadənin azaldılması, nəqliyyatda elektrik mühərrikli avtomobillərə keçidin təşkilidir. Energetika sektorunda “yaşıl enerji”yə keçmək lazımdır. 

Ümumi istehsal olunan elektrik enerjisinin həcmində günəş, külək və sudan əldə olunan enerjinin payının artırılması əsas məsələdir. Bir çox dünya ölkələri artıq buna keçib. Azərbaycanda da bu proses çox sürətlə davam edir. Qobustanda 230 meqavat gücündə günəş elektrik stansiyası tikilir. Neftçalada və Biləsuvarda da bənzər stansiyaların tikilməsi planlaşdırılır. Xızı və Abşeronda isə külək və günəş enerjisi stansiyaları ilə bağlı layihə var. Elektrik enerjisini “yaşıl enerji”dən almaq Azərbaycan və bütün dünya ölkələri üçün əsas prioritetdir”. 

Sadiq Həsənov qeyd edib ki, ölkəmizin hədəfi yaxın gələcəkdə elektrik enerjisinin əldə edilməsində “yaşıl enerji”nin ümumi payını 30 faizə çatdırmaqdır:

“İkinci olaraq, yaşıllaşdırmanı artırmaq lazımdır. Fotosintez prosesi nəticəsində karbon-dioksid oksigenə çevrilir və bu da karbon-dioksidin udulmasının əsas mənbələrindən biridir. Bu səbəbdən yaşıllıqların artırılması çox önəmlidir. Digər tərəfdən, sənayedə yanacaqlardan daha qənaətcil istifadəyə keçilməlidir. 

Bunun üçün müəyyən proqramlar hazırlanıb. Hətta son dövrlərdə atom elektrik stansiyalarının inkişafında xeyli irəliləyiş var. 2030-cu ilə qədər bu tip stansiyaların sayının artırılması planlaşdırılıb. Çünki atom elektrik stansiyası “yaşıl enerji” kateqoriyasına aiddir. Bu stansiyalarda urandan istifadə edildiyinə görə, burada oksigendən istifadə olunmur və qapalı şəraitdə elektrik enerjisinin alınması prosesi baş verir. 

Düzdü, Azərbaycan atom elektrik stansiyalarının inşasını planlaşdırmır, ancaq digər ölkələrdə bundan istifadə edilir. Əgər bütün bunlar həyata keçirilsə, yaxın gələcəkdə stabilləşmə baş verəcək və tədricən atmosferdəki qazların həcmi azala bilər. Məsələn, Azərbaycan planlaşdırıb ki, 2030-cu ilədək iqlim dəyişikliklərindən təsiri yumşaltmaq üçün elektrik enerjisinin əldə edilməsində “yaşıl enerji”nin payını 30 faizə çatdırsın. Eyni zamanda elektrik mühərrikli maşınların istifadəsinin artırılması da geniş şəkildə təşviq edilir”.

Nazim Hacıyev

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti üzrə hazırlanmışdır.  


Telegram kanalımız
Seçilən
19
yenisabah.az

1Mənbələr