Yaxın zamanlarda Azərbaycanda 3-cü vençur fondu yaradılacaq.
"APA-Economics" xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin keçirdiyi ilin yekunlarına və innovasiya sahəsində fəallığı ilə seçilən oyuçuların mükafatlandırılmasına həsr olunmuş "digital.azerbaijan: Nailiyyətlər və IDDA Awards 2024" mərasimdə Agentliyin İnvestisiyalar və ekosistemə dəstək şöbəsinin müdiri Ağahüseyn Əhmədov deyib.
"Bu ilin oktyabr ayında InMerge Innovation Summit tədbiri çərçivəsində bir neçə partnyorlarla birlikdə InMerge Ventures-ın yaranmasını ictimaiyyətə elan etdik. Lakin biz bununla məhdudlaşmaq niyyətində deyilik. İki fond kifayət deyil, bundan artıq fondlar da lazımdır. Bu istiqamətdə White Hill Capital şirkəti ilə əməkdaşlığa başlamışıq və yaxın zamanda üçüncü bir fondu elan edəcəyik. Bizim burada hədəfimiz idarə olunan aktivin məbləğini 15 milyon ABŞ dollarına çatdırmaqdır", - deyə o bildirib.