AZ

"Tikinti materiallarının qiyməti süni şəkildə artırılır" - AÇIQLAMA

"Ölkədə hal-hazırda inşaat materiallarının qiymətində durğunluqdur, yəni nə azalma, nə də çoxalma var. Əksinə, qış aylarına doğru, qış aylarında və marta qədər adətən bazarda qiymətlər stabil qalır. Amma üzü yaz və yay aylarına doğru qiymətlərdə qalxım olur".

Bu barədə memar Muxtar Ərturan Redaktor.az-a açıqlamasında bildirdi. O, tikinti materiallarının qiymətlərindəki dəyişikliklərin səbəbini açıqladı:

"Bu aylarda qiymətlərin qalxma səbəbi təmirin və tikintinin aktiv dövrü başlayır. Həm də materialların quruma müddətləri daha tez olur, havada rütubətin səviyyəsi aşağı düşür. Qışda tikintilərin zəifləməsinin səbəbi odur ki, soyuq aylarda insanlar küləyə, yağışa görə açıq havada beton konstruksiya, tikinti, hörgü işlərində işləyə bilmirlər. Həmçinin təmir zamanı astar üzlük qatlarının quruma məsələləri, müəyyən bir beton işləri var. Bunların suvağı, qurumasına görə insanlar gözləməli olurlar. Gözləmək də uzun müddət çəkdiyinə görə qış aylarında ümumiyyətlə təmir etmirlər. Yay aylarında təmir prosesi 3 aya, 3 ay yarıma qurtaracaqsa, payızdan mart-aprel aylarına qədər həmin təmir prosesi 5 ay yarım, hətta 6 ay da çəkə bilir".

Muxtar

Mütəxəssisin sözlərinə görə, bu aylar ərzində betonun və taxtanın qiymətində müəyyən qalxmalar və enmələr müşahidə olundu:

"Bu materialların qiyməti 15 faiz qalxdı, 10 faiz endi. Dəmir, armatur qiymətlərində də hərdən qalxmalar müşahidə olunur. Bunların da hamısı süni qiymət qaldırılmasıdır. Əfsuslar olsun ki, buna nəzarət mexanizmini həyata keçirən heç bir dövlət qurumu yoxdur ki, qiymətlər stabil saxlanılsın. Ona görə də  müəyyən topdansatış mərkəzləri bundan istifadə edərək öz aralarında razılaşdırılmış şəkildə qiymətlərdə süni qalxım edirlər".

M.Ərturan qeyd etdi ki, betonun qiymətinə təsir edən amillər qum, atsep və çınqıl materialının baha gətirilməsidir:

"Sonuncu dəfə yollarda nəzarət mexanizmini gücləndiriləndən sonra artıq böyük tonnajlı maşınlar müəyyən norma çərçivəsində qumu, atsepi və şebeni gətirməlidir. Ona görə bunlar müəyyən normativlər əsasında gətiriləndə əvvəlki kimi bir dəfəyə 18-20 ton gətirə bilmirlər, 8-9 ton civarında gətirmək məcburiyyətində qalırlar. Ona görə də atsep, qum və şebenin qiyməti qalxıb. Anaq istənilən halda bu qiymətlər süni şəkildə artırlır".

Sevinc İBRAHİMZADƏ

Seçilən
23
1
redaktor.az

2Mənbələr