Gürcüstanda nümayişlər zamanı toplaşan şəxslərin üzlərini maska və ya digər vasitələrlə örtmələri qadağan edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstan parlamenti müvafiq qərar layihəsini təsdiq edib.
Qadağan olunan əşyalar siyahısına pirotexnika, lazer və hər hansı güclü radiasiya yayan vasitələr də əlavə edilib. Bu vasitələrdən istifadə edən nümayiş iştirakçıları 2000 lari məbləğində cərimələnəcək.
"Gürcüstan Xəyalı" tərəfindən irəli sürülən qanunvericilik dəyişikliyi paketi yekdilliklə, üçüncü oxunuşda 83 səs ilə təsdiqlənib.
Nümayişlərdə iştirak edən və üzünü örtmək hüququ olan şəxslərin siyahısı Daxili İşlər Nazirliyi tərəfindən müəyyən ediləcək. Həmçinin, Daxili İşlər Nazirliyi bu şəxslərə müvafiq icazə verilməsi üçün qaydaları və şərtləri müəyyən edəcək.
Eləcə də Gürcüstanda pirotexnika məhsullarının idxalı, ixracı, istehsalı və satışı xüsusi icazə/lisenziya əsasında həyata keçiriləcək.