Avropa Komissiyası Suriyaya təcili tibbi yardım və digər həyati əhəmiyyətli malların çatdırılması üçün yeni Humanitar Hava Körpüsü Əməliyyatını elan edib.
Yenicag.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb.
Avropa Komissiyasının sədri Ursula fon der Leyen bəyan edib ki, Əsəd rejiminin süqutu Suriyalılar üçün yeni ümidlər doğurur, lakin bu proses risklər və çətinliklər də gətirir. Bu səbəbdən Aİ 2024-cü il üçün humanitar yardımı 160 milyon avrodan çox artırıb.
Fon der Leyen Humanitar Hava Körpüsü əməliyyatına dair açıqlamasında ərzaq, dərman və sığınacaq kimi əsas yardımların Suriyaya çatdırılacağını bildirib. O, həmçinin çərşənbə axşamı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə Suriyaya humanitar yardım məsələlərinin müzakirəsinə davam edəcəyini vurğulayıb.
Bu əməliyyat çərçivəsində Aİ-nin Dubaydakı anbarlarından 50 ton tibbi ləvazimat yaxın günlərdə Türkiyənin Adana şəhərinə gətiriləcək və oradan Suriyaya paylanacaq. Bundan əlavə, Danimarkadakı Aİ anbarından daha 46 ton tibbi, təhsil və yaşayış ləvazimatları Adanaya daşınaraq UNICEF və Ümumdünya Səhiyyə Təşkilatına təhvil veriləcək.
Aİ əlavə olaraq suriyalıların ən aktual ehtiyaclarını qarşılamaq üçün əlavə dörd milyon avro da ayırıb. Bununla 2024-cü il üçün ümumi humanitar yardımın həcmi 163 milyon avroya çatacaq.
Dekabrın 19-da keçiriləcək Aİ liderlərinin sammitində Əsəd rejiminin devrilməsindən sonra Suriyada yaranmış vəziyyətin əsas müzakirə mövzusu olacağı gözlənilir. Media məlumatlarına görə, Ağ Ev artıq Əsəd rejimini devirmiş üsyançılarla ilkin təmaslar qurub və onları inklüziv keçid hökuməti təşkil etməyə çağırıb.
Dekabrın 11-də isə Almaniya İsrail və Türkiyəni Suriyada yeni hökumətin qurulmasına maneə törətməməyə çağırıb.