Ukrayna yaxın zamanda Donetsk vilayətində yerləşən Pokrovsk və Kuraxovo şəhərlərini Rusiya qoşunlarının hücumu nəticəsində itirə bilər. Bu barədə Bild qəzetinin redaktoru Kristofer Bul yazıb.
Ukrayna hərbi müşahidəçilərinin məlumatına görə, Kuraxovonun cənubunda Ukrayna Silahlı Qüvvələrinin qruplaşması mühasirə təhlükəsi ilə üz-üzədir. Kiyevdəki Baş Qərargah bu ərazidə şiddətli döyüşlərin davam etdiyini bildirir, lakin döyüşlərin gedişi ilə bağlı daha ətraflı məlumat verilmir.
Pokrovskda (Kuraxovonun 45 km şimalında) vəziyyət daha dramatikdir.
Ukrayna hərbçiləri yaxınlarda şəhər ətrafında bir neçə mövqeyi itirdiklərini bildiriblər.
Pro-Rusiya bloqçusu Yuri Podolyakanın məlumatına görə, Rusiya qoşunları artıq şəhərdən 1,5 km məsafədə yerləşir və şəhərin içində rus diversiya-kəşfiyyat qrupları fəaliyyət göstərir.
Pokrovskun (Ukrayna Silahlı Qüvvələrinin əsas logistik mərkəzlərindən biri) itirilməsi son aylarda Kiyev üçün ən ciddi məğlubiyyətlərdən biri ola bilər. Şəhərin ələ keçirilməsi Rusiya qoşunlarına düşmən təchizat xətlərini pozmağa və hücumu davam etdirməyə imkan yaradacaq.
N.Təbrizli
www.anews.az