Gənc şair Xudakərim Fərzəlizadənin yeni şeirləri
"QHT.AZ" xəbər saytı gənc şair Xudakərim Fərzəlizadənin yeni şeirlərini təqdim edir.
Xudakərim Fərzəlizadə şair Xudakərim Məftunun nəvəsi, şair Arif Fərzəlinin oğludur. 1989-cu ildə Masallı rayonunun Xırmandalı kəndində anadan olub.
Lənkəran Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsini bitirib. Masallı şəhər 3 saylı tam orta məktəbdə müəllim işləyir...
ELƏ YAŞAYIM Kİ
Tanrım,sənə yol hardandı?
Göstər, ayağına gəlim.
Gün umuram, ünüm çatmır,
İzin ver, yaxına gəlim.
Güzgüdə bir insan gördüm,
Halını pərişan gördüm...
Bir uzun nərdivan gördüm,
Qalxıb dərgahına gəlim.
Qəlbmi qırdım, yolmu çaşdım?
Bir ömür fənaya qoşdum.
İllər keçir, əlim boşdur,
Üz yox, sınağına gəlim.
Niyə belə naşıyam ki,
Hələ çaylaq daşıyam ki!
Güc qat, elə yaşayım ki,
Yaşamaq haqqına gəlim.
Qurtar məni "daş"lığımdan,
Heçliyimdən, boşluğumdan.
Qurtulub can qışlağından,
Ruhlar yaylağına gəlim...
ÖZÜNÜ ÖZÜNDƏN QORU
Səninlə pələngin, qurdun nə işi,
Özünü özündən qoru, ey insan!
Mərəzin nə işi, dərdin nə işi,
Özünü özündən qoru, ey insan!
Müqəddəs ruh kimi, şirin can kimi,
Ruhda bir vəcd kimi, canda qan kimi,
Çırağı küləkdən qoruyan kimi,
Özünü özündən qoru, ey insan?
Bir az çox qazanmaq nəfsindən qoru,
Bir az silahlanmaq hissindən qoru...
Ey insan, özünü özündən qoru,
Özünü özündən qoru, ey insan!..
DÜNYA KİMİ
Dağ başına gün endisə,
Əridikcə qarı ağlar.
Mizrab dərdli əlindəsə,
Nalə çəkib tarı ağlar.
Odun yaya bənzəri çox,
Hər bir alov dilimi ox...
Atası yox, anası yox,
Közü sızlar, qoru ağlar.
Şövqü, dəmi qələmimdə,
Dərdi-qəmi qələmimdə.
Dünya kimi qələmim də
Yarı gülər, yarı ağlar...