AZ

Azərbaycan əmək bazarında qeyri-bərabərlik - Dünya Bankının statistikası nə deyir?

Dünya Bankının Azərbaycana Çevik Texniki Yardım Aləti (AZTAF) çərçivəsində hazırladığı "Azərbaycanda qadınların məşğulluğu qarşısındakı maneələrin aradan qaldırılması" adlı hesabatda bildirilir ki, əmək bazarında ciddi qeyri-bərabərlik mövcuddur. 

Sənədə əsasən, qadınların 62%-i, kişilərin isə 75 %-i işçi qüvvəsi kimi çıxış edir, qadınların 58%-i, kişilərin isə 71%-i məşğul əhali hesab edilir.

"Ən kəskin gender fərqi müəyyən sektor və peşələr üzrə müşahidə edilir: qadınlar qeyri-mütənasib olaraq daha az maaş alan sektorlarda və peşələrdə cəmləşiblər. Məsələn, qadınlar təhsil, səhiyyə, sosial iş və digər xidmət sahələrində çalışanların böyük hissəsini təşkil edir ki, bu da bir çox hallarda nisbətən aşağı əməkhaqqı ilə nəticələnir", deyə hesabatda qeyd olunub.

Bəs Azərbaycanda əmək bazarında bu cür qeyri-bərabərliyin səbəbi nədir?

Mövzu ilə bağlı Qaynarinfo-ya danışan "Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası"nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov bildirib ki, hər il dünya bankının bütün ölkələr üzrə hesabatında bu göstəricilər göstərilir:
 


"Çünki dünyada qadınlar daha az maaşlı iş yerlərində, kişilər isə daha ağır, riskli sahələrdə işləyirlər. Ona görə də daha çox pul alırlar. Bu bütün dünyada olduğu kimi bizdə də belədir". 

Sahib Məmmədov bildirib ki, bu qeyri-ciddi bərabərliyin də müxtəlif səbəbləri var:

"Səbəblərdən biri qadınlara qadağan olunan iş yerləri ilə bağlı idi. Belə ki, Dünya Bankı, BMT-nin İqtisadi, sosial və mədəni hüquqlar üzrə Komitəsi, BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin də tələb və tövsiyyələri o idi ki, Azərbaycan Respublikasının qanunvericiliyində qadınlar üçün qadağan olunan iş yerlərinə qoyulan məhdudiyyət götürülməlidir. Əvvəllər Əmək Məcəlləsinin 241-ci maddəsi və Nazirlər Kabinetinin 170 nömrəli qərarı ilə təxminən 650-dən artıq iş yeri var idi ki, qadınlar orda işləyə bilməzdi. Bu qadağaya səbəb kimi həmin iş yerlərinin qadınların reproduktiv sağlamlığına ziyan gətirməsi göstərilirdi. O işlərə ağır fiziki əmək tələb edən, zəhərli qazlarla iş, mədən sənayesi, rəng-boya istehsalı, şaxta işi, neft platformalarında iş və s. daxil idi. Bu yerlərdə qadınlara işləmək qadağan idi. Lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2022-ci ilin noyabrında Əmək Məcəlləsinə bəzi dəyişiklikləri təklif etdi. 2023-cü ilin iyun ayının 1-dən  Nazirlər Kabineti 170 saylı qərarı ləğv etdi, dəyişikliklərlə hamilə olmayan və süd verməyən qadınlar üçün 674 iş üzrə bütün məhdudiyyətləri aradan götürüldü. İndi yalnız 240 iş yeri var ki, orda hamiləlik və uşağa süd verdiyi dövürdə işləyə bilməz. Amma işəgötürən onları əməkhaqqını saxlamaqla başqa işlə təmin etməlidir. İndi isə qadınlar ağır iş sahələrində işlədikcə daha yüksək maaş alacaqlar və maaşlar arasında orta fərq nisbətən aradan qaldırılacaq".

Günay İlqarqızı
Seçilən
26
4
qaynarinfo.az

5Mənbələr