Qədim tariximizin dünya ictimaiyyətinə çatdırılması, xüsusilə də İrəvanın Azərbaycan mədəniyyətinin mühüm mərkəzi olduğunu sübut edən faktların üzə çıxarılması və yayılması əhəmiyyətli vəzifələrdən biridir. Bu istiqamətdə fəaliyyət göstərən "Tarix sahəsində Maarifləndirməyə Dəstək" İctimai Birliyinin sədri Kənan Məmmədovla İrəvanın tarixi və həyata keçirdikləri layihələr barədə söhbət etdik.
QHT.az: İrəvanın qədim tarixində Azərbaycana aid olan əsas izlər hansılardır?
Kənan Məmmədov:İrəvan şəhəri tarix boyu Azərbaycan mədəniyyətinin mühüm mərkəzlərindən biri olmuşdur. Bunu göstərən ən mühüm fakt İrəvanın türk toponimləridir. Şəhərdəki yer adları yerli xalqın mədəni kimliyini və tarixini əks etdirən mühüm elementlərdir. Bu adların içərisində bəy, xan, ağa, qışlaq, kilsə, çay, xanə, kənd və s. kimi komponentlər öz əksini tapmışdır. Həmçinin şəhərdə çoxlu sayda məscidin olması bölgənin müsəlman torpağı olduğunu göstərir. Hətta İrəvan şəhərinin işğalı münasibətilə çar Rusiyası tərəfindən zərb edilən metal pulların üzərində də belə məscid təsvirləri var.
QHT.az: Layihənin nəticələrinin beynəlxalq səviyyədə yayımlanması üçün hansı addımlar atılıtb, atılacaq?
Kənan Məmmədov: Layihə çərçivəsində hazırlanan vebsayt və videokontentlər Azərbaycan dili ilə yanaşı həm də ingilis, rus, fransız və türk dillərinə tərcümə edilib. Xarici ölkələrdə yaşayan azərbaycanlıların dəstəyi ilə və rəqəmsal media vasitəsilə həm vebsaytın həm də hazırlanan digər məhsulların xarici auditoriyaya çatmasını təmin edirik.
QHT.az:Layihənin icrası zamanı hansı çətinliklərlə qarşılaşdınız və onları necə aradan qaldırdınız?
Kənan Məmmədov: Layihənin icrası zamanı bölgələrdə təlimlərin təşkili ilə bağlı çətinliklər oldu. Yerli icra nümayəndələri müvafiq dövlət qurumlarından rəsmi icazə tələb etdilər. Biz də həmin icazələri aldıq və layihənin icrası davam etdirildi.
QHT.az: Bu layihə növbəti mərhələdə hansı istiqamətdə inkişaf etidriləcək?
Kənan Məmmədov:Layihə çərçivəsində 5 dildə hazırlanan videokontentlərimizi sosial mediada yerləşdirdik. Erməni istifadəçiləri tərəfindən rəy bölmələrimizə yazılan çoxlu sayda absurt fikirlər və təhrif edilmiş nümunələr var. Fikrimiz var ki, erməni tarixçiliyinin həqiqətə uyğun olmayan saxta ittihamlarına cavab məzmunlu videokontentlər hazırlayaq.
QHT.az: Layihənin təqdimatının Azərbaycanın tarixi mirası baxımından əhəmiyyətini necə qiymətləndirirsiniz?
Kənan Məmmədov: Biz layihə çərçivəsində həm də dünyanın müxtəlif muzeylərində saxlanan İrəvanla bağlı eksponatları üzə çıxartdıq və vebsaytımızda yerləşdirdik. Bu çərçivədə fəaliyyətlərimiz layihə bitsə belə hələ də davam edir. Hesab edirəm ki, bu kimi fəaliyyətlər Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün mühüm əhəmiyyət kəsb edir.
Pərvanə Fərhadqızı
QHT.az