Son həftələr Almaniyadakı bir sıra sənaye obyektləri və ABŞ-ın bu ölkədəki Ramşteyn aviabazası üzərində naməlum dronlar müşahidə edilib.
Bakupost.az xəbər verir ki, bu barədə “Der Spiegel” jurnalı bildirib.
Nəşr yazır ki, Almaniya təhlükəsizlik orqanlarının məxfi hesabatına görə, dekabrın 3-ü və 4-ü axşamları ABŞ-ın böyük hərbi bazası üzərində çoxlu pilotsuz təyyarələr aşkar edilib. Jurnal bildirir ki, intensiv axtarış səylərinə baxmayaraq, bir dənə də olsun PUA operatoru tapılmayıb.
“Der Spiegel” yazır ki, son həftələr Almaniyanın müdafiə konserni “Rheinmetall” və kimya nəhəngi BASF-ə məxsus obyektlər üzərində də pilotsuz təyyarələr müşahidə edilib, lakin onların mənşəyini müəyyən etmək mümkün olmayıb.
Almaniya Müdafiə Nazirliyinin nümayəndəsi brifinqdə bu məlumatı şərh etməyib.
Avqust ayında “Bild” qəzeti öz mənbələrinə istinadən yazıb ki, dronlar, xüsusən də, atom elektrik stansiyaları, kimya zavodları və Brunsbütteldəki (Şlezviq-Holşteyn) LNG terminalı üzərində müşahidə edilib. Flensburq prokurorluğu Şlezviq-Holşteyndəki kritik infrastruktur üzərində təkrar pilotsuz uçuşlar ilə bağlı ilkin istintaqın başlandığını təsdiqləyib.
Zaur, BakuPost