Xocalı, 13 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Xocalıdan ayaqyalın, başıaçıq, ağlaya-ağlaya çıxmışdıq. Bu gün gülə-gülə, sevinc və qürur hissi ilə qayıdırıq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri bu gün Xocalı rayonunun Ballıca kəndinə köç edən keçmiş məcburi köçkün Şöhlət Ələkbərova söyləyib.
Vətənə qayıtmağın çox gözəl hiss olduğunu bildirən Xocalı sakini deyib: “Vətən ana qucağı kimi əzizdir. Köçkünlük illərində həmişə bir bayatı deyərdim:
Mən aşiq Vətən sarı,
Köynəyi kətan sarı.
O qədər ölməyəydim
Gedəydim Vətənə sarı.
Xoşbəxtəm ki, Allah bu günü mənə nəsib elədi”.