AZ

Uşaqlarımızın ürəklərə toxunan dünyası - Cəsarət Hüseynzadə yazır

Bu gün Sosial Xidmətlər Agentliyinin 1 saylı Uşaq Evində keçirilən infoturda iştirak etdik. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün yaradılmış isti və qayğıkeş mühit, onların potensialını üzə çıxarmaq üçün göstərilən səylər bizi müsbət mənada təsirləndirdi.
 

Buradakı uşaqlar həmyaşıdları ilə birgə inkişaf edir və sosiallaşır. Onların üzlərindəki həyat eşqi və yaradıcılıq qabiliyyəti bu mühitin nə qədər yüksək səviyyədə təşkil edildiyini bir daha sübut edir.
 

Bir neçə aydır ki, bu müəssisələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin balansına verilib. Bu addım, ixtisaslaşma və sosial dəstəyin daha effektiv təşkil olunması baxımından olduqca vacib idi.
 

Müəssisədə hər bir uşağın fərdi bacarığı kəşf edilir və onların maraq və qabiliyyətlərinə uyğun inkişaf etdirilməsi üçün xüsusi proqramlar həyata keçirilir. Uşaqların rəssamlıq, toxuculuq, musiqi, rəqs, idman və digər sahələrdə potensialı üzə çıxarılır və dəstəklənir.
 

Bu yanaşma sayəsində uşaqlar həm özlərinə inam qazanır, həm də gələcəkdə peşəkar fəaliyyətlərini davam etdirmək üçün möhkəm təməl əldə edirlər. Müəssisədə yaradılan bu qayğıkeş mühit, onların yalnız təhsil və bacarıqlarını deyil, eyni zamanda emosional və sosial inkişafını da təmin edir.
 

Azərbaycan dövləti hər bir uşağın gələcəyini təmin etmək üçün sonsuz diqqət və qayğı göstərir. Burada onların təhsil, inkişaf və cəmiyyətə inteqrasiyası üçün görülən işlərin şahidi olduq.
 

Bu gözəl və xoş mühitdə uşaqların üzündəki təbəssüm, onların ürəklərinə toxunan məhəbbət və gələcəyə olan inam hissi bizi çox sevindirdi. 
Gözəl balaların əhatəsində olduğum anlarda hiss etdiyim ən dərin duyğu sevgi və şəfqət idi. Onların saf baxışları və ürəkdən gələn gülüşləri insanın ruhunu isidir və həyata olan bağlılığını bir daha xatırladır. Bu uşaqların hər biri ilə qurulan bağ unudulmaz və dəyərlidir.

 

Qeyd etmək lazımdır ki, həmin müəssisələrdən məzun olan uşaqlar Heydər Əliyev Fondunda, Heydər Əliyev Mərkəzində, ADA Universitetində və digər nüfuzlu qurumlarda çalışır, cəmiyyətə uğurla inteqrasiya edirlər.
 

Bu müəssisənin məzunlarından bəziləri həyat yoldaşı olaraq elə eyni müəssisədə böyümüş digər məzunları seçərək ailə həyatı qurublar. Onların toy mərasimləri Mehriban xanım Əliyevanın birbaşa dəstəyi ilə yüksək səviyyədə təşkil edilib. Bu yeni ailələrə ev, avtomobil və məişət əşyaları kimi qiymətli hədiyyələr təqdim olunub, onların yeni həyata daha rahat və inamla başlamaları üçün hərtərəfli dəstək göstərilib.
 

Bu cür təşəbbüslər, valideyn himayəsindən məhrum olmuş gənclərin yalnız cəmiyyətə inteqrasiyasını deyil, həm də gələcəkdə özlərinə dayanıqlı və xoşbəxt ailə həyatı qurmaq imkanlarını artırır. Bu, Azərbaycanın uşaqlara və gənclərə göstərdiyi qayğının vacib nümunələrindən biridir.

Hər bir uşağın sevgi və diqqətə layiq olduğunu bir daha hiss etdik. Uşaqlarımızın gələcəyinə ümidlə baxırıq! ❤️

 

Cəsarət Hüseynzadə

"İnformasiya və Sosial Təşəbbüslərə Dəstək" İB-nin sədri,

QHT.az saytının rəhbəri

 

Seçilən
8
qht.az

1Mənbələr