İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri Ruslan Atakişiyev QHT.az- a özəl açıqlamasında ortaqlıqlar arasında yaranan konfliktlərin həlli ilə bağlı önəmli məqamlara toxunub. Onun fikrincə, effektiv həll yollarından biri mütəxəssislərin iştirakı ilə məsləhətləşmələrin həyata keçirilməsidir.
Ruslan Atakişiyev vurğulayıb ki, ilkin mərhələdə hər iki tərəfə loyal olan şəxslərin iştirakı ilə müzakirələr aparılmalıdır, bu zaman peşəkar mütəxəssislərin dəvəti böyük əhəmiyyət kəsb edir:
"Təəssüf ki, bəzən konfliktlərin həllində peşəkarlar əvəzinə işi bilməyən şəxslərə, dostlara və ya ağsaqqallara müraciət olunur. Halbuki, məhz biznes sahəsində təcrübəsi olan mütəxəssislərin iştirakı ilə belə məsələlər daha səmərəli həll edilə bilər. Konfliktlərin effektiv həlli yollarından biri də ondan ibarətdir ki, təbii konflikt yarada biləcək istənilən hər bir şeyi ilə bağlı ya razılaşmalar olmalıdır və yaxud da ki, mütəmadi olaraq üç aydan bir və ya ildə bir dəfə ortaqlıq mütəxəssislərin dəvəti ilə onların auditi həyata keçirilməlidir, vəziyyəti qiymətləndirilməlidir ki, yarana biləcək problemlər vaxtında həll olunsun".
Pərvanə Fərhadqızı